“EVRASCON”da qazanılan pullar naməlum istiqamətə “gedir”backend

“EVRASCON”da qazanılan pullar naməlum istiqamətə “gedir”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Abid Şərifovun “qardaşı” Əfəndi İsmiyev ortaqları ilə görüşmək istəmir.

Avro-Asiya İnşaat Korporasiyası \”EVRASCON\” Açıq Səhmdar Cəmiyyətinin (keçmiş \”Azərkörpü\”) səhmdarlarının ali orqanı olan ümumi yığıncağı hər il olduğu kimi yenə gərgin keçdi. Əvvəlki iclaslarda iştirak etməsəm də, səhmdarların şikayətlərini qələmə almışdım, odur ki, cəmiyyətdə \”bir manat sindromu\”ndan xəbərim vardı. Belə ki, nəzarət paketi baş nazirin müavini Abid Şərifovun ailəsi və yaxın çevrəsinə məxsus olan müəssisədə hökumətdən iri həcmli sifarişlər alınıb, hər il böyük mənfəət götürülsə də, kiçik ortaqlara səhmləri üzrə 1 manatdan artıq dividend verməyə qıymırlar, səhmdarların dediklərinə görə qalanlar naməlum istiqamətə yönəldilir. İllərdir cəmiyyət belə idarə edilir. Səhmdarların son iştirak siyahısında (iclasda reyestrsaxlayıcıdan alınmış reyestr yox idi) Şərifova Sədayə Yaqub qızının payı 10%-dən yuxarıdır. Bir müddət əvvəl bu məsələ mətbuatın da diqqətini cəlb eləmişdi.

“EVRASCON”da qazanılan pullar naməlum istiqamətə “gedir”

Amma qara bazarda qiyməti 450 min manat civarında səhmə malik xanım yığıncağı maraq edib şəxsən təşrif buyurmamışdı. Bəlli ki, səhmlər formal olaraq ondadır, baş nazirin müavini qiymətli kağızları öz adına ala bilməzdi ki! İclas cəmiyyətin ofisində yox, ona bitişik yeməkxanasında keçirildi. İdarə Heyətinin sədri Manaf Şirinov gəlib sədarətdə əyləşdi. Elan elədi ki, \”yetərsay var, iclasa başlaya bilərik\”. Amma iclas başlamadan mübahisə başladı.

V.Rəcəbov: \”İclasları vəkalətnamə ilə yola verirdi, axırda \”içəri\” qoydular\”\”

Səhmdar Vəzir Rəcəbov kvorum paketini kimin təmsil etdiyinə dair sual verdi. Məlum oldu ki, səhm-nəzarət paketinin sahibi İsmiyev İsmayıl-Əfəndi Hacımurad oğlunun təmsilçisi cəmiyyətin müşahidə şurasının üzvü Namiq Kərimlidir. Səhmlərin bir hissəsi İsmiyevin oğlanları, bir hissəsi Manaf Şirinov, qalanı da \”Texnomost LİM\” (\”Qidrotransproyekt\” MMC) şirkətindədir. Bir sözlə, 90%-dən artıq özlərindədir. Mətbuatda A.Şərifov İsmiyevi \”qardaşı\” adlandırıb. Qiymətli kağızlarının nominal dəyəri 2 manat olan cəmiyyətin nizamnamə kapitalı 377 290 manat təşkil edir.

