Linz Universitetindən olan protez mütəxəssisi prof.dr. Hubert Egger komandası ilə birlikdə Vyanada təşkil etdiyi mətbuat konfransında uzun araşdırmalar nəticəsində icad etdiyi və “hiss edən protez ayaq” adını verdiyi məhsulu ictimaiyyətə təqdim edib.
Egger xəstənin ombasından ayağına doğru uzanan sinirlərə yenidən quruluş verərək dəri altına yaxın bir hissəyə yerləşdirdiklərini və protez ayağın, dabanına yerləşdirilən 6 ədəd sensorla süni ayağın içərisindəki xəbərdaredicilərə bağlandığını söyləyib.
Egger ayaq hərəkətlərinin yaratdığı təzyiqlə əmələ gələn siqnalların əvvəlcə əmr mərkəzinə, oradan da sinir ucları yolu ilə beyinə çatdırıldığını bildirib.
Zəminin təzyiqini dərhal hiss edir
Doktor Egger addım atıldığı anda ayaq altındakı xəbərdaredicilərin beyinə xəbərdarlıq göndərdiyini qeyd edərək protezi geyinən insanın yeridiyi zaman zəminin təzyiqini dərhal hiss etdiyini deyib: “Hər şey göz önündə baş verir. Gördüyünüz kimi, hər şey çox sadədir”.
Normal protezlərdə beyin ayağı hiss edə bilmədiyi üçün ağrıların artdığını deyən Egger protez ayağın bu problemi də aradan qaldırdığını ifadə edib.
Keçirdiyi qəza nəticəsində meydana gələn qan laxtalanması səbəbilə 2007-ci ildə sağ ayağı kəsilən Wolfgang Rangger “hiss edən protez ayağı” təxminən 6 ay evində sınaqdan keçirib.
Jurnalistlərin qarşısında protez ayağı bir daha sınaqdan keçirən Rangge qurulan süni pilləkənlərə problemsiz çıxmağa nail olub. Rangger protez ayaqları ilə qaçdığını, velosiped sürdüyünü və hətta dırmaşdığını da qeyd edib. Özünü yenidən doğulmuş kimi hiss etdiyini deyən 54 yaşındakı Rangger hisslərini belə ifadə edib: “Sanki ayağım yerində imiş kimi hiss edirəm. Artıq buz üzərində sürüşüb yıxılmıram, çınqıl, beton, ot və ya qumda rahatlıqla yeriyirəm. Yeni ayağımla kiçik çınqıl daşlarını belə hiss edə bilirəm”.
Qiyməti 30 min avroya qədərdir
Yüksək texnologiya ilə hazırlanmış “hiss edən ayaq” protezinin qiymətinin 10 min avro ilə 30 min avro arasında dəyişdiyi qeyd edilib. Ayaqlarını itirənləri yenidən həyata bağlamaq üzərində çalışmaları davam etdirdiklərini vurğulayan komanda böyük bir şirkət yaradacaqlarını və bazar qiymətlərini aşağı salmaq üçün ən qısa müddətdə kütləvi istehsala keçəcəklərini nəzərə çatdırıb. (saglamolun.az)
İnterpress.az