Niderlandda HƏMAS-ı maliyyələşdirməkdə ittiham olunan Əbu Rəşidə hökm oxunacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “The Jerusalem Post” məlumat yayıb.
Mayın 27-də Rotterdam məhkəməsi HƏMAS-ın Avropadakı əsas təmsilçilərindən biri hesab edilən 58 yaşlı Amin Əbu Rəşidin işi üzrə qərarını açıqlayacaq.
İstintaqın versiyasına görə, o, 2010-cu ildən 2023-cü ilədək xeyriyyə fondlarından istifadə edərək beynəlxalq sanksiyalardan yan keçməklə terror təşkilatına təxminən 8 milyon avro (təxminən 14 800 000 manat) köçürüb.
Məhkəməyə təqdim olunan sübutlar “Ad Kan” qeyri-hökumət təşkilatının çoxillik gizli əməliyyatı nəticəsində toplanıb.
İstintaqın sərəncamında Əbu Rəşidin “Mənim işim İsraili məhv etməkdir” dediyi gizli çəkilmiş video da var.
Niderland prokurorluğu bildirib ki, HƏMAS-ın maliyyələşdirilməsi üçün Rotterdamda qeydiyyatdan keçmiş “Israa Charitable Foundation Netherlands” fondundan və qadağan olunmuş “Əl-Əqsa” fondu ilə əlaqəli strukturlardan istifadə edilib.
Prokurorluq təqsirləndirilən şəxs üçün 3 il həbs cəzası tələb edib. Buna cavab olaraq, Fələstin tərəfdarı olan “PGNL” təşkilatı məhkəmə prosesini “sionist lobbisinin işi” adlandırıb və tərəfdarlarını Rotterdamdakı məhkəmə binasının qarşısına etiraz aksiyasına çağırıb.
Qeyd edək ki, Əbu Rəşid 2010-cu ildə “Qəzzə Donanması”nda (“Flotiliya Qəzzə”) iştirak edib və “Mavi Mərmərə” gəmisində olub. Ötən il ABŞ ona və qızına qarşı sanksiyalar tətbiq edib.
Məhkəmənin verəcəyi qərar Avropada terrorun maliyyələşdirilməsinə qarşı mübarizədə presedent rolunu oynaya bilər.
Xuraman Etibarlı
İnterpress.az






