Türkiyə-ABŞ münasibətlərində gərginlik Azərbaycana da təsir göstərə bilərbackend

Türkiyə-ABŞ münasibətlərində gərginlik Azərbaycana da təsir göstərə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyə iqtidarının ABŞ-dan Hizmət Hərəkatının lideri Fətullah Güləni ciddi şəkildə tələb etməsi, Vaşinqtonun isə hələ bu tələbi yerinə yetirməməsi iki dövlət arasında münasibətləri soyuqlaşdırıb. İllərlə müttəfiqlik münasibətlərində olan dövlətlərin münasibətləri pozulmaq təhlükəsi qarşısındadır.

Azərbaycanın strateji müttəfiqi ilə yaxın tərəfdaşı olan ölkələrin münasibətlərində gərginliyin Azərbaycana hansısa şəkildə təsir edib-etməyəcəyi sualı aktuallaşır. Bu mövzuda “Yeni Müsavat”a danışan politoloq Elxan Şahinoğlu öncə bildirdi ki, hərbi çevriliş cəhdi ilə bağlı Türkiyə hökuməti və hüquq-mühafizə orqanları çox ciddi faktlar ortaya qoyublar ki, bu işin arxasında Fətullah Gülənin “Hizmət” hərəkatı dayanıb. Ona görə də Gülənin təhvil verilməsi tələbini qəti şəkildə qoyublar: “Düzdür, Fətullah Gülən hadisənin sabahı mətbuat konfransı keçirərək and-aman etdi ki, onun bu işdə əli yoxdur. Amma neçə ildir biz bu prosesləri müşahidə edirik və görürük ki, Gülən dövlət içində dövlət yaradıb. 30 ildir gəncləri yığıb öz məktəblərində oxutdular və müxtəlif dövlət orqanlarında işlətməyə başladılar. Görünür, orduya da yetirmələrini yerləşdiriblər.

Çünki çevriliş cəhdinə rəhbərlik edənlərin də çoxunun məhz Gülən hərəkatına xidmət eləyənlərin olduğu ilə bağlı ehtimallar ortadadır. Çevriliş isə ona görə baş tutmadı ki, ilk dəfə olaraq hərbi çevrilişə xalq kütlələri etiraz edib küçələrə çıxdı və ordu ikiyə bölündü. Bu, Gülən tərəfdarlarının ən böyük uğursuzluğu idi. Dərhal da prezident Ərdoğan Güləni ABŞ-dan daha ciddi şəkildə tələb etməyə başladı və bu tələblər son günlər daha da sərtləşib. Nəticədə ABŞ-la münasibətlərdə bir soyuqluq yaşanır. Mən düşünmürəm ki, ABŞ Güləni belə asanlıqla Türkiyəyə təhvil versin. Hətta məncə, ümumiyyətlə heç təhvil verməyəcək. Bu da sonda ona gətirib çıxaracaq ki, ABŞ-Türkiyə münasibətləri daha çox soyuyacaq. Onsuz da bu hadisəyə qədər də münasibətlərdə soyuqluq var idi. Görünür soyuqluq daha da artacaq.

Bunun da qarşılığında Ankara Rusiya ilə münasibətləri sıxlaşdıracaq. Ərdoğan həm üzr istədi, həm də belə çıxdı ki, Rusiya təyyarəsini vuran da darbeçilərdən imiş. Artıq Türkiyə hakimiyyət dairələri tərəfindən belə bir arqument ortaya atılır ki, bu işin də arxasında Gülənin ”Hizmət\” hərəkatı dayanıb. Rusiya təyyarəsini vurub qəsdən iki ölkə arasında münasibətləri soyutmaq planı olub. Bu iddianın nə qədər doğru, nə qədər yanlış olduğunu indi söyləmək çətindir. Onu gələcək istintaq göstərəcək. Amma hər halda son dağıdıcı proseslərdə Gülən hərəkatının rolu danılmazdır.

