Tədbirdə çıxış edən Bakı-2015 Avropa Oyunları Əməliyyat Komitəsinin kommunikasiya şöbəsinin direktoru Uilyam Lui-Mari deyib ki, prezident İlham Əliyevin diqqət və qayğısı sayəsində idman Azərbaycanın milli missiyasına çevrilib.
Uilyam Lui-Mari qeyd edib ki, 20 ildən çoxdur müstəqilliyini bərpa edən Azərbaycan bu müddətdə mötəbər idman yarışlarında uğurla iştirak edib. Onun sözlərinə görə, Bakıda keçiriləcək ilk Avropa Oyunları Azərbaycanı qitənin idman xəritəsinə bir daha təqdim etmək üçün olduqca gözəl fürsətdir: “Birinci Avropa Oyunları həm humanitar, həm də infrastruktur baxımından Azərbaycanda böyük irs qoyacaq. 17 gün ərzində Avropanın bütün ölkələrindən olan 6 mindən çox atlet idmanın 20 növü üzrə 253 dəst medal uğrunda mübarizə aparacaq.
İdman növlərinin 16-sı Olimpiya idman növüdür. Yarışları 600-dən çox jurnalist işıqlandıracaq. Oyunlar 18 idman qurğusunda, o cümlədən xüsusilə bu yarışlar üçün tikilmiş 5 yeni obyektdə keçiriləcək. Avropa Oyunlarında həm Azərbaycandan, həm də qitə ölkələrindən 16 mindən çox könüllü iştirak edəcək. 6 mindən çox incəsənət xadiminin ifasında təqdim olunacaq açılış və bağlanış mərasimləri dünyanın 100-dən çox ölkəsində birbaşa yayımlanacaq”.
“Bakı-2015”in mətbuat əməliyyatları şöbəsinin direktoru xanım Ceyn Pirs isə çıxış edərək Avropa Oyunları zamanı mətbuat xidmətlərinin təşkili ilə bağlı məlumat verib. Oyunların işıqlandırılmasında iştirak üçün 1200-dən çox jurnalistin müraciət etdiyini nəzərə çatdıran Ceyn Pirs mətbuat nümayəndələrinin media şəhərciyində yerləşəcəklərini söyləyib: “Biz çalışacağıq ki, media nümayəndələrinə Olimpiya səviyyəli xidmətlər göstərək və jurnalistlər üçün hər cür şərait yaradaq”.
Ceyn Pirs “Bakı-2015” Əməliyyat Komitəsinin AzərTAc ilə rəsmi tərəfdaşlıq və Azərbaycan tərəfindən Avropa Oyunlarını rəsmi xəbər agentliyi kimi işıqlandırması danışıqların aparıldığını diqqətə çatdırıb. Sonra Bakı-2015 Avropa Oyunlarına həsr olunan videoçarx nümayiş etdirilib. (apa)
İnterpress.az