Əvvəllər qarpızı yemək üçün avqust ayını gözləyirdiksə, indi çoxu iyun ayından bu meyvəni alaraq nübar edir. Ümumiyyətlə, son illər təkcə yemiş və qarpızın deyil, elə digər meyvələrin də tez yetişdiyini müşahidə edirik. Bəzi ekspertlər hesab edirlər ki, süni yolla yetişdirilən meyvə-tərəvəz daha çox zəhərlənmələrə səbəb olduğundan onları istifadə etmək düzgün deyil.
Bəs avqust ayı gəlməmiş bu meyvələri almaq nə dərəcədə düzgündür? Ümumiyyətlə, meyvələrin ənənəvi vaxtından tez yetişməsi nə ilə əlaqədardır?
Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov hesab edir ki, son illər bütün meyvə-tərəvəzin vaxtından əvvəl yetişməsi iqlim dəyişikliyi ilə əlaqədardır. Mütəxəssisin sözlərinə görə, son 20 ildə hava orta hesabla 1 dərəcə istiləşib. Qlobal iqlim dəyişikliyinin kökündə də elə bu dayanır. Şiddətli istilərin olması, dolunun düşməsi də iqlim dəyişikliyi ilə əlaqədardır. Əvvəllər dolu kiçik ölçüdə – noxud boyda düşürdüsə, indi yumurta boydadır.
V.Məhərrəmov hesab edir ki, örtülü şəraitdə, istixanalarda yetişən meyvə-tərəvəzi, o cümlədən yemiş və qarpızı da yemək olar. Amma bir şərtlə…
“Əgər istixanada yetişdirilən qarpız və yemişə verilən gübrə və pestisidlər normaya uyğundursa, heç bir zəhərlənmə halı ola bilməz. Əslində, sahibkarlar açıq şəraitdə bu bitkilərə azotu daha çox verirlər. Buna görə də, bu hallarda açıq şəraitdə yetişdirilən məhsul daha təhlükəli ola bilər. Biz bilirik ki, qarpız, o cümlədən əksər tərəvəzlər azotu çox mənimsəyirlər. Atrıq verildikdə isə o, meyvədə toplanır və həmin qidanı zərərli edir”.
Ekspertin sözlərinə görə, hava şəraitinin dəyişkən olması da azotun sorulmasına mənfi təsir edir. Məsələn, hava gah normadan çox isti olur, gah da şiddətli yağışlar yağır. Bu da bitkidə fotosintez prosesinə mane olur. Məhsula verilən azot qeyri-üzvü maddədən üzvi maddəyə çevrilə bilmir. Əgər qaydalar pozulmayıbsa, vaxtından əvvəl yetişən bu məhsul ziyanlı ola bilməz.
Bəs keyfiyyətsiz və zəhərli məhsulları necə ayırd etmək olar?
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov hesab edir ki, qalın qabıqlı, ölçüləri həddindən artıq böyük, üzərində boz və ağ zolaqları olan qarpız və yemişləri almaq məsləhət deyil.
“Yemiş və qarpızı alarkən fikir vermək lazımdır ki, o, günəş şüası altında çox qalmış olmasın. Əslində, bu bitkilər sərin yerdə saxlanmalı və ölçüsü normaya uyğun olmalıdır. Qarpız əzilmış, çürümüş və formasını dəyişmiş şəkildə olmamalıdır. Bəzi hallarda qarpız ağ və çəhrayı rəngdə, eləcə də qarpızın daxilində müəyyən damarlar müşahidə olunur. Bu hal isə qarpızın yetişmədiyindən xəbər verir”.
Bu günlərdə Dövlət Fitosanitar Nəzarəti Xidmətinin bazarlarda satılan qarpız və yemişin tərkibində normadan artıq nitratın olmaması ilə bağlı məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Toksikologiya və Keyfiyyətə Nəzarət Mərkəzində Azərbaycana idxal olunan, eyni zamanda ölkədə açıq bostan şəraitində yetişdirilən məhsulların stasionar laboratoriya şəraitində analitik sistem cihazları vasitəsilə kimyəvi və toksikoloji müayinələri aparılıb:
“Son günlərdə həyata keçirilən müayinələr zamanı qarpızlarda nitratların miqdarının 37 mqkq, yemişdə isə 72 mqkq olduğu məlum olub. Müqayisə ücün bildirək ki, qarpızlarda nitratların norması 60 mqkq, yemişdə isə 90 mqkq–dır. Sevindirici haldır ki, müayinələr zamanı məhsullarda insan saglamlığı ücün təhlükə yaradacaq ağır metalların və pestisid qalıqlarının miqdarına rast gəlinməyib”.
Dövlət Fitosanitar Nəzarəti Xidməti də istehlakcıları bostan məhsulları alan zaman məhsulun xarici görünüşünə diqqət yetirməyə çağırır. Əzik, catlamış, çürüməyə məruz qalmış məhsullar almaq, eyni zamanda məhsulu soyuducuda uzun müddət saxlamaq olmaz. Qeyd olunur ki, əgər düzgün temperatura riayət olunmaqla, məhsul soyuduca saxlanılarsa və istifadə olunarsa, insan orqanizmi üçün hec bir təhlükə yarana bilməz. (virtualaz.org)
İnterpress.az