Şagirdlər adətən hazırlıq prosesini uğurla bitirib qəbul imtahanlarında yüksək bal toplamağı, arzuladıqları ixtisasın peşəkarı olmağı qarşılarına məqsəd qoyurlar.
Bəs necə etmək lazımdır ki, yüksək nəticə toplayasan və imtahan zamanı həyəcandan, stressdən uzaq düşərək, hazırlıq dönəmində öyrəndiklərini asanlıqla nümayiş etdirəsən?
Mövzu ilə əlaqədar təhsil ekspertlərinin, psixoloq və birbaşa olaraq, abituriyentlərlə işləyən repetitor-müəllimlərin fikirlərini öyrəndik.
Təhsil sahəsi üzrə ekspert Emin Məhərrəmov Admiral.az-a bildirdi ki, qəbul imtahanları özlüyündə qeyri-obyektiv prosesdir:
“3 saat ərzində gəncin illərlə mənimsədiyi bilik və bacarıqlarının qiymətləndirilməsi qlobal səviyyədə problemli məsələdir. Ona görə də, bu, tək bizim təhsil sistemimizin problemi deyil. Əksəriyyət ölkələrdə qəbul prosesləri müxtəlif aspektlərdən aparılır. Bizdə isə imtahanlar dərsliyi əzbərləmə prinsipi ilə həyata keçirilir. Ona görə də, abituriyentin 650-700 bal toplaması fikrimcə, yeni və təəccüblü məsələ deyil. Digər məsələ isə 700 bal toplayan abituriyentin hansı nəticələrlə universiteti başa vurmasıdır. Bu məqam çox vacibdir, amma təəssüf ki, bu proses bizdə izlənilmir.
Əhalinin diplomlara münasibəti də çox vacib faktorlardan biridir. Şotlandiyada imtahan biletləri 1 ay əvvəldən direktorlara göndərilir və seyfdə saxlanılır. İmtahan günü isə vərəqlər şagirdlərə paylanır və imtahan keçirilir. Amma bu məsələ bizdə ola bilərmi? Ola bilərmi ki, seyfi dağıtmasınlar, direktora rüşvət təklif etməsinlər. Buna inanmaq olmur. Düşünürəm ki, 600-700 bal toplamaq anormal məsələdir. Normal adam 540-550 bal toplayar. Sual texnikası baxımından suallar əzbərləmə formasına uyğun olmamalıdır. Bizdə isə nöqtəyə, vergülə də aid sual verildiyindən, nə şagirdi qınamaq olur, nə də sistemi”.
Təhsil eksperti Kamran Əsədov isə bildirir ki, bizim insanımız, şagird və valideynlərimiz elə fikirləşir ki, ali məktəblərə qəbul olmaq üçün son 1 ildə tanınmış repetitorların yanına getmək onun problemini həll edə bilər:
“Ümumilikdə, 2 qisim insanların qəbul prosesinə yanaşması diqqət çəkir. Birincisi, “təki, 200 balı keçib hara olur, olsun qəbul olum” prinsipi ilə yanaşanlar. İkincisi, “yüksək bal toplayaraq, yaxşı yerə qəbul olum, xatirələrdə yaxşı şagird kimi qalım” deyənlər. Təbii ki, bütün müəllimlərin arzuladığı və bəyəndiyi ikinci qisim insanlardır. Bu, həm təhsil göstəricisidir, həm də gələcəyin savadlı kadrları deməkdir. Təəssüf ki, bu gün heç 10% abituriyentlər heç 500-dən çox bal nəticəsini göstərə bilmirlər. Bunun üçün ilk növbədə şagirdlər kiçik yaşlarından özlərinin oxumaq istədikləri ixtisaslara bölünməlidir.
Məktəblər ibtidai siniflərdən etibarən təmayül yönümlü qurulmalıdır. Eyni zamanda, qəbul imtahanı həyata keçirən qurum mütəmadi olaraq, diaqnostik yoxlama imtahanları həyata keçirməlidir ki, şagirdlər istər bilik, istər psixoloji baxımdan hazır olsunlar”.
Ekspertin sözlərinə görə, bir çox abituriyentlər var ki, onlar yüksək potensiala malikdir, amma imtahanda özlərini itirirlər. Çünki onlar mütəmadi olaraq, sınaq imtahanlarında iştirak etmirlər. Bununla yanaşı, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) davamlı şəkildə test və məlumatlandırıcı kitabçaları, test banklarını ictimaiyyətə təqdim edir. Bu qurumun vəsaitlərilə işləyən şagirdlər qaydaları bilməlidir. Təəssüf ki, şagirdlər son 2 ilə güc verdiklərindən yüksək nəticə əldə edə bilmirlər.
Kamran Əsədov deyir ki, şagirdlər TQDK-nın illər ərzində toplanan test modellərinə nəzər salmaqla, özlərinin işini və qəbula hazırlıq prosesini 50-60% yüngülləşdirə bilərlər:
“Qəbul elə bir prosesdir ki, burada sistemli şəkildə işləməlisən. Bəzən şagirdlər və müəllimlər bu cür məqamlara çox da diqqət etmirlər. Əsas odur ki, son 3-4 il ərzində istifadə olunan test modellərini diqqətlə izləyərək mövzuları diqqətdə saxlasalar, nəticələr də yüksək olar. Hazırlıq prosesində 50% şagirdin, 30% müəllimin, 20% məsuliyyət isə valideynin üzərinə düşür. Valideyn bu üçlük arasında əlaqələndirici və dəstəkləyici rol oynamalıdır.
