Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən İnterpress.az-a verillən məlumata görə, Nazirlik tərəfindən 1 milyon 312 min nəfərə əmək pensiyası, 506,1 min nəfərə müxtəlif növ müavinətlər və Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdləri ödənilir.
Sosial təminat sisteminin mühüm bir istiqaməti də aztəminatlı ailələrin yoxsulluğun doğurduğu çətinliklərdən müdafiəsi üçün onların ünvanlı dövlət sosial yardımı proqramı ilə əhatə olunmasıdır. Hazırda ölkəmizdə 162 min ailənin 707 min nəfər üzvü ünvanlı dövlət sosial yardımı ilə təmin edilir. Əvvəlki illərdə olduğu kimi, 2016-cı ilin ötən dövründə də qeyd olunan sosial ödəniş növlərinin artırılması yönündə növbəti addımlar atılıb.
Ümumilikdə sosial sahəyə Prezident qayğısının əyani təsdiqi olaraq, dövlət büdcəsindən sosialyönümlü xərclərə yönələn vəsaitlərin ildən-ilə artımı müşahidə edilir. Son illərdə də bu tendensiya davam edib və bu istiqamət üzrə 2014-cü ildə əvvəlki illə müqayisədə 9,9 faiz, 2015-ci ildə 2014-cü illə müqayisədə 3,4 faiz, 2016-cı ilin 9 ayında isə ötən ilin eyni dövrü ilə müqayisədə 9,9 faiz çox vəsait yönəldilib. Qeyd olunanlarla yanaşı, sosial təminat sisteminin daha bir komponenti olaraq, ölkəmizdə 15 min nəfər insana (o cümlədən 1 102 nəfər insana sosial xidmət müəssisələrində stasionar şəraitdə, 11 855 nəfər tənha ahıl və əlil şəxsə evlərində səyyar formada, sağlamlıq imkanları məhdud uşaqlardan və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlardan ibarət 2046 nəfərə sosial sifarişlər üzrə layihələr çərçivəsində) sosial xidmətlər göstərilir.
Sosial təminat sisteminin yönəldiyi əhali qruplarının əhatə dairəsi də genişlənib. Azərbaycan Prezidenti cənab İlham Əliyevin imzaladığı Fərman və sərəncamlar nəticəsində son illərdə beşdən çox uşağı olan ailələrdəki uşaqların da aylıq sosial müavinətlə, əmək pensiyası almaq hüququ olmayan birinci qrup əlillərin, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində işləmiş şəxslərin, Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olmuş hərbi qulluqçuların ailə üzvlərinin də Azərbaycan Prezidentinin aylıq təqaüdləri ilə təmin edilməsinə başlanılıb. Təsadüfi deyil ki, Dünya Bankının ekspert qrupu Azərbaycanın sosial müdafiə sistemini geniş əhatəliliyi ilə seçilən, əhalinin yoxsul sayıla biləcək hissəsinin 90,1 faizini əhatə edən, onların gəlirlərinin artırılmasında önəmli rol oynayan bir sistem kimi dəyərləndiriblər.
“Sosial cəhətdən həssas əhali qruplarının yaşayış səviyyəsi növbəti il də diqqətdə saxlanacaq və Azərbaycan Prezidenti İlham Əliyevin tapşırıqları əsasında əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər davam etdiriləcək, ailə gəlirlərinin azalmasının qarşısının alınmasında müvafiq addımların atılması təmin olunacaq”.
İnterpress.az