Görünür ki, Gülən hərəkatı Azərbaycanda da dərin kök salıb. 1990-cı illərdən başlayaraq qəzetləri, televiziyaları, böyük şirkətləri, maliyyə kanalları qurulub. Azərbaycanın da müxtəlif strukturlarında Gülən hərəkatına xidmət edənlər yer alıblar. Ərdoğan bir neçə il öncə Bakıya səfərində Azərbaycan rəhbərliyinə bir siyahı da vermişdi ki, bu prosesin qarşısı alınsın. Hakimiyyət də bundan sonra müəyyən addımlar atdı. Amma düşünürəm ki, Gülən şəbəkəsi hələ də Azərbaycanda mövcuddur. Çünki ortada böyük pullar var. Yəqin ki, Ankara Bakıdan təmizləmə işlərini daha da sürətləndirməyi istəyəcək. Azərbaycan Türkiyənin strateji müttəfiqidir və böyük ehtimalla Bakı Ankaranın sözünü yerə salmayacaq. Bu şəbəkədən qurtulmaq lazımdır. Bunlar dövlət içində dövlət yaradırlar, Masson lojasına bənzəyirlər, yalnız özlərininkinə dəstək olurlar. Mən Azərbaycanda elə adamlar tanıyırdım ki, heç bir maliyyəsi yox idi, amma Gülən hərəkatına itaət etdikdən sonra milyonlar topladılar. Türkiyənin bir televiziya kanalı iki il öncə məni müsahibəyə dəvət etdi, orada Gülən haqqında bir-iki tənqidi fikir söylədim. Ondan sonra məni həmin televiziyaya çağırmadılar. Bu da bir daha göstərir ki, onlar necə dərin kök salıblar\”.

Politoloq qeyd etdi ki, Ərdoğan hakimiyyəti Azərbaycan və digər ölkələrdən Gülən hərəkatını terrorçu təşkilat kimi tanımağı istəyəcək: “Belə bir tələb ABŞ-dan da ediləcək. Bu isə ABŞ-la münasibətlərə əlavə soyuqluq gətirəcək. ABŞ-Türkiyə münasibətlərinin soyuqlaşmasının hər iki ölkə ilə sıx münasibətləri olan Azərbaycana da müəyyən təsiri ola bilər. Türkiyə Azərbaycanın strateji müttəfiqidir, ABŞ isə tərəfdaşıdır. Necə ki, biz istəmirdik Türkiyə-Rusiya münasibətləri pozulsun, eləcə də istəmirik ki, Türkiyə-ABŞ münasibətləri pozulsun. Çünki münasibətlər pozulsa, bunun Cənubi Qafqaza da mənfi təsirləri ola bilər. Cənubi Qafqaz bundan zərər çəkər. Amma başqa tərəfdən də nəzərə alaq ki, Türkiyə-Rusiya münasibətlərinin yaxşılaşması Cənubi Qafqazda müsbət atmosfer yarada bilər”.

“ABŞ-Türkiyə münasibətləri pozulsa, qardaş ölkənin rəhbərliyi Azərbaycan qarşısında məsələ qaldıra bilərmi ki, siz də ABŞ-la münasibətlərə yenidən baxın” sualına E.Şahinoğlu belə cavab verdi: “Bu məsələ də çox aktualdır və bu həssas məqama bizdə hələ o qədər də diqqət yetirmirlər. Mən bir misalı önə çəkə bilərəm, Türkiyə-İsrail münasibətləri gərginləşəndə Türkiyənin o zamankı səfiri Hulusi Kılıc bəyan etdi ki, Azərbaycan yenidən İsraillə münasibətlərinə baxsın. Çox yaxşı ki, rəsmi Bakı o zamanlar İsraillə bağlı siyasətini dəyişmədi. Düzdür, Türkiyə bizim strateji müttəfiqimizdir, amma mənim dostumun düşməni avtomatik mənim də düşmənim deyil. Mümkündür ki, kimlərsə Türkiyədə Azərbaycanın da ABŞ-la münasibətlərinə göz gəzdirməsini istəsin. Amma mən düşünmürəm ki, xatırlatdığım İsrail məsələsindən sonra Ankara Bakı qarşısında sərt tələb qoysun ki, siz də Vaşinqtonla münasibətlərə yenidən baxın. Bununla belə əgər belə bir tələb olsa, düşünmürəm ki, Azərbaycan ABŞ-la münasibətlərini soyutsun”.

Interpress.az