Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyində (MTN) ötən il oktyabrın 17-də baş tutan və dövlət başçısının sərəncamı ilə nazir də daxil olmaqla, nazirliyin bir sıra yüksək vəzifəli şəxslərinin vəzifədən çıxarılması, həbsi ilə nəticələnən xüsusi əməliyyatdan sonra bu qurumla əlaqəli bir çox işlərin yenidən araşdırlacağına ümidlər yaranmışdı.
Belə işlərdən biri də “Qara Kəmər” işi\” idi. Ehtimallar vardı ki, bu iş yenidən araşdırılacaq və əməliyyatdan sonra ittiham aktında yer alan faktlara daha obyektiv qiymət verilməsi, suçu olmayanların azad edilməsinə nail olunacaq. Bu istiqamətdə müəyyən addımlar da atıldı. “Qara Kəmər”in “baş qəhrəmanı” Hacı Məmmədovun bacısı Arifə Məmmədova dedi ki, qardaşı vəkil tutub və yenidən ifadə vermək istəyir. A.Məmmədova qardaşının 10 il ərzində Milli Təhlükəsizlik Nazirliyinin İstintaq Təcridxanasında Eldar Mahmudovun hədə-qorxu və təzyiqləri altında saxlanıldığını açıqladı. Bildirdi ki, məhz bu məqama görə Hacı Məmmədov məhkəmədə həqiqəti deyə bilməyib.
A.Məmmədova qardaşının həbsinə qədər tabeçiliyində olduğu DİN-in Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, hazırda iş üzrə ömürlük həbsdə olan general Zakir Nəsirov haqda da fikirlərini açıqlamışdı. Arifə Məmmədova demişdi ki, Zakir Nəsirovun bu işlə heç bir əlaqəsi yoxdur, Zakir Nəsirov süni olaraq bu işə cəlb edilmişdi.
Bundan sonra Hacı Məmmədov vəkili Afət Qazıyeva vasitəsilə Ali Məhkəməyə müraciət etdi və \”“Qara Kəmər” işi\”nin yenilənməsini, onun dəstəsi tərəfindən törədilən cinayətlərlə bağlı yenidən ifadə vermək istəyini açıqladı.
Bu müraciətdən sonra belə fikir yaranmışdı ki, iş mütləq şəkildə yenidən istintaq ediləcək və Hacı Məmmədovun müraciəti üzrə ədalətli, obyektiv məhkəmə araşdırması keçiriləcək. Amma bu baş tutmadı.
Eldar Mahmudovun vəzifədən qovulması da “Qara Kəmər”lə bağlı müəmmalı məqamların araşdırılmasına, 11 il əvvəl həbs edilən zaman iş üzrə günahsız olduğu bilinən Zakir Nəsirovun azad edilməsinə yol açılmadı.
Görünür, Eldar Mahmudovun vəzifədə olmaması da heç nəyi dəyişmir. Belə bir vəziyyət həm də Hacı Məmmədovun məhkəməsində dediyi “mən ”osminoq\”un 1 qolu olmuşam\” fikri haqda ciddi düşünməyə əsas verir. Zoologiya kitabına görə “osminoq” onurğasızlar sinfinə aid olmaqla, intellekti olan su canlısıdır. “Osminoq”un 8 qolu olur. 1 qolu rəqibi tərəfdən tutulursa, “osminoq” canını qurtarmaq üçün həmin qoldan ayrıla bilir. Başqa sözlə, qolu kəsib canını qurtarır. Həmin qolu çabalayıb rəqibin diqqətini yayındırdığı vaxtda “osminoq” ərazidən uzaqlaşıb özünə sakit bir yer tapır və yeni hucuma hazırlaşır.
H.Məmmədovun dəstəsi qarışıq 1 qol olaraq zərərsizləşdirildiyini, bəlkə də “osminoq”un canını qorumaq üçün özünü qurban verdiyini nəzərə alsaq, bu gün Azərbaycanda adam oğurlaya bilən və sifarişli qətlləri icra etməyə hazır dəstələrin varlığı haqda fikirlər söyləmək olar.
H.Məmmədovun ifadə vermək istəməsinin qarşısının Ali Məhkəmə səviyyəsində alınmasının səbəbi ictimaiyyətə aydın şəkildə izah olunmadı. Digər tərəfdən də məhkəmə qərarında nə yazılmasından asılı olmayaraq həqiqətlərin ortaya çıxmasını yasaqlaya bilməz.
