Bakıda üç ölkənin iştirakı ilə beynəlxalq investisiya sammiti keçirildibackend

Bakıda üç ölkənin iştirakı ilə beynəlxalq investisiya sammiti keçirildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq, strateji investisiyalar və yeni biznes tərəfdaşlıqları Bakıda keçirilən TABA-AmCham Eurasia Investment & Networking Summit 2026-nın əsas müzakirə mövzuları olub.

Oktyabrın 22-də Bakıda Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin genişləndirilməsinə, beynəlxalq investisiya imkanlarının qiymətləndirilməsinə və Avrasiya bazarlarında yeni işgüzar tərəfdaşlıqların qurulmasına həsr olunan TABA-AmCham Eurasia Investment & Networking Summit 2026 keçirilib.

Radisson Hotel Baku-da təşkil olunan beynəlxalq sammit dövlət qurumlarının nümayəndələrini, Milli Məclisin deputatlarını, diplomatları, investorları, sahibkarları və müxtəlif sahələrdə fəaliyyət göstərən şirkət rəhbərlərini bir araya gətirib.

“Caspian Bridge Summit – Xəzər Körpüsü Zirvəsi” konsepsiyası əsasında keçirilən tədbir yeni biznes əlaqələrinin yaradılması, investisiya imkanlarının müzakirəsi və üç ölkənin iş dünyası arasında əməkdaşlığın gücləndirilməsi baxımından platforma rolunu oynayıb.

Sammit TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəliyinin ev sahibliyi, Türkiyənin Azərbaycandakı səfirliyinin əməkdaşlığı, Azərbaycan İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının (ASK) dəstəyi ilə təşkil olunub.

Tədbirin açılışında TABA-AmCham-ın Azərbaycan/Bakı nümayəndəsi, QSA şirkətinin təsisçisi və direktoru, ISO baş auditoru Qızılı Seyidova çıxış edib.

O, iştirakçıları Bakıda salamlamaqdan məmnunluğunu ifadə edərək sammitin Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əlaqələrin inkişafına, qarşılıqlı investisiya imkanlarının genişlənməsinə və yeni işgüzar tərəfdaşlıqların qurulmasına töhfə verəcəyinə inandığını bildirib.

Açılış proqramında TABA-AmCham İdarə Heyətinin sədri Süleyman Ecevit Sanlı, Milli Məclisin deputatları Vüqar İskəndərov, Naqif Həmzəyev və Razi Nurullayev, eləcə də Azərbaycan Sahibkarlar Konfederasiyasının sədr müavini Vüqar Zeynalov iştirak ediblər.

Sammitin əsas sessiyalarından biri “Caspian Bridge – Qlobal İnvestisiyalar, Texnologiya, Ticarət və Strateji Əməkdaşlıq” mövzusuna həsr olunub.

AZAGROMİLA şirkətinin baş direktoru Ramazan Karaşahinin moderatorluğu ilə keçirilən paneldə beynəlxalq investisiyalar, ticarət dəhlizləri, regional iqtisadi inteqrasiya və strateji sektorlarda əməkdaşlıq imkanları ətrafında fikir mübadiləsi aparılıb.

Paneldə TABA-AmCham İdarə Heyətinin üzvü və Gömrük və Logistika Komitəsinin sədri Murat Doğan, İdarə Heyətinin üzvü və Mədənçilik və Enerji Komitəsinin sədri Zeynep Hilal Doy, Müdafiə, Aviasiya və Kosmik Sənaye Komitəsinin sədri Mert Ünsal, İnformasiya Texnologiyaları Komitəsinin sədr müavini Atakan Çetintaş və Adatech şirkətinin biznesin inkişafı və tədqiqatlar üzrə meneceri Zeynep Cıgal çıxış ediblər.

Müzakirələr zamanı Türkiyə, Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, Xəzər regionunun strateji əhəmiyyəti, enerji və mədənçilik sahələrində investisiya potensialı, müdafiə və aviasiya sənayesində texnoloji yeniliklər, eləcə də rəqəmsal transformasiyanın qlobal ticarətə təsiri diqqət mərkəzində olub.

