Xırdalan şəhəri 5 saylı məktəbin birinci sinfinə eyni ildə gedən qardaşlar elə eyni ildə də məzun olublar.
Onların bərabərlik prinsipini pozan isə Nurlanın toplaya bilmədiyi 15 bal olub. Rəvan 700, Nurlan isə 685 bal toplayıb.
Nəzərəliyevlər deyir ki, onlar birinci sinifdən bünövrəni sağlam qurublar və hər zaman dərsə məsuliyyətlə yanaşıblar:
– Birinci sinfə 2005-ci ildə girmişik. Birinci sinfə gələndən biz artıq ibtidai sinif müəlliməsinin verdiyi tapşırıqları yerli-yerində hazırlayırdıq. Davamlı olaraq dərslərə hazır gəlirdik.
– Qardaşımın da dediyi kimi, birinci sinifdən tam hazırlaşmaq lazımdır. Yəni bunu son iki ildə etmək olmaz. Son iki ildə ancaq müəllim yanına getmək lazımdır.
Əkizlərin böyük qardaşı isə 2013-cü ildə 677 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Onları daha da həvəsləndirən də elə böyük qardaşı olub: \”Qardaşım 677 bal yığmışdı.
Ondan sonra bizdə daha da həvəs oyatdı. Artıq biz də yüksək bal toplayacağımıza inanırdıq. Çünki onun kimi biz də məktəbdə davamlı şəkildə hazırlaşırdıq, gündəlik dərslərə hazır gəlirdik. Məktəbdə bütün illərdə qiymətimiz 5 olub. Bu da yüksək bal toplayacağımıza bir stimul idi. Müəllim yanına gedəndən sonra artıq özümüzün fərqliliyini hiss etdik. Bu isə yüksək nəticə göstərəcəyimizə inam yaratmışdı. Həmin o 2 il ərzində də davamlı şəkildə çalışmaq yüksək bal toplamağa gətirib çıxardı\”.
Qardaşların anası Aidə Nəzərəliyeva həmin məktəbdə riyaziyyat müəlliməsi işləyir. Onlar evdə müəllimə olan analarından da faydalanıblar. Bilmədikləri mövzuları evdə müzakirə edərək həll ediblər:
\”Bəzi məsələlər, misallar olub, anam evdə kömək edib. Qardaşım və yaxud Nurlan eyni hazırlaşdığımız dövrdə bəzi anlamadığımız şeyləri bir-birimizə kömək edirdik, müzakirə edirdik. Çox müzakirələr aparırdıq həmin məsələlər üzərində. Elə olurdu mənim dediyim çıxırdı, elə olurdu onun dediyi düz çıxırdı. Müəllimlərdən çox faydalanırdıq\”.
Rəvan deyir ki, cəmi bir sualda tərəddüd edib, onu da imtahandan sonra müəllimi ilə müzakirə edib və cavabın düz olduğunu bildikdən sonra 700 bal yığdığına tam əmin olub: \”Bir sual var idi, tərəddüd edirdim o sualda. Amma onda da özümü topladım, testlərdən yadımda qalmışdı və həmin suala cavab yazdım. Çıxanda müəllim zəng eləmişdi, onu soruşdum ki, dedim bu variant yazmışdım, dedi düz yazmısan.
Onda hiss elədim ki, 700 bal toplamışam artıq. Cavablar çıxanda çox sevinirdim. İlk sevincimi də elə ailə üzvlərimlə bölüşdüm, yəni atam, anam, qardaşımla. Onlar evdə idi, cavab çıxanda artıq dedim ki, 700 bal toplamışam. Hətta anam və babam sevincdən ağladılar. Qardaşımın nəticəsinə görə də çox sevindim\”. (apa)
İnterpress.az