Bu günlərdə ölkə mətbuatında həkim səhvi ucbatından insanların başına gələn ağlasığmaz olaylarla bağlı bir neçə xəbər dərc edilib. Xəstəxanada generator çalışmadığı üçün tələb olan yenicə doğulmuş üçəmlər, xəstə ayağı əvəzinə sağlam ayağı amputasiya olunmuş qadın… Və bu hadisələr eyni ərəfəyə təsadüf etdiyi üçün insanlarda həkimlərlə bağlı neqativ fikirlər daha da möhkəmləndi.
Halbuki… Dünya binə olandan, tibb elmi, səhiyyə sistemi yaranan gündən bu cür hadisələr baş verib. Həkim səhvləri çox vaxt lətifə kimi dildən-dilə dolaşıb, əksər hallarda isə məzəli xəbər kateqoriyasında hətta dünyanın ən ciddi saytlarında, qəzetlərində paylaşılıb.
“Yeni Müsavat” da bu cür səhvlərlə bağlı bir dosye hazırlayıb. Dünyanın hansı ölkəsində, hansı həkimlər daha çox səhv edir, hansı səhvləri edir və sair.
Biz alman həkimlərə heyran, alman xalqı isə….
Tibb sisteminə heyran qaldığımız ölkələrdə də insanlar həkimlərin səhvlərindən əziyyət çəkir. Almaniyanın Hamburq şəhərində təkcə 2012-ci ildə 449 xəstə həkim səhvinə görə şikayət edib. Hamburq Həkimlər Birliyinin araşdırmasına görə, yekunlaşan məhkəmə proseslərinin təxminən 23 faizində həkim səhvi təsdiqlənib və zərərə uğrayan xəstələrə təzminat ödənib. Araşdırmaya görə, alman həkimlər daha çox diz müayinələrində və qol, ayaq biləyi qırıqlarının müalicəsində səhvə yol verirlər. Doğuş zamanı yol verilən səhvlər isə araşdırmada 3-cü sırada yer alıb. Həkim səhvi ucbatından səhhətinin pisləşdiyini düşünənlər üçün Hamburqda araşdırma mərkəzləri var. Bu mərkəzlərdə bitərəf mütəxəssislər xəstəni və xəstəyə tətbiq edilən müalicələr yenidən araşdıraraq məhkəməsiz anlaşma yolunu tuturlar.
Və bu ölkədə təkcə 2010-cu ildə həkim səhvi və tibbi məhsulların çatışmazlığı ucbatından ən azı 1712 nəfər həyatını itirib. Xüsusən də həkimlərin səhvləri ucbatından dünyasını dəyişən insanların sayında xeyli artım var. 2009-cu ildə bu rəqəm 551 nəfər idisə, 2010-cu ildə 944-ə qədər artıb. Almaniyada daha çox rast gəlinən ölüm səbəbləri arasında yetərsiz dezinfeksiya, köçürülən orqanların xəstənin bədəni tərəfindən qəbul edilməməsi və protez qoyulması zamanı üzə çıxan problemlərdir.
Amerikalı həkimlər rekorda çatıb – hər il 98 min qurban
Harvard Universitetinin professoru Layza Yezoni isə 2 min həkim arasında apardığı araşdırma nəticəsində üzə çıxarıb ki, onların 34 faizi ciddi həkim səhvləri barədə pasiyentə xəbər verməmək lazım gəldiyini düşünür. Nəticədə həkimlər ötən il ərzində törətdikləri səhvlərin 20 faizini gizlədiblər.
Alimlərin dediklərinə görə, həkimlərin ən azı 10 faizi əczaçı şirkətlərlə anlaşmaları olduqlarını deməyiblər. Həkimlərin 55 faizi isə xəstənin real vəziyyəti barədə onu dəqiq məlumat verməyərək pasiyentə “ürək-dirək” verməyə çalışıb. “Belə çıxır ki, həkimlər pasiyenti bədbinliyə düçar etməmək və ya həkim lisenziyasını itirməmək üçün həmişə yalan danışırlar” – Yezzoni deyib.
