Karaçay-Çərkəz Respublikasında itkin düşən üç bacı-qardaş axtarılır.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV mediası məlumat yayıb.
Rusiyanın Karaçay-Çərkəz Respublikasında bir həftədən artıqdır itkin düşən üç bacı-qardaşın axtarışları davam etdirilir.
Məlumata görə, 20 yaşlı Ramzan, 24 yaşlı Ayşat və 23 yaşlı Aminat Çomayevlər avqustun 26-da axşam saatlarında Malokaraçayev rayonunda evdən çıxıblar. Onlar axşam namazı vaxtı evdən ayrıldıqdan sonra geri qayıtmayıblar.
Axtarışlar zamanı meşəlik ərazidə itkin düşən şəxslərin mobil telefonları, eləcə də müxtəlif yerlərdə onların geyimləri tapılıb.
Ramzanın pasportunu evdə qoyduğu, bacılarının isə sənədlərini özləri ilə apardığı bildirilir. Ailədə hər hansı münaqişənin olmadığı və itkin düşənlərin qeyd yazısı qoymadığı qeyd edilir.
Çomayevlər iki mərtəbəli evdə yaşayıb və heyvandarlıq təsərrüfatı ilə məşğul olublar. Böyük bacının iki il tibb universitetində təhsil aldığı, lakin bir müddət oncə təhsilini yarımçıq qoyduğu bildirilib.
Hazırda meşədə könüllülər, polis əməkdaşları və kinoloqlar tərəfindən axtarışlar aparılır. Əraziyə istilik kameraları ilə təchiz olunmuş şəxslər də cəlb edilib.
Hüquq-mühafizə orqanları hadisənin bütün mümkün versiyalarını araşdırır.
Bundan əlavə, itkin düşənlərin atasının başqa şəhərdə daha bir ailəsinin olduğu da məlum olub.
Xuraman Etibarlı
İnterpress.az






