Azərbaycan dövləti çoxvektorlu xarici siyasət kursunda Avropa Komissiyası ilə münasibətlərin inkişafına xüsusi önəm verir. Eyni zamanda, bu qurumun da Azərbaycanla əməkdaşlığa marağı getdikcə artır. Son aylarda Avropa İttifaqının yüksəksəviyyəli rəsmilərinin Azərbaycana ardıcıl səfərləri bunu bir daha təsdiq edir.

Əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta, daha sonra Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas, ardınca isə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayenin Bakıya səfəri tərəflər arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində qarşılıqlı siyasi iradənin mövcudluğunu göstərir.
Ursula Fon der Lyayenin səfəri zamanı səsləndirilən fikirlər onu göstərir ki, Avropa İttifaqı Azərbaycanın yaratdığı yeni regional reallıqları, sülh gündəliyini və əməkdaşlıq təşəbbüslərini qəbul edir. Bu yanaşma Azərbaycan–Avropa İttifaqı münasibətlərinin qarşıdakı dövrdə daha da genişlənəcəyinə, enerji, nəqliyyat, yaşıl enerji, rəqəmsal iqtisadiyyat və investisiya sahələrində yeni əməkdaşlıq imkanlarının yaranacağına əsas verir.
Bu gün Azərbaycan öz milli maraqlarına söykənən müstəqil xarici siyasəti, etibarlı tərəfdaş imici və regional təşəbbüsləri ilə Avropa İttifaqı üçün mühüm strateji tərəfdaş statusunu daha da möhkəmləndirir. Ursula Fon der Lyayenin Bakıya səfəri də məhz bu strateji tərəfdaşlığın yeni mərhələsinin başlanğıcı kimi qiymətləndirilə bilər.
Ursula Fon der Lyayenin irəli sürdüyü “Aİ–Azərbaycan Bağlantı Tərəfdaşlığı” təşəbbüsü Aİ-nin Azərbaycanı yalnız etibarlı enerji təchizatçısı kimi deyil, həm də Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı birləşdirən geostrateji bağlantı mərkəzi kimi qiymətləndirdiyini nümayiş etdirir.
Bu yanaşma Bakı-Brüssel əməkdaşlığının gələcəkdə nəqliyyat, logistika, rəqəmsal infrastruktur və investisiya sahələrində daha da genişlənə biləcəyinə işarə edir. Bir sözlə, bu gün Azərbaycan–Avropa İttifaqı münasibətləri keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur.
Prezident İlham Əliyevin Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen ilə mətbuata bəyanatı zamanı səsləndirdiyi fikirlər də məhz bu reallığı əks etdirir. Dövlətimizin başçısı qeyd edib ki, münasibətlərdə müşahidə olunan yeni dinamika bütün tərəflər üçün mühüm imkanlar yaradır və bu fürsətdən səmərəli istifadə edilməlidir. Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr davamlı şəkildə inkişaf edir və Azərbaycan bu əməkdaşlığın daha da genişlənməsində maraqlıdır.
Avropa Komissiyasının Prezidenti ilə keçirilən görüş zamanı cənab Prezident mühüm mesajlar və bəyanatlar səsləndirdi. O, ölkəmizdə həyata keçirilən quruculuq işləri, Azərbaycan–Avropa İttifaqı münasibətləri, sülh quruculuğu prosesi, enerji təhlükəsizliyi və qarşılıqlı əməkdaşlığın inkişafı ilə bağlı vacib fikirlərini bölüşdü.
Avropa Komissiyasının Prezidenti də Azərbaycan haqqında yüksək fikirlər səsləndirdi. O, Azərbaycanın zəngin tarixi irsə malik olmasını, eyni zamanda müasir şəhərsalma və inkişaf modeli nümayiş etdirməsini xüsusi vurğuladı və ölkədə aparılan inkişaf proseslərini yüksək qiymətləndirdi.
Bu gün Azərbaycan ilə Avropa Komissiyası arasında əlaqələrin inkişafı mühüm əhəmiyyət daşıyır və strateji xarakter kəsb edir. Azərbaycan da bu əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır və bunun üçün bütün imkanlarını səfərbər edir.






