“Rosaviasiya”nın keçmiş rəhbəri Aleksandr Neradko Moskvada dələduzluq ittihamı ilə saxlanılıb.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiya Federal Hava Nəqliyyatı Agentliyinin (“Rosaviasiya”) 2009-cu ildən 2023-cü ilə qədər rəhbəri olmuş Aleksandr Neradko Moskvada hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Məlumata görə, istintaq orqanları onun barəsində mütəşəkkil qrup tərəfindən xüsusilə külli miqdarda törədilmiş dələduzluq ittihamı ilə cinayət işi başlayıb və məhkəmədən keçmiş rəhbərin rəsmi olaraq həbs edilməsini tələb ediblər.
Müvafiq həbs qətimkan tədbirinin seçilməsi barədə istintaq vəsatəti artıq məhkəməyə daxil olub.
Təhqiqat materiallarına əsasən, Aleksandr Neradkonun və onun əlbir olduğu digər şəxslərin qanunsuz fəaliyyəti Rusiya dövlət büdcəsinə külli miqdarda maddi ziyan vurub.
Qeyd edək ki, bu cinayət işi çərçivəsində ötən il (2025-ci il) Neradkonun keçmiş müavini Sergey Timoşenko da Bryansk vilayətində rüşvətxorluq ittihamı ilə həbs edilmişdi.
Rusiya İstintaq Komitəsi hər iki rəsmi şəxsin qanunsuz maliyyə əməliyyatlarında iştirakını və digər dövlət müqavilələrində törədilən korrupsiya sxemlərini yaxından araşdırmağa davam edir.
Xuraman Etibarlı
İnterpress.az