Maraqlı bir situasiya yaranıb; adamları oğurlayan, sifarişlə öldürən, pula görə qulaqlarını kəsib valideynlərinə göndərən bir dəstənin başçısı danışmaq, həqiqəti söyləmək istəyir, amma Azərbaycanın Ali Məhkəməsi ona “yox” deyir.
Bununla da Azərbaycan tarixinin qara səhifələrinin vərəqlənməsinin qarşısını alır.
Hacı Məmmədovun dəstəsi çox adamları öldürüb və basdırıb. Onun özünü də 2005-ci ildə “Qara Kəmər” əməliyyatı ilə “basdırıb”lar.
2005-ci il martın 9-dan 10-na keçən gecə gerçəkləşən əməliyyat sifarişli qətllərdən bir qisminin üstünün açılmasına gətirib çıxarsa da, qətllərin əksərinin motivi bilinmədi.
Bu yerdə “osminoq”un bir xüsusiyyətini də qeyd edək – təqib olunan zaman qara rəngə çalan maye ifraz etməklə suyu bulandırır və təqibdən yaxa qurtarır.
Hacı Məmmədov məhkəməsində qətllərlə bağlı çətinə düşən kimi “mən suallara cavab vermirəm”, “xatırlamıram” və s. ifadələrlə sifarişçinin kimliyini deməkdən yayınırdı.
Hacı Məmmədov girovluğunda olduğu Eldar Mahmudovdan çəkinirdisə, bu gün o vəzifədə deyil. Kreslosunun verdiyi imkanlar, güc-qüdrət rıçaqları əlindən alınıb. Belədirsə, Ali Məhkəmə qərarı ilə Hacı Məmmədovun ağzını kim və niyə yumdu?
Bu məqam Eldar Mahmudovun özünün “osminoq”un bir ayağı olması kimi iddialara da yol açır…
Hacı Məmmədovun məhkəmələrini izləmiş, müşahidə etmiş şəxslər bilir ki, proses boyu dəstə başçısı sifarişçi haqda danışmaq istədiyini bəyan edib. Amma sona qədər də bu haqda bir kəlmə də deməyib. Sanki onun ağzını yumub, danışmağa qoymayıblar. Hacı Məmmədovun məhkəmələrində müşahidə edilən bu xətt 10 il sonra Hacı Məmmədovun danışmaq istəməsini söyləməsi ilə bir daha təsdiqləndi.
Ali Məhkəməyə müraciət etməklə sanki Hacı Məmmədov güman ki, Eldar Mahmudovun qismində “osminoq”un nəbzini yoxlayırdı. Onun ölüb-ölmədiyini aydınlaşdırmağa çalışırdı. “Osminoq” mafiya anlamını verirsə, deməli, “mafiya ölməzdir” sözləri də yerinə düşür.
Bu gün isə Hacı Məmmədovun harada olmasından xəbər yoxdur. Vəkili Afət Qazıyeva da, bacısı Arifə Məmmədova da əvvəlkitək danışmağa həvəs göstərmirlər. Telefonlara cavab vermir, cavab verəndə isə sualları cavablandırmaqdan yayınırlar. Sanki onları da susdurublar…
Çox təəssüf ki, Ali Məhkəmə Hacı Məmmədovun ifadə verib bəzi həqiqətləri söyləməsinə imkan vermədi. Bu qərar iş üzrə suçu təsdiqlənməyən Zakir Nəsirovun azadlığa gedən yolunun üstündə ciddi maneəyə çevrildi.
Zakir Nəsirov 8 iyun 2005-ci ildə həbs edilib. İbtidai istintaq zamanı və 2006-cı ildən 2008-ci ilə qədər davam edən proses boyu onun “Qara Kəmər”lə əhatə olunan cinayətlərə aidiyyəti sübuta yetirilməyib. Üstəlik, Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra Hacı Məmmədov vəkili Afət Qazıyeva vasitəsilə Zakir Nəsirov haqda ibtidai istintaq və məhkəmələri zamanı yalan ifadələr verdiyini bildirib. Hazırda onun həbsdə olmasının yeganə səbəbi də məhz Hacı Məmmədovun qərəzli və ziddiyyətli ifadələridir. Onun bu ifadələrindən başqa, nə istintaqa, nə də məhkəmədə Nəsirov barəsində heç bir sübut yoxdur.
Əgər Hacı Məmmədovun ifadəsinə hüquqi qiymət verilsəydi, bu gün Zakir Nəsirov Qobustan Qapalı Həbsxanasında ömürlük həbsdə olmazdı. Azərbaycanda adam oğurlayan, sifarişlə qətl törədən dəstənin cinayətləri də hərtərəfli araşdırılardı. (musavat)
İnterpress.az