Polad Bülbüloğlu dost gözündə
Fevral ayının 4-də Azərbaycan Respublikasının Rusiyadakı Fövqəladə və Səlahiyyətli səfiri, görkəmli ictimai-siyasi xadim, məşhur bəstəkar və ifaçı, azərbaycanın Xalq artisti Polad Bülbüloğlunun döğum günüdür. Bu yazı ilə bəri başdan onun doğum gününü qutlayır, ona uzun ömür, can sağlığı, yeni yaradıcılıq ugurları arzulayıram.
Polad Bülbüloğlu gəncliyindən Azərbaycanın, köhnə SSRİ-nin sərhədlərinə sığmayan musiqisiylə, şöhrətiylə, qazandığı sevgiylə, bir növ dünya vətəndaşına çevrilən, səsi bütün planetlərdən eşidlən az sayda sənət adamlarımızdan biridir. Yaşımız arasında fərq çox deyil, lakin biz ədəbi aləmdə ilk addımlarımızı atanda Polad artıq məşhur bir bəstəkar və müğınni kimi öz yaşıdları üçün də əlyetməz bir yüksəkikdəydi. Onun sürətli yüksəlişinin, ilk gəncliyindən millətin sevimlisinə çevrilməsinin səbəblərindən biri, şübhəsiz, böyük müğənnimiz Bülbülün oğlu olmasıdır. İstedadına ilk qiyməti də atası vermişdı. 15 yaşlı yeniyetmənin səhnədə Bülbül kimi nəhəng və bənzərsiz bir müğənniyə musiqi müşaiyyətçisi olmasının məsuliyyəti və sevincini təsəvvür etmək çətin deyil. Bəli, Polad səhnəyə ilk dəfə fortepiano ifaçısı kimi, həm də oxunması kimi, çalınması da çətin olan Bülbül mahnılarını müşaiyət erməyə çıxmışdı. O, musiqi məktəbində fortepiano sinfində oxuyurdu. Az sonra ilk mahnılarını yazdı: “İlk görüş” “Sabahın xeyir”, “Sumqayit” və s. Yəni o, “yaxşı oğul” olduğundan, uzun müddət ata adının kölgəsində gizlənmədi, öz nəğməsini yazdı, öz üsuluyla oxudu, atasından fərqli bir ifa yolu seçdi və tezliklə orijinal bir estrada müğənnisi kimi məşhurlaşdı.
İlk bəstələrinin ardınca uşaqlıq dostu və qonşusu Müslüm Maqomayev üçün mahnılar yazdı və bu mahnıların Moskvada radioda səslənməsi onları köhnə Sovetlər birliyinin hər tərəfində tanıtdırdı.
Rəşid Behbudovdan sonra Müslüm Maqomayev və Polad Bülbüloğlu dünya musiqi səmalarında Azərbaycanın iki yeni və gənc ulduzuydu; yaxın dost, sənət arkadaşı olsalar da hərəsinin öz müstəqil seçimi vardı.
İstedadlı bəstəkar kimi Polad Bülbüloğlunun ilk qiymətini verənlər arasında Azərbaycan Konservatoriyasında müəllimi olmuş Qara Qarayev də vardır. Haqlı olaraq XX yüzilin ən böyük bəstəkarlarından sayılan Qara Qarayevin sinfini bitirdikdən sonra Poladın dinclik bilməyən gur, maraqlı, çətin, özünə başucalığı, xalqına hörmət gətirən sənət həyatı başlanmışdır. Polad Bülbüloğlu- Müslüm Maqomayev, İosif Kobzon, Lev Leşenko, Lüdmila Sençina kimi məşhur sənətkarların da ifa etdiyi onlarla gözəl mahnı bəstələmişdir. Yaradıcılığı çoxcəhətlidir: simfonik əsərlərdən tutmuş Dədə Qorqud boyları əsasında yazılmış “Sevgi və Ölüm” baletinə qədər. Azərbaycan teatrlarında oynanılan bir sıra tamaşaya, “İstinintaq davam edir”, “Uşaqlığın son gecəsi”, “Babək”, “Sevinc buxtası”, Hökmdarın taleyi”, “Dolu” “Qorxma, mən səninləyəm!” və s. filmlərə yazdığı musiqiləri də xatırlatsaq Polad Bülbüloglunun çağdaş mədəniyyətimizdəki yerini və məhsuldar yaradıcılıq yolunu dəyərləndirə bilərik.
31 yaşında Polad Bülbüloğlu Azərbaycan Estrada ansanblına rəhbərlik etməyə başladı. Bəstəkar, müğənni və ansanblın rəhbəri kimi dünyanın 70- dən çox ölkəsində Azərbaycan musiqisini səsləndirdi. 1982-ci ildə Azərbaycanın Xalq artisti adına layiq görüldü.
