“Türkiyədə ölüm hökmünün bərpa ediləcəyinə inanmıram”backend

“Türkiyədə ölüm hökmünün bərpa ediləcəyinə inanmıram”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyədə baş verən proseslər, 15 iyul qiyamından sonra xalqın hələ də meydanlarda olması dünyanın diqqətini neçə gündür bu ölkəyə yönəldib.

Qardaş ölkədə fövqəladə vəziyyət elan edilib, hadisələrin hansı istiqamətdə inkişaf edəcəyini isə indidən müəyyən etmək o qədər də çətin deyil. Hazırda Türkiyədə vəziyyətin necə olması ilə bağlı bu ölkədə təhsil alan “Yeni Müsavat” qəzetinin yazarı Kənan Rövşənoğlu ilə son durumu dəyərləndirdik.

– Kənan bəy, Türkiyədə durum necədir, fövqəladə vəziyyət nəyi dəyişəcək?

– Hazırda vəziyyət sakitdir. Ancaq hökumət hələ də xalqın səfərbərliyini davam etdirir, axşamlar mərkəzi meydanlarda aksiyalar olur. Vəziyyət tam normala dönməyib. Hələ də narahatlıq var. Çoxlu sayda insanlar aksiyalara gedir, dəstək verir. Türkiyə cəmiyyəti hazırkı hökumətə münasibətindən asılı olmayaraq, hərbi çevrilişləri yaşadığı üçün istəmir. Üstəlik, çevrilişin xaricdən idarə olunması ona etirazları daha da böyüdür.

– Sizcə, bu hadisələrdən sonra Türkiyədən Avropaya gedən siyasi mühacirlərin sayı artacaqmı?

– İnanmıram. Təbii ki, hazırda böyük sayda işini itirənlər ordusu var. Son məlumata görə, 50 min nəfərdən çox insan dövlət və ictimai qurumlarda işdən azad edilib. Həbs olunanlar da çoxdur. Yəqin ki, müəyyən zamanda gedənlər olacaq. Ancaq Türkiyə böyük ölkədir, son 50 ildə bu ölkədən minlərlə insan fərqli zamanlarda ölkəni tərk edib.

– Təhlükəsizliklə bağlı vəziyyət necədir? Küçədə gəzərkən insanlar təhlükə hiss edirmi, narahatlıq varmı?

– O sahədə ciddi bir problem yoxdur. Bir neçə gündür ki, metro və bələdiyyə avtobusları pulsuz xidmət göstərir. Şəhərdə sakitlik və normal mühit var. Yalnız ara-sıra gecələr güllə və atəş səsləri gəlir. O da bəzən polis əməliyyatları, bəzən də həyəcanlı əhalinin açdığı atəşlər ola bilər. Türkiyədə belə şeylər yayğındır. Amma insanlar üçün xüsusi bir təhlükə və narahatlıq yoxdur, polislər küçələrdə növbə çəkirlər.

– Bakıda bir çox ailələr Türkiyədə ali məktəbə qəbul olan övladlarını oraya göndərməkdən imtina etdi. İstirahətə gedənlərdən də çoxu imtina edir. Türkiyə haqqında artıq təhlükəli ölkə imici formalaşır…

– Məncə, bu barədə qərar vermək tezdir. Təbii ki, Türkiyədə bugünlərdə qarışıqlıqdır, istirahətə gedənlərin imtina etməsini başa düşmək olar, amma təhsil üçün hələ dərslər payızda başlayır, o zamana qədər hər şey qaydasına düşər. Yalnız dediyim kimi, qısa müddətdə, bugünlərdə narahatlıq var. Qarşıdakı dövrdə qaydasına düşəcək.

– Türkiyədə bu hadisələri birbaşa izləyirsiniz. Bu gedişat sizə nə deyir? Yaxın gələcək üçün, proqnozlarınız necədir?

– Türkiyə ağır bir sürəcdən keçdi. Modern bir ölkədə hərbi çevriliş cəhdi oldu, istənilən halda ölkəyə böyük zərbə dəydi. Eyni zamanda bu mərhələ hələ başa çatmayıb, ölkə qarşıda ağır bir yenilənmə dövrü keçəcək. Bu isə elə də asan deyil. Türkiyədə yenidən çevriliş olması ən azı yaxın dövrdə mümkün deyil. Xalq bir növ iradəsini ortaya qoyaraq bu məsələdə öz sözünü dedi. Amma istənilən halda bu hadisələr Türkiyə cəmiyyəti üçün ağır bir imtahan, çətinlik dövrüdür. Dövlət, siyasi qüvvələr və xalqın bu prosesdən birgə çıxmaq imkanı var.