İştirakçılar beynəlxalq bazarlara çıxış, logistika infrastrukturunun inkişafı və regional investisiya imkanlarından daha səmərəli istifadə məsələlərini də müzakirə ediblər.

Sammitin mühüm istiqamətlərindən biri şirkətlərarası B2B və biznes nümayəndələri ilə dövlət qurumları arasında B2G əməkdaşlığının inkişafı olub.

İştirakçılar potensial tərəfdaşlarla birbaşa görüşmək, yeni investisiya və ticarət imkanlarını qiymətləndirmək, müxtəlif bazarlara çıxış yollarını müzakirə etmək imkanı əldə ediblər.

Təşkilatçıların əsas məqsədlərindən biri Türkiyə, Azərbaycan və ABŞ arasında biznes əlaqələrini genişləndirməklə yanaşı, Xəzər regionunun Avropa, Asiya və Amerika bazarları ilə iqtisadi inteqrasiyasını gücləndirmək olub.

İşgüzar proqramla yanaşı, sammit çərçivəsində mədəni tədbirlər də təşkil olunub.

Azərbaycanlı müğənni Elvin Abdullayevin ifaları, eləcə də milli xalq rəqsləri tədbir iştirakçılarına təqdim edilib. Bədii proqram Azərbaycanın musiqi və incəsənət ənənələrini nümayiş etdirməklə yanaşı, Türkiyə ilə Azərbaycan arasında tarixi və mədəni əlaqələrin əhəmiyyətini də ön plana çıxarıb.

Sammitin təşkilinə və keçirilməsinə dəstək göstərən qurumlara, sponsorlara və tərəfdaşlara təşəkkür edilib.

Türkiyənin Azərbaycandakı səfirliyinə ev sahibliyi və dəstəyinə, Azərbaycan Sahibkarlar Konfederasiyasına isə əməkdaşlığına görə minnətdarlıq bildirilib. Milli Məclisin deputatları Vüqar İskəndərov, Naqif Həmzəyev və Razi Nurullayevin iştirakına və dəstəyinə də xüsusi diqqət ayrılıb.

Sammitin baş sponsoru Ekinə TABA-AmCham-ın korporativ lövhəsi təqdim olunub.

7 TESLA, Fibrotech Construction, QSA, Growth Consulting Services, AzAgromila, Avisec, Alhezars, PASSO, GODIVA, N-ADVERT, AZBAYRAQ, SİRAB, VR Vogue Residence, SKF Global, Biznes Lab, Radio Enerji, Shoot Me Group, FORTUNA Media, Günaydın Group Restaurant, Aba Travel və Sir Group Güvenlik şirkətləri isə tədbirə verdikləri dəstəyə görə iştirak və təşəkkür sertifikatları ilə təltif olunublar.

Panel iştirakçılarına, tədbirin aparıcısı Abbasağa Alizadəyə və sammitin təşkilinə töhfə verən digər şəxslərə də təşəkkür lövhələri təqdim edilib.

1987-ci ildə təsis edilən TABA-AmCham Türkiyə ilə ABŞ arasında ticarət və iqtisadi əlaqələrin inkişafı, beynəlxalq investisiyaların təşviqi və işgüzar dairələr arasında davamlı tərəfdaşlıqların qurulması istiqamətində fəaliyyət göstərir.

Təşkilatın İdarə Heyətinin sədri Süleyman Ecevit Sanlının rəhbərliyi ilə keçirilən Bakı sammiti Türkiyə, Azərbaycan və ABŞ-ın biznes dairələrini vahid platformada birləşdirməyi hədəfləyib.

TABA-AmCham Eurasia Investment & Networking Summit 2026 yeni kommersiya əlaqələrinin yaradılması, strateji sektorlarda investisiya imkanlarının müzakirəsi və beynəlxalq biznes şəbəkələrinin genişləndirilməsi məqsədilə baş tutub.

“Caspian Bridge” konsepsiyası çərçivəsində keçirilən tədbir üç ölkə arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi və Xəzər regionunun beynəlxalq biznes əlaqələrində rolunun gücləndirilməsi məqsədini ön plana çıxarıb.