Müəyyən vaxtdan sonra biz Polad Bülbüloğlunun istedadının başqa tərəflərini də gördük; bəlli oldu ki, o, həm də yetkin ictimai-siyası xadim, mədəniyyətimizin inkişafı və təbliği ilə bağlı işlərə başçılıq etməyi bacaran, müstəql və geniş düşüncəli bir dövlət adamıdıdır. Onun Azərbaycan Dövlət filarmoniyasında direktor olduğu illəri yaxşı xatırlayıram. Əsil sənət adamı olduğuna görə gənc yaşlarından mədəniyyətimizin bütün sahələrinə həssaslıqla yanaşmışdır. Onun təşəbbüsüylə Filarmonoyada tez-tez gur şeir axşamları keçirilirdi və biz başqa salonlarda oxumadığımız cəsarətli şeirlərimizi orda oxuyurduq. Polad bəy həmin axşamları indi də məmnuniyyətlə xatırlayır, çünki o axşamlar qələm sahiblərinə, ədəbiyyatımızın tanınmış nümayəndələrinə əsl diqqət və qayğının nümayişiydi; Bakının mənəvi mühitini canlandırırdı.
Sonralar nazir fəaliyyətini də müşahidə etmişəm. Bir müdddət həmkar olmuşuq və Nazirlər kabinetinin yığıncaqlarında çox vaxt yaxın mövqedən çıxış etmişik. Polad Bülbüloğlu mədəniyyətimizi sevən, dərindən bilən, öz işindən yorulmayan, sənət adamlarının hüquqları üçün mübarizədən çəkinməyən adamdır. Nazirlər Kabinetinin yığıncaqlarında obyektiv, cəsarətli çıxışları ilə seçilirdi və bu, bizi daha da yaxınlaşdırmışdı. Bir dəfə yenə müzakirə olunan məsələyə ikimizin fərqli və tənqidi münasibətimizdən sonra fasilədə ona razıığımı bildirəndə, zarafatla, “bilirsən, adam tək olmayanda daha ürəkli olur.” –deyə mövqe birliyimizin Kabinetin yığıncaqlarında havanı dəyişdirdiyinə işarə vurdu.
Polad Bülbüloğlu həm türk dövlətlərinin , həm də MDB ölkələrinin Mədəniyyət nazirləri arasında liderlərdən biri idi. Təsadüfi deyil ki, Azərbaycanın mədəniyyət naziri olmaqla yanaşı üç dəfə TÜRKSOY-un Genəl Başkanı seçilmişdi. Yeni müstəqillik qazanmış türk dövlətlərinin birgə yaratdıqları ilk rəsmi qurumlarıdan olan TÜRKSOY onun vaxtında qardaş xalqların mədəni əlaqələrinin genişlənməsi, ortaq abidələrin nəşri və təbliği sahəsində böyük işlər başlamış, bir sıra yeni ənənələrə yol açmışdır.
Polad Bülbüloğlunun mərdanəliyini və milli ideallarımıza bağlılığını göstərmək üçün daha bir misal çəkim. Bu əhvalat 2006-cı ildə olmuşdu. Bir gün mədəniyyət nazirliyindən zəng vurdular ki, “Polad müəllim Sizinlə görüşmək istəyir.” Mən artıq nazirlikdən istefa vermişdim və o ərəfədə “Cavad xan” filminin senarisini nazirliyə təqdim etmişdim və nəticəsi ilə maraqlanırdım. Düzü müsbət cavab alacağıma az ümidim vardı. Polad bəy məni özünə xas olan mehribanlıqla qarşıladı. Xeyli söhbət etdik. Sonra qəfildən mövzunu dəyişdi: “Sabahdan mən nazirliklə vidalaşacağam. 18-il işlədim, bəsdir. Məncə, bir vəzifədə 8-10 ildən artıq qalmaq düz deyil. Prezident mənə etibar edib, Rusiyaya səfir göndərir. Sevinirəm bu işə getməyimə. Sənin senarin havada qalmasın deyə işimizi ehtiyatlı tutmalıyıq. Bu gün filmin istehslata buraxılması haqqında əmr vermişəm. Səni çağırdım ki, müqavilə bağlayaq, rəsmən işə başlasınlar. Cavad xan haqqında film çəkilməlidir. İndi bu, çox vacibdir.”
