Türkiyədəki son olayları yaxından izləmək imkanım olmadı. Ölkədən kənarda nə Azərbaycanın, nə Türkiyənin televiziyalarını izləmək imkanım vardı. İnternet yazıları da çox məhdud və ziddiyyətli idi. O ziddiyyət, yəni olaylara münasibətdəki fərqlilik indi də davam etməkdədir. Ancaq Türkiyəni sevən və onun yüksəlişini arzilayan bir adam kimi, baş verən olaylara çox üzüldüm.
Atatürkün dahilik və qəhrəmanlı əsəri olan Türkiyə Cümhuriyyəti, şübhəsiz, Şərqin və İslam aləminin qürur yerlərindən biridir. Bir müsəlman ölkəsi olan Türkiyədə dövlətçiliyin demokratik prinsiplər üzərində inkişafı İslamı aşağılamaq istəyən və çağdaş sivilizasiya ilə uyuşmaz sayanların qara niyyətlərini alt-üst edir və bu mənada hamımızın, hər bir türkün, müsəlmanın mənafeyinə fidmət edir. Buna görə də Türkiyədə Ana Yasaya, ədalətli seçkiyə və xalqın iradəsinə bağlı olan yönəticiliyin qorunması son dərəcə onəmlidir.
Hansı yöndən baxırsan bax, Türkiyə, doğrudan da, dünyanın ən gəlişmiş dövlətlərindən biridir; İslam və Qərb demokratiyasının sintezindən yaranmış bir sıra dəyərlərinə görə, dini və irqi dözümlülük, toleyrantlıq, insan sevgisi, mərhəmət, məzluma qucaq aşmaq, insanların rahat yaşaması baxımından nümunəvi bir ölkədir və tərəddüd etmədən deyirəm ki, demokratiya şüarları altında köhnə işğalçılıq və irqçılık siyasətlərini davam etdirən bir sıra Qərb ölkələrindən daha irəlidədir. Belə olan halda Türkiyənin çevriliş macəralarına və zorakı hakimiyyət dəyişikliyinə sürüklənməsi yolverilməzdir.
Ancaq sevginin gözü kor olmamalıdır. Elə Türkiyəni səmimi-qəlbdən sevdiyimizə görə, gedən proseslərə də birtərəfli yanaşa bilmərik. Şərhlərə, çeşidli yozumlara baxanda bəlli olur ki, baş verənlərin əsil mahiyyəti hələ Türkiyənin içərisində də tam aydınlaşdırılmış deyildir; buna görə də, hakimlik etmək, ağ-qara sınırları çəkmək çətindir və bu görəv bizlərə düşməz. Yuxarıda dediyim kimi, biz hərbi çeviriliş cəhdini qıınayırıq; Türkiyənin uluslararası nüfuzuna zərbə vurcaq və onun inkişafını ləngidəcək dərbə oyunlarına və hərbi macəralara qarşıyıq. Və şükür ki, bu, baş tutmadı. Lakin bunu birmənalı şəkildə xalqın qələbəsi kimi qələmə vermək də doğru olmaz. Bəli, Türkiyə iqtidarı bu oyunu uddu; Türkiyə dövlətçiliyi ağır bir sınaqdan çıxdı. Amma sonucda yüzlərlə şəhid var, dustaqxanalara doldurulan mindən çox türk əskəri var, Türk dövlətinin hər zaman şərəf və mövcudiyyət təminatçısı olan Türk silahlı qüvvələrinə haqsız basqılar, onu zəiflədən və gözdən salan bir düşmənçilik var. Türkiyəni ayaqda saxlayan, güclü edən Baş Bakanlar, Cümhur Başkanları, hətta Böyük Millət Məclisi deyil, türk xalqı və Türk əskəridir! İndiki halda türk əskərini şərəfi zədələnmiş, övladları bir-birinə əl qaldıran millətin ürəyində dərin yara açılmışdır. Elə bu da bir dərbədir və bu mənada bu oyunu quranlar öz amaclarına çatmış durumdadırlar.
Türkiyə dövləti və iqtidarı uddu, türk xalqı və türkçülük yaralandı! Mənim qənaətim budur! Bu işdə yalnız ordunu suçlu görmək fikrindən də çox uzağam.
Bu çeviriliş oyununa Türkiyəni Atatürk yolundan uzaqlaşdırmaq, onun unitar yapısına zərər vermək, Türk Silahlı qüvvələrinə güvəni azaltmaq, diktaturaya yol açmaq, İslam adına dini fanatizmi və cəhaləti gücləndirmək, Türkiyəni yenidən orta yüzillərin gerilikci zehniyyətinə sürükləmək, müsəlman həmrəyliyi adına Türk millətini simasızlaşdıraraq kimliksiz bir topluma çevirmək, türk millətçiliyini yıpratmaq kimi, son illərdə müxtəlif şəmsiyyələr altında boy göstərən türk düşmənçiliyi siyasətinin tərkinb hissəsi kimi baxıram. Ölkənin içində və dışında bu yolun yolbayları və ilhamvericiləri kimlərdir? Məncə, bu sorunun cavabını Türkiyə vətəndaşları yaxşı bilirlər. Bəli, Türk xalqı demokratiyanı və ölkənin dinc yolla yüksəlişini dəstəklədi, terrorla mübarizənin davam etdirilməsindən yana olduğunu bir daha nümayiş etdirdi. Lakin bu, Dövlətin müdafiəsidir, iqtidarın yox! Çünki, ölkənin hərbi çevriliş həddinə gətirib çıxarılmasında bu hakimiyyətin apardığı siyasətin də payı var. Bunu inkar etmək olmaz və bu barədə ciddi düşünmək lazımdır. Ölkə əhalisinin yalnız yarısından bir az artığının səsini almış iqtidar hakimiyyətdə arın-arxayın otura bilməz. O, yerdə qalan seçicinin onu bəyənməməsinin səbəblərini öyrənməli, onlara düşmən kimi yox, ölkə yönəticiliyini daha güclü və daha ədalətli görmək istəyən, öz çıxarından çox, ölkənin çıxarını düşünən vicdanlı vətəndaş kimi yanaşmalı, milli dayanışma gücləndirilməlidir.
Bu olaylarda kimliyi bəlli olmayan, Müqəddəs ramazan günlərində yəhudi –ərəb mifologiyası ilə xalqın başını xarab edib, özlərini peyğəmbər övladı yerinə qoyaraq əl öpdürən cahil din dəllallarının məktəblərindən keçən cəhalət “əskərləri” ilə — yüz illər boyu üç qitədə qanı axıdıla-axıdıla Türk dövlətçiliyinin şərəfini qorumuş Türk əskər üz-üzə qoyuldu. Günahı yalnız əmr yerinə yetirməkdən ibarət olan türk əskərinə cəhalət bayquşlarının əl qaldırmaq imkanı yaradıldı. Osmanlıdan üzü bəri Türkiyəyə xəyanət edə-edə gələn, İstanbul caddələrində “həpimiz erməniyiz!” deyərək yürüyənlər və PKK cəlladları bayram elədilər. Ölkəni və əskəri bu yerə gətirən çeviriliş proyeçilərini lənətləyirik. Mənim fikrimcə, bu, türk əskərinin başına çuval keçirmək rəzalətinin davamıdır və kim bilir, bəlkə də bu iki olayın gizli bir əlaqəsi də var…
Dərbə oyunları, dövləti qorumaq adına, diktaturaya və intiqamçılığa yeni bir yol açmamalıdır…
Türkiyəyə keçmiş olsun deyirəm. Allah Türk xalqını və Türkiyəmizi qorusun!