Qafqaz İslam Ordusunun Bakı zəfəri – 108 il əvvəl yazılan qardaşlıq dastanıbackend

Qafqaz İslam Ordusunun Bakı zəfəri – 108 il əvvəl yazılan qardaşlıq dastanı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanın milli yaddaşında böyük əhəmiyyət kəsb edən 15 sentyabr 1918-ci il tarixi ölkəmizdə hər il böyük təntənə ilə qeyd olunur. Məhz bu tarixdə, Nuru Paşanın komandanlığı altında Qafqaz İslam Ordusu və Azərbaycan Milli Ordusu birlikdə Bakını bolşevik-daşnak qüvvələrinin işğalından azad ediblər.

media-whatsapp-image-2025-12-17-at-21-04-54

1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyəti qurulanda Bakı artıq yadellilərin əlində idi və bu səbəbdən Gəncə şəhəri müvəqqəti olaraq paytaxt seçilmişdi. Həmçinin dövlətin müstəqilliyini müdafiə etməyə qadir milli hərbi qüvvələr hələ tam formalaşmamışdı.

Milli hökumətin ixtiyarında olan cəmisi 600 nəfərlik qüvvə ilə Bakı Sovetinin 18 minlik qoşununa qarşı hərbi əməliyyatlar keçirmək mümkünsüz idi. Dünyanı bölüşdürmək istəyən Rusiya, İngiltərə, Almaniya kimi dövlətlərin Cənubi Qafqaz, xüsusən neft Bakısı ilə bağlı planları bölgədə vəziyyəti daha da mürəkkəbləşdirirdi.

Azərbaycanın müstəqillik əldə etməsi bu ölkələrin marağına uyğun deyildi. Təbii ki, dünya türklüyünün və İslamın mərkəzi olan Osmanlı dövləti Cənubi Qafqazda azərbaycanlı qardaşlarının taleyinə biganə qala bilməzdi. Daşnak-bolşevik hücumlarının son dərəcə kəskinləşdiyi bir vaxtda Azərbaycan Xalq Cümhuriyyətinin Osmanlı dövlətinə müraciəti dərhal diqqətə alındı.

Hərbi nazir Ənvər paşa qardaşı Nuru paşanın komandanlığı ilə Azərbaycana silahlı qüvvələr göndərdi. 1918-ci il mayın 25-də Nuru paşa Gəncəyə gəldi. Əhali tərəfindən böyük sevinclə qarşılanan Qafqaz İslam Ordusunun görəcəyi ilk işlərdən biri Gəncədə mövcud təhlükəni aradan qaldırmaq, düşmənləri tərksilah etmək və yerli əhalinin təhlükəsizliyini qorumaqdan ibarət idi.

Bu ordunun döyüş yolu Qaraməryəm, Kürdəmir, Ağsu, Göyçay, Salyan və Şamaxıdan keçdi. Bakı uğrunda döyüşlərdə Osmanlı və Azərbaycan əsgərləri çiyin-çiyinə vuruşdular. Hərbi əməliyyatlar zamanı Osmanlı ordusu 1130 nəfərdən çox şəhid vermişdi. Ümumiyyətlə isə, xilaskar türk ordusu Azərbaycan uğrunda 5 minə yaxın şəhid vermişdir.

Türk ordusunun Azərbaycanda hərbi əməliyyatlar keçirdiyi bölgələrdə onlarla şəhidlik mövcuddur. Bakı sentyabrın 15-də azad edildi, ertəsi gün isə Azərbaycan hökuməti Gəncədən Bakıya köçdü. Bu möhtəşəm qələbə Azərbaycan və türk qardaşlığının tərcümeyi-halına qızıl hərflərlə yazıldı. Tarixdə dönüş yaradan türkün zəfəri, eyni zamanda ədaləti, sülhü bərqərar etməyin, dinc yaşamağın təntənəsi idi.

XXI əsrin ikinci onilliyində tarix təkrar olundu. Əgər ötən əsrin əvvəlində Osmanlı dövləti azərbaycanlı qardaşlarına hərbi qüvvə ilə kömək etmişdisə, 2020-ci ildə Azərbaycanın Vətən müharibəsi günlərində Türkiyə siyasi-mənəvi dəstək göstərdi. Beləliklə, Vətən müharibəsində qazanılan Zəfərdə türk xalqının siyasi-mənəvi dəstəyi mühüm rol oynadı və üçüncü qüvvələri hadisələrin gedişinə müdaxilə etməkdən çəkindirdi.

Milli, tarixi və məntiqi əsaslara söykənən “bir millət, iki dövlət” kəlamının təsdiqi bu gün Azərbaycan və Türkiyənin birgə fəaliyyətində, sarsılmaz qardaşlığında və müttəfiqliyində öz əksini tapır. Bu qardaşlıq münasibətləri 2021-ci il iyunun 15-də Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə yüksəlib.

Prezident İlham Əliyevin dediyi kimi, tarixi Qars müqaviləsindən 100 il sonra, azad edilmiş Şuşa şəhərində imzalanan Birgə Bəyannamə bizim gələcək iş birliyimizin istiqamətini göstərir. İki qardaş ölkə arasındakı əlaqələr möhkəm və sarsılmazdır.

Azərbaycan paytaxtının ən hündür nöqtələrinin birində ucaldılmış Türk Şəhidliyi abidəsi Qafqaz İslam Ordusu döyüşçülərinin xatirəsinə ehtiram əlaməti olmaqla yanaşı, həm də qardaşlığımızın rəmzi sayılır. Azərbaycan torpaqlarında uyuyan türk şəhidlər, eyni zamanda iki qardaş ölkənin ortaq taleyindən xəbər verir. Onlar öz fədakarlıqları və cəsarətləri ilə dastan yazaraq Türkiyə və Azərbaycan əbədi qardaşlığının rəmzinə çevrildilər.

1918-ci ildə işğaldan azad edilən Bakı, müasir dövrdə İkinci Qarabağ savaşından qalib çıxan Azərbaycanın paytaxtı olaraq dövlətimizin gücünü və qüdrətini nümayiş etdirir. Bu və digər tarixi məqamlar bütün türk dünyasını qürurlandırır və sevindirir.

Bugünkü reallıqlar, həmçinin Ulu Öndər Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir” və Qazi Mustafa Kamal Atatürkün “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” kəlamlarının həyatiliyini bir daha təsdiqləyir.