Şagirdin vaxtlı-vaxtında qidalanmasına, dərsə gedib-gəlməsinə, yatma saatına, onun ictimai münasibətlərinə, dərs bölgüsünə nəzarət etməlidir. Müəllim evdəki proseslərə müdaxilə edə bilmədiyindən, bu iş valideynin öhdəsinə düşür. Bu gün validenylərin böyük əksəriyyəti müəllimlərin, repetitorların aylıq ödənişini etməklə işlərini bitmiş hesab edirlər. Əgər sən öz övladına diqqət etmirsənsə, müəllim niyə diqqət yetirməlidir?! Bu cür problemlərin aradan qaldırılması üçün müəllim, şagird və valideynlər əl-ələ verməlidir. Kompleks şəkildə proses davam etdirilsə, şagirdlərin yüksək nəticə əldə etməsi asanlaşar”.
Psixoloq Elnur Rüstəmov Admiral.az-a bildirib ki, fənn hazırlığı ilə yanaşı, psixoloji hazırlıq qəbul imtahanına hazırlıq dönəmində xüsusi rol oynayır:
“Bu il qəbul imtahanları prosesində digər illərlə nisbətdə müəyyən irəliləyiş hiss olunur. Əslində, bu irəliləyiş təkcə fənn hazırlığını özündə ehtiva etmir. Eyni zamanda, psixoloji hazırlıq da mühüm rol oynayır. Abituriyent 600-650 ballıq potensialı olduğu halda qəbul imtahanında 400-450 bal yığır və 100-150 ballıq itki olur. Çox zaman görürük ki, bu səhvlər sırf psixoloji faktorlardan qaynaqlanır. İlk növbədə onlar yeniyetmədir. Sualı əvvəldən axıra qədər oxumurlar. Və ya təkzib və təsdiqi qarışdırırlar, məsələn, sualda “belə deyil” ifadəsini abituriyent “belədir” kimi oxuyur. Yaxud da böyük riyazi hesablamanı aparırlar və sonda “2+3=6” yazırlar. Bunlar da diqqət dağınıqlığından irəli gəlir. Nəticədə də bu cür problemlər yaranır\”.
Psixoloqun sözlərinə görə, bu prosesdə valideynlər də diqqətli olmalıdır:
“Valideynlər də birmənalı şəkildə abituriyentlərin imtahana hazırlığı prosesində fənn hazırlığı ilə paralel olaraq, psixoloji hazırlığı da diqqətdə saxlamalıdır. Əgər abituriyent həftədə 1 dəfə və ya ayda 2 dəfə olmaqla, psixoloqla üsiyyətdə olsa, motivasiyanı yüksək səviyyədə saxlaya bilər, stressdən uzaq qalar. Ona görə də bu prosesdə psixoloji dəstək vacibdir. Müəyyən qaydalar var ki, abituriyentlər onlar sayəsində evdə də psixoloji hazırlıq görə bilər. Amma bu, o qədər də peşəkar olmur deyə, yaxşı olar ki, mütəxəssislə məsləhətləşsinlər. Belə olduqda, daha tez və effektiv nəticə əldə edə bilər”.
Abituriyent hazırlığı üzrə repetitor-müəllim Nəriman Cəbrayılov isə bildirdi ki, ümumiyyətlə, 650-dən 700-ə qədər bal toplayan şagirdlərin bilikləri bir-birinə çox yaxındır:
“Bu da o deməkdir ki, onlar arasında bilik problemləri yoxdur. 650-dən yuxarı bal toplayan şagirdlər üçün bilik xüsusi rol oynamır. Bu zaman daha çox psixoloji faktorlar nəzərə alınmalıdır. Bu da birbaşa olaraq, şagirdin güvəni, müəllimlərin təsiri, həm də evdə olan müsbət söz-söhbətlərlə əlaqədardır. Çünki ata-ananın şagirdə verdiyi mesaj çox önəmlidir. Valideyn son 1 həftə, 10 gün ərzində şagirdə “mütləq bu qədər toplamalısa, belə olmalıdır” deməməlidir. Məcburiyyət olduğu zaman abituriyent bildiyi savadı ortaya qoya bilmir. Eyni zamanda, müəllimlərin də imtahan vaxtına yaxın abituriyentlərlə söhbət aparması, loru dildə desək, ürək-dirək verməsi lazımdır”.
Repetitorun sözlərinə görə, adətən, abituriyentlər aprel ayının sonu, mayın əvvəlində hazırlıq proqramını bitirirlər. Buna görə də, şagirdlər son 1 həftə, 10 gündə yeni biliklər əldə etmirlər:
“Bu baxımdan da onlar bu müddət ərzində keçirilənləri sürətli şəkildə təkrarlayırlar. Bildiyi, öyrəndiyi dərslər, mövzular yenidən təkrarlansa, sıxıla və bezə bilər. 1 ay ərzində keçirilən bütün fənnləri və mövzuları təkrarlaya bilər. Bir səhifəni təkrarlamaq üçün 1 dəqiqə oxumaq, göz gəzdirmək kifayət edər. Daha çox şagirdlər açıq tipli test tapşırıqlarında sıxıntı çəkirlər. Bu suallarda çətinlik çəkməmək üçün son dönəmlərdə bu suallara xüsusi diqqət yetirmək lazımdır”.(admiral.az)
İnterpress.az