Ekspertlər pasiyentlərə duruma nəzarət etməyi məsləhət görürlər. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, ABŞ-da hər il tibbi səhvlərə görə 98 min insan ölür. Ekspertlərin hesablamalarına görə, dünyada 1 milyon 400 mindən artıq insan stasionarda qazanılmış infeksiyadan əziyyət çəkir. Böyük Britaniya Milli Agentliyinin dərc edilmiş məruzəsinə müvafiq olaraq 2005-ci ildə Britaniya həkim və tibb heyətinin buraxdığı səhvlər nəticəsində 527 min xəstə zərər çəkib. Rusiya Tibb Assosiasiyasının Sankt-Peterburq şöbəsinin məlumatlarına görə, müalicə nöqsanları səbəbi ilə xəstələr tərəfindən tibb müəssisələrinə qarşı məhkəmə iddialarının sayı 1997-ci ildən 2001-ci ilədək iki dəfə artıb. Ekspertlərin hesablamalarına görə, 2 min halda tibb işçilərinin səriştəsizliyi və ya ehtiyatsızlığı xəstələrin ölümünə səbəb olub.
Həkimin səhvi və 2 il islah işləri
Cinayət varsa, cəzası da var. Cinayət Məcəlləsinin 131-ci maddəsinin 1-ci bəndinə görə ehtiyatsızlıqdan sağlamlığa az ağır zərbə vurma halı minimum əmək haqqı məbləğinin 300 mislinədək miqdarda cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 131-ci maddənin 2-ci bəndində isə ehtiyatsızlıqdan sağlamlığa ağır zərbə vurma halında minimum əmək haqqı məbləğinin 500 mislinədək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 6 ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəza nəzərdə tutulub. Əgər həkim xətası nəticəsində xəstə həyatını itiribsə, Cinayət Məcəlləsinin 124-cü maddəsinə əsasən, ehtiyatsızlıqdan adam öldürmə halları 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
Cinayət Məcəlləsinin 314-cü maddəsinə görə, səhlənkarlıq nəticəsində həkimin vicdansız və laqeyd münasibəti üzündən öz xidməti vəzifəsini lazımi qədər yerinə yetirməməsi sonucda vətəndaşların sağlamlıq hüquqlarına və qanun mənafelərinə zərər vurduqda minimum əmək haqqının 500 mislindən 1000 mislinədək və ya 2 il islah işləri, 6 ay azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
“Pasiyentin hüquqları haqqında” Qanun layihəsinin uzun illərdir müzakirəyə çıxarılmasına baxmayaraq, sənədin qəbulu nədənsə ləngiyir. Qanun layihəsində qeyd olunur ki, pasiyentə tibbi yardım göstərilməsi zamanı sağlamlığına ziyan yetirildiyi hallarda zərərin ödənilməsini tələb etmək hüququ var. Pasiyentin sağlamlığına vurulmuş zərərə görə mülki hüquqi məsuliyyətin şərtləri və qaydaları, habelə kompensasiyaların ödənilməsi qaydaları qanunvericiliklə müəyyənləşdirilir. Qanun qəbul olunana qədər xəstələr zərər gördüyü halda məsələni Mülki Məcəllənin müddəalarına əsasən həll edə bilərlər.
Həkim öz komandasının qurbanına çevrilir?
Xərçəng xəstəliyindən əziyyət çəkən və Bakıda bir neçə kurs müalicə alan Lamiyə Abdullayeva adlı xəstə bildirir ki, həkiminin yol verdiyi səhv ucbatından xeyli pul, əsəb, eləcə də sağlamlığını itirib. Hazırda müalicəsini Gürcüstanda davam etdirən müsahibimizə görə, buna həkim səhvi yox, həkim acgözlüyü də demək olar: “Həkimimin işi ancaq kəsməkdən ibarət idi. Halbuki sonradan mənə bildirdilər ki, döşümdəki xırda şişi kəsmədən, müalicə ilə də aradan qaldırmaq olardı. Yazdığı müalicələr, kemoterapiyalar heç bir fayda vermədi, şiş daha da orqanizmdə yayıldı. Amma arada qohum-tanışlar var deyə mən o həkimdən şikayət edə bilmədim. İndi də öz canımın hayındayam. Gücüm ancaq gündə onu bir neçə dəfə qarğımağa çatır”.
Adının çəkilməsini istəməyən həkim isə bildirdi ki, bəzən qəzalar heç də həkimin ucbatından baş vermir. Buna səbəb bir çox hallarda xəstənin öz problemini düzgün başa sala bilməməsi, bəzən səriştəsizliyi, bəzən də kapitalizmin amansız üzüdür: “Xəstə özəl səhiyyə müəssisəsində işləyən həkimə müraciət edirsə, biznes dünyasının amansız qanunları ilə işləməlidir. Məsələn, lazım gələn, gəlməyən bütün yoxlamalardan keçməli, bəzən heç lazım olmayan dərmanları almalıdır. Müalicə, əməliyyat həm də komanda işidir. Həkim komandanın bütün üzvlərinə görə cavabdehlik daşımır”. (musavat)
İnterpress.az