V.Rəcəbov irad bildirdi: \”Maraqlıdır, səhm-nəzarət paketinin sahibi özü niyə iclaslara gəlmir? Cahangir Hacıyevin bacanağı İsmayıl Mahmudzadə də müəssisələrin iclasını vəkalətnamə ilə yola verirdi, axırda \”içəri\” qoydular\”. M.Şirinovun üzü bozardı, \”nə demək istəyirsən\”, deyə soruşdu. V.Rəcəbov geri çəkilmədi, təklif elədi ki, nə qədər gec deyil, İsmiyev də gəlib xalqla görüşsün. Səhmdar Hafiz Babalı \”İsmiyev cəmiyyətin müşahidə şurasının sədridir və cəmiyyətin idarə olunmasında iştirak etməlidir\” dedi. Üzünü M.Şirinova tutub \”sən keçən dəfə müəssisəni 15 milyon manat zərərə saldın, özün də etiraf elədin ki, mənim günahımdan olub\”, söylədi. İdarəetmə orqanının cəmiyyəti Qazaxıstanda uğratdığı zərəri xatırladırdı. M.Şirinov fakt qarşısında qalıb \”boş-boş danışma\” deyərək hər iki səhmdarın üstünə qışqırmaqla vəziyyətdən çıxmağa çalışdı. Səhmdarların \”üsyanı\” əslində cəmiyyəti idarə edən şəxslərə bir mesaj idi, çünki illərlə böyük işlər görülən müəssisədə onların hər səhminə qazanılan 100 manat əvəzinə 1 manat verməkdən uzağa gedə bilmirlər.

Hüquqşünas qanunu pozmağa cəhd elədi

Deyildi ki, illik hesabat müzakirə olunursa müşahidə şurası yığıncaqda iştirak edib səhmdarların suallarına cavab verməlidir. İxtisasca hüquqşünas olan N.Kərimli gedib yeməkxananın böyründəki ofisdən vəkalətnaməni gətirdi və sənədə baxan səhmdarlar dedilər ki, o, bu vəkalətnamə ilə paket sahibini yalnız iclasda təmsil edərək səsvermədə iştirak səlahiyyətinə malikdir, hesabat vermək yox. İrad tutdular ki, cəmiyyətin iclasları uzun illərdir eyni ssenari ilə keçirilir. Amma Şirinov yenə səsini başına atdı:\”Xoşun gəlmir, iclasa gəlmə\”. Səhmdarlarla kobud davranmağını ona irad tutdum. İzahat verdi ki, \”səhmdar iclası xaosa çevirdiyi (\”iclasda xaos yaratdığı\” demək istəyirdi-H.H.) üçün o belə danışmağa məcburdur\”. Dedim, \”hesabatı dinləməkdə maraqlıyam, xahiş edirəm, mübahisəni dayandırıb hesabata keçin\”. Onu da əlavə elədim ki, \”bəlkə bu il \”bir manat sindromu\”ndan da çıxarsız\”. \”Böhrandır, bəlkə heç bir manat da olmayacaq\”, deyib guya öz çapında məni qorxutdu. 25 səhmlə məni nə qədər zərərə salacaq ki?! Əlqərəz, yalan olmasın 20 dəqiqəlik mübahisədən sonra qərara alındı ki, \”hazırlaşmasa\” da hesabatı idarə heyəti sədri M.Şirinov özü versin.

\”İstəmirəm ki, idarə heyəti sədri olasan\”

İştirakçı sayı ilə maraqlandım, məlum oldu ki, qeydiyyatdan 27 səhmdar keçib və 52+17% payın nümayəndələri yığıncaqda təmsil olunur. Sədayə Şərifova nə özü gəlmişdi, nə nümayəndə göndərmişdi. Səhmdar Rəfael Əkbərov M.Şirinovu sədrliyə namizəd təklif etdi. Şirinov da öz növbəsində Həsən Həsənovun katibliyə namizədliyini irəli sürdü. Hər ikisinin lehinə səs verdim və Manaf müəllimi xəbərdar edib \”müəssisənin yığıncağında ilk iştirakım olduğuna görə lehinizə səs verirəm, sizi tanımadığımdan barənizdə hər hansı fikrim yoxdur. Gələn il sizə verəcəyim səs builki rəyimdən asılı olacaq\” dedim. O da təşəkkür etdi. Sədrliyinin əleyhinə yalnız mübahisə etdiyi iki səhmdar oldu – H.Babalı və V.Rəcəbov. H.Həsənova yekdilliklə səs verildi, adam sadəcə mirzəlik edəcəkdi. Bu vəzifədə əsl görəv yazılan protokolu imzalamaqdır, ədaləti o zaman bəlli olacaq. Hesablama komissiyasına da üç nəfərin namizədliyi verildi. M.Şirinov namizədliyi irəli sürülən H.Babalının əleyhinə səs verdi. Bu yerdə özümü saxlaya bilmədim, \”say komissiyasının üzvlüyü nə böyük vəzifədir ki, əleyhinə əl qaldırıb konfliktə gedirsiz\”, deyə soruşdum. Dedi, \”mən bu adamın say komissiyasına seçilməsini istəmirəm\”. H.Babalı da onun acığına \”mən də istəmirəm ki, bu adam idarə heyəti sədri olsun\”, dedi. Amma Süleyman Əfəndiyevlə eyni səs topladıqlarından hər ikisinin namizədliyi keçmədi. Rəfael Əkbərov, Tahir Axundov və Afət Əzimova komissiyanın üzvləri seçildilər.

