Kənd sakinləri bu müəssisələrin fəaliyyətindən narazıdırlar.
Sakinlər danışırlar ki, evlərinin yaxınlığındakı quşçuluq fermasına görə baş götürüb getməyə yer axtarırlar. Kənd sakini Elşən Həsənov deyir, fermada kəsilən toyuqların qanı boruyla torpağa axıdılır:
EV QUŞLARI TƏLƏF OLUR
\”Burda torpaqlar qanla suvarılır. Gah dərmanlı su axıdırlar, gah xlor, gah qan… Saxladığımız toyuq-cücələr, ördək-qazlar evin ətrafındakı sudan içib tələf olurlar. Evdə fermanın üfunətindən oturmaq mümkün deyil. Bu fermaya görə yaşayışımız yoxdur\”.
Ərazidə yaşayan digər sakin Cəsarət Cavadov deyir, neçə ildir ki, beton zavoduna görə çayın dibini qazırlar. Zərərini isə ətrafda yaşayan sakinlər görür:
\”İKİSİ DƏ DEPUTATINDIR DEYƏ..\”
\”Evimin divarları uçmaq təhlükəsindədir. Onlar çayı qazdıqca, bizim evlərin altında boşluq yaranır. Bu dəqiqə evim tam qəzalı vəziyyətdədir. İcra hakimiyyətinə də müraciət etmişəm. Müəssisələrin ikisi də deputat Hacı İqbalındır deyə, heç kəs əl bulaşdıra bilmir. Əksinə, özümüzü günahkar çıxarırlar\”.
Sakin Rəcəb Rüstəmovun deməsinə görə, çayın çınqılları daşınır deyə, ətrafda yarğanlar əmələ gəlib: «Hər iki müəssisə ətraf mühitə ziyan vurur. Beton zavodu xammalı kəndin ortasından keçən çaydan götürür. Çayın çınqılının daşınması hesabına ətrafda yarğanlar əmələ gəlib. Çay ildən-ilə genişlənir. Ətrafdakı evlərə təhlükə yaranıb. Quşçuluq fabrikində kəsilən toyuqlarınsa qanı həm çaya, həm də torpağa axıdılır».
\”ORA 200 KƏNDLİNİN ÇÖRƏK YERİDİR\”
Lerik rayon İcra Hakimiyyətindən «Qaynar xətt»ə bildirilib ki, sakinlərin qaldırdıqları problemlər qurumun səlahiyyətlərinə aid deyil: «5 il əvvəl o yerə sərəncam veriləndə sahibkar o torpaqları artıq ayrı-ayrı vətəndaşlardan qanuni yolla almışdı. Yəni şəxsi mülkiyyətdə olan torpaq sahəsidir. Ferma, zavod tikiləndən sonra ətrafdakı torpaqları bələdiyyə vətəndaşlara satıb, adamlar gəlib orda evlər tikiblər. Torpağı alanda görürdülər ki, orda fabrik, zavod var. Özləri də kənd adamlarıdır.
Kənardan gələn deyillər ki, vəziyyətdən xəbərsiz olsunlar. Torpağı qanunla 200 metr aralıdan almalı idilər. İndi deyirlər, «ferma, zavod sökülsün, çünki biz burda yaşayırıq». Bunu torpaq alanda fikirləşmək lazım idi. O müəssisələrdə dəfələrlə Ekologiya Nazirliyi ilə birgə araşdırma aparılıb, standartlara cavab verən havalandırması, gigiyenik tələblərə cavab verən iş şəraiti var. Üstəlik də, 200 kəndlinin çörək yeridir».
İcra hakimiyyətindən bildirilib ki, hər iki müəssisə sahibkar Çingiz Məmmədova məxsusdur.
O, Lerikdən deputat İqbal Məmmədovun qardaşıdır.(regionxeber)