Sonra filmə kimin rejissor olması, baş polu kimin oynayacağı barədə fikrimi soruşdu və razlıaşdıq. Beləliklə, Polad bəy nazir kürsüsündə özünün sonuncu vətəndaşlıq nəğmələrindən birini oxudu, tariximizin ən böyük qəhrəmanlarından birinin haqqının qaytarılması, kino obrazının yaradılması üçün gərəkən, kişiyana bir addımı atıb getdi. Sonra ortaya nə qədər maneələr çıxsa da qatar yola düşmüşdü, Polad bəy öz işini görmüşdü. Sonralar filmin Moskva təqdimatında bu hadisəni və filmin dövlət rəhbərliyi tərəfindən də dəstəkləndiyini ayrıca qeyd etdi…
Bu günlərdə yeni kitabımın nəşriylə bağlı Moskvada olarkən artıq onbirinci il ölkəmizi Rusiyada ləyaqətlə təmsil edən əziz dostumuzla bir daha görüşdüm. Bir axşam səfirlikdə çay içdik, uzun-uzadı söhbət elədik. Bir daha əmin oldum ki, Polad bəy səfirlik işi üçün düzgün seçilmiş bir adamdır. Çünki o, bütün ömrü boyu Rusiya – Azərbaycan əlaqələrinin normal məcrada inkişafına çalışmışdir.
O axşam cöx şeydən danışdıq, dostları və köhnə günləri xatırladıq, ancaq cümləmizin əvvəli də, axırı da Qarabaq idi. Xalq diplomatiyasını genişləndirmək niyyətilə Şuşaya getdikləri günləri yada saldı və qəribə, mistik bir əhvalat danışdı. Parlaq günəş işığıyla dolu gündə bir neçə Azərbaycan ziyalısı ilə Susanın mərkəzi küçəsiylə məscidə doğru gedərkən birdən-birə sarsılır, çünki bu günəşi, bu işığı, bu yolu son vaxtlarda demək olar ki. hər gecə yuxusunda görürmüş. Bu, Polad bəyin ata yurduna nə dərəcədə bağlı olduğunu göstərən maraqlı bir epizoddur.
Bu gün Azərbaycan ziyalılarının rahatlığını əlndən alan əsas məsələ torpaqlarımızın işğaldan təmizlənməsinə mane olan gizli və açıq güclərin, uluslararsı qurumların ermənipərəst mövqe tutmasıdır. Məsələnin uzanması bizim xeyrimizə deyil, bu, göz önündədir. Belə olan halda həm ölkəmizin içində, həm də xarici ölkələrdə diplomatik korpus , dövlət nümayəndələri və diaspor təşkilatlarımız daha ardıcıl, çevik və iş birliyi şəraitində çalışmalıdırlar. Təəssüf ki, Rusiyada da diasporumuz dağınıq və zəifdir. Ayrı-ayrı dərnəklər, güclü elm, mədəniyyət, sənət xadimləri, alimlər, iş adamları olsa da təşkilatlanma zəifdir. Diaspor milli dövlətin yardımçısı olmaqdansa dövlətdən yardım umur və yenə də lazım olan səviyyədə təşkilatlana bilmir.. Polad bəy, öz işindən əlavə, bu məsələləri də düşünür.Azərbaycanın bir çox tanınmış elm-sənət adamları, ictimai və dövlət xadimləri kimi, o da erməni mediasının hədəfindədir. Bu barədə özü bir söz demədi, ancaq mən bəzi xəstə şüurlu erməni müəlliflərin cızma-qaralarını oxumuşdum. Düşünürəm ki, Polad Bülbüloğlunu düşmən yalanlarına tuş edən də, onu qoruyan və gücünə güc qatan da onun sənəti və ardıcıl mübarizəsidir.
Sonda Polad bəy Moskvada buraxılmış albomlarını mənə bağışldı: “Seçilmiş əsərləri”ni. Bu, bir sənətkar ömrünün bəhrəsidir. “Sevgi və ölüm” baletinin musiqisi, öz bəstələdiyi və ifa etdiyi əsərlər və nəhayət, atasının oxuduğu məşhur xalq mahnılarının Polad Bülbülloğlu təqdimatı–öz dediyi kimi “Oxuyardı Bülbül, oxuyur Polad Bülbüloğlu…”
Söhbət arasında ona Bakıdakı yubiley gecəsində fonoqramsız , canlı və gözəl ifası ilə hamını heyrətləndirdiyini xatırladıram. Gülür “Səsim ondakından da güclüdür!”
Azərbaycanın Xalq artisti, sənətşünaslıq doktoru, professor, ölkəmizin Pusiyadakı fövqəladə və səlahiyyətli səfiri, mahnılarıyla saysız insanın ürəyini fəth etmiş adam… Xoşbəxt olmaqa nə çatmır? Gözündəki gizli kədərin səbəbi nədir? Soruşsan bir kəlməylə cavab verər: Şuşa…