H.Babalı: \”Pulun hamısını o biri cibinizə qoymusuz\”

Şirinov gündəlikdə duran məsələləri sadalayıb dedi ki, cəmiyyətin 2015-ci il üzrə maliyyə-təsərrüfat fəaliyyətinə dair icra oqranının hesabatı, keçən ilin nəticələrinə görə illik hesabatın, mühasibat balansının təsdiqi, üçüncü əsas məsələ də dividendlərin hesablanmasıdır. H.Babalı təklif etdi ki, gündəliyin üçüncü məsələsinə korrektə edilsin, \”mənfəətin bölüşdürülməsi və dividendin hesablanması\” kimi qanunvericiliyə uyğunlaşdırılmış şəkildə müzakirəyə çıxarılsın: \”Cəmiyyət yaranandan mənfəətin 99%-dən artığı mənbəyi məlum olmayan istiqamətə gedib\”. N.Kərimli: \”Mən də razıyam ki, məsələni bu şəkildə qoya bilərik, amma \”bu vaxta kimi mənfəəti bölməmişik\” sözünüzlə razı deyiləm. Bütün iclaslarda dividend ayrılıb və qeyd eləmişik ki, yerdə qalan pul əsas vəsaitlərin alınmasına, təmir işlərinə yönəldilsin\” dedi. R.Əkbərov isə bu korrektənin qanunvericiliyə zidd olduğunu bildirdi, gündəliyin dəyişdirilmədən müzakirəsini MM-ə istinadla xatırlatdı, hesabat verilən zaman dəyişikliyin problem yarada biləcəyini söylədi. Bir qədər müzakirə və mübahisə elədilər. M.Şirinov Babalının təklifinə tərəfdar çıxan V.Rəcəbova çımxırdı ki, \”o deyir də, sən niyə onun dediyini təsdiqləyirsən\”? V.Rəcəbov bu işləri yaxşı bildiyi üçün təsdiqlədiyini söylədi. M.Şirinov sona qədər mübahisə etdiyi iki səhmdara da üzünü tutub, \”bilsəydiniz başqa yerdə oturardınız, bilmədiyinizə görə mənimlə oturmusuz\” dedi. N.Kərimli izahat verdi ki, bütün hallarda, müəssisənin balansı təsdiq edilirsə, onun içərisində mənfəət də bölüşdürülür, balansdan kənarda nəsə qalmır. H.Babalı irad tutdu ki, \”balansda bölüşdürülməmiş mənfəət kimi göstərilir, amma ümumi yığıncaq onu bölür və təklif olunan korrektə gündəlikdə müzakirəyə çıxarılacaq məsələnin mahiyyətini dəyişmir. Cəmiyyət il ərzində mənfəət qazanıb, biz onu inkişafa, ya da dividendə yönəldəcəyik, bu, artıq ikinci məsələdir. Mən sizin xeyrinizə deyirəm. Gündəlikdə birbaşa dividendin hesablanması o deməkdir ki, qazanılan bütün mənfəət dividendə yönəldiləcək. Axı siz heç vaxt belə eləməmisiz, pulun hamısını qoymusuz o biri cibinizə, dividendi isə bir manatdan hesablamısız\”. Şirinov son cümləni anlamadığından bu dəfə qışqırıb-bağırmadı, \”sizin xeyrinizə deyirəm\”, kəlməsi ağlına batdı. Axırda təklif səsə qoyuldu və korrektə ilə qəbul olundu.

