Milli Məclisin rəhbərliyi və deputatlar Zəfər parkını ziyarət ediblər.
İnterpress.az xəbər verir ki, 27 Sentyabr – Anım Günü münasibətilə Milli Məclisin rəhbərliyi və deputatlar Zəfər parkını ziyarət ediblər.
Milli Məclisin sədri Sahibə Qafarova, sədrin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı və Rafael Hüseynov, parlamentin komitə sədrləri və deputatlar Zəfər parkında olublar.
Parlament nümayəndələri Zəfər abidəsini ziyarət edərək abidə önünə tər güllər düzüblər. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi dərin ehtiramla yad olunub.
Anım mərasimi zamanı şəhidlərin Vətənin azadlığı və ərazi bütövlüyünün bərpası uğrunda göstərdikləri qəhrəmanlıq və fədakarlıq ehtiramla xatırlanıb.
Qeyd edək ki, 27 Sentyabr Azərbaycanda Anım Günü kimi qeyd olunur. Bu tarix 2020-ci il sentyabrın 27-də başlayan və Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnən Vətən müharibəsində şəhid olanların xatirəsinin yad edilməsi məqsədilə təsis edilib.