– Siyasi partiyalar Ədoğanı dəstəkləyirmi?

– Siyasi partiyalar Ərdoğanı deyil, Türkiyə dövlətini və demokratiyanı dəstəkləyir. Türkiyədə hər kəs, xüsusən də yaşlı insanlar bir neçə hərbi çevriliş görüb, onun ağrı-acılarını yaşayıb. Bir daha çevriliş olmasını istəmirlər. Ona görə də hər kəs ilk gündən etiraz etdi.

– Bəs cəmiyyət necə?

– Meydanlar doludur və təbii ki, hər kəs Türkiyə dövləti və onun prezidentinə dəstək verir.

– Baş verənlərdən dolayı narahatlıq varmı?

-İnsanlarda müəyyən qədər ümumi narahatlıq var. Türkiyə kapitalist ölkəsidir, bu cür vəziyyət ölkə iqtisadiyyatını zəiflədir, türk lirəsi ABŞ-da dünənki dollar qərarından sonra yenidən dəyərini itirdi. Bu da əhalinin ümumi vəziyyətinə, iqtisadiyyata, ticarətə və turizmə ciddi təsir edir və ümumi narahatlıq yaradır.

– Türkiyə dini qurumu olan Dəyanət Vəqfi öldürülən qiyamçıların dəfnində dini qaydaların yerinə yetirilməyəcəyini, onlara camaat namazının qılınmayacağını açıqladı. Bu qərar cəmiyyətdə necə qarşılandı?

– Diyanət bir mənada dövlət qurumudur, rəsmi dini idarədir. Bu qərarın özü birmanalı qarşılanmayıb, daha çox son hadisələrin təsiri altında emosional verilmiş qərardır. Tarixdə də belə addımlar olub. Amma bu, o demək deyil ki, o adamlar müsəlman kimi dəfn olunmayacaqlar. Türkiyədə çoxlu sayda rəsmi qurumlara tabe olmayan müstəqil din adamları var, onlar bu işi görəcəklər.

– Bir də qiyamçılar üçün ayrıca qəbiristanlıq açılacağını və onların məhz orada dəfn olunacağını bildiriblər…

– Qəbiristanlıq haqda mən bu gün bildim. Bu, amansız bir cəzadır. Yenə qeyd edim ki, müəyyən mənada son hadisələrdən doğan qəzəb və qisas hissinin təsiri ilə atılan addımdır. Türkiyədə böyük qisim insanlar düşünür ki, o qiyamda iştirak edib xalqa, dinc insanlara güllə atanlar vətən xainidirlər, ən ağır cəzalara layiqdirlər.

Amma Türkiyə müsəlman ölkəsidir, hər nə qədər nifrət və qəzəb güclü olsa da, qanunların və dəyərlərin də öz hökmü var. Zamanla hər şey sakitləşəndən sonra yəqin ki, bu məsələlər də müəyyən mənada axarına düşəcək.

– Kənan bəy, bəs İslam dinində bu, necə əks olunur? Dövlət əleyhinə çıxan şəxslərin öldükdən sonra bu şəkildə cəzalandırılması doğrudurmu?

– Mən, açığı, İslam dinində müsəlmanın törətdiyi cinayətdən və ya sağlığında etdiyi hansısa əməl səbəbilə, öldükdən sonra cəsədlərinin cəzalandırılması təcrübəsinə rast gəlməmişəm. İnsan öldükdən sonra artıq Allahın hüzurunda olur. Onun cəsədi qisas obyekti ola bilməz. Burada yenə deyirəm, dindən daha çox son hadisələrdən doğan ümumxalq qəzəbi və nifrəti rol oynayır. Amma zamanla sakitləşmə olacağını düşünürəm.

– İddialar var ki, artıq bundan sonra Türkiyədə demokratiya təhlükədədir. Dövlətçilik naminə müəyyən demokratik dəyərlər qurban verilə bilər. Belə bir tendensiya varmı?

– Zənn etmirəm. Hazırda dövlətdə böyük bir gizli təşkilatlanma təmizlənir. Dövlət üçün çətin də olsa, lazımlı addımdır.

– Bir də edam cəzasının verilməsi ilə bağlı qanun qəbul edilməsi gündəmdədir. Sizcə, Türkiyə cəmiyyəti buna gedəcəkmi?

– Birincisi, qanun geriyə tətbiq olunmur. Bu hüquqən mümkün deyil. Çağırışlar olsa belə, bunun qanunla qəbul ediləcəyinə inanmıram. (musavat)

İnterpress.az