Hesabat verməli olan adam nəyin hesabatını verəcəyini bilmirdi

M.Şirinov yenə topu N.Kərimliyə ötürmək istədi, amma səhmdarlar onun səlahiyyəti olmadığı səbəbindən Şirinovun özünün hesabat verməsini tələb elədilər. V.Rəcəbov bu vəkalətnamə ilə hesabat verəcəksə məhkəməyə gedəcəyini dedi. Səhmdarlar Kərimlinin korporativ idarəetmədə vəzifəsini soruşdular, direktorlar şurasının üzvü olduğu cavabını aldılar. Deyildi ki, İH sədri müşahidə şurası üzvünə göstəriş verə bilməz, sədr kimi ya Şirinov hesabat verə bilər, ya da müavini. Dedilər Namiq müəllim həm də müavindir (adamın bir xeyli vəzifəsi varmış-H.H.). N.Kərimli etiraf elədi ki, hesabatı idarə heyəti verməlidir, lakin özü daha məlumatlı olduğundan hesabat ona həvalə edilib. H.Babalı \”bu vaxta qədər əyri yollarla gedilib, indi qanun necə deyirsə, ona əməl edin. O, Əfəndi müəllimin müavinidir, sənin deyil və idarəetmə orqanının yox, nəzarətedici orqanın üzvüdür\”, dedi. Yer-yerdən səsləndilər ki, \”nə çətin məsələ var, hesabatı götürüb üzündən oxu da, bunun üçün xüsusi hazırlaşmağa ehtiyac yoxdur\”.

Mülki Məcəllənin 107.4. maddəsinə əsasən cəmiyyətin icra orqanı kollegial (idarə heyəti, müdiriyyət) və (və ya) təkbaşçı (direktor, baş direktor) ola bilər. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Məcəllə ilə və ya cəmiyyətin nizamnaməsi ilə cəmiyyətin digər idarəetmə orqanlarının müstəsna səlahiyyətinə aid edilməmiş bütün məsələlərin həlli cəmiyyətin icra orqanının səlahiyyətinə aiddir.

Manaf Şirinov 15 milyonluq \”səhvi\” cəmiyyətin boynuna yıxdı

Hesabatdan əvvəl M.Şirinov heç aidiyyatı olmadan iclasın əvvəlində ünvanına səslənən ittihama aydınlıq gətirmək istədi: \”Ola bilsin ki, biz sizinlə haradasa daha səmimi davranıb kimin səhvi olduğunu açıq demişik və siz bunu mətbuatda yaymısız ki, biz böyük səhvlər eləmişik. Belə deyil. Bunlar hər bir idarənin, hər bir şəxsin edə biləcəyi səhvdir, şəxsən Manaf müəllimin deyil. İdarəetmədə mümkündür ki, müəyyən qüsurlarımız olub. Misal üçün, bir deyil, bir neçə bölgədə daha çox iş götürdük. Ola bilsin haradasa səmərəli olmadı, haradasa düzgün təşkil edilmədi, dediyiniz \”minuslar\” bu cəhətdən əmələ gəlmişdi. Bunu bayraq eləmək, Manaf müəllimin şəxsi səhvi kimi qələmə vermək düzgün deyil\”.

H.Babalı ona cavab verdi: \”Qanunla cəmiyyətin fəaliyyəti zamanı idarə heyətinin yaratdığı zərərə görə birbaşa məsuliyyəti var. Vurulan 15 milyon zərəri mən məhkəmə qaydasında mübahisələndirmədim, onun cəmiyyətə ödənməsini sizdən tələb eləmədim, baxmayaraq ki, Mülki Məcəllədə konkret norma müəyyən olunub, mən onun axırına getmədim. Sadəcə zərərlə bağlı mətbuata fikir bildirilib (yazının müəllifi mənəm-H.H.). Bu qədər adamın yanında özünüz dediniz ki, \”bəli, biz düzgün addım atmamışdıq, o zərər səhvlərimiz ucbatından yaranmışdı\”. Biz böyük dövriyyə olanda da səhmə 90 qəpik, 1 manat dividend almışıq, başqa vaxtlarda da\”…
(davamı növbəti saylarda)

H.HƏMİDOVA