Bu facebookun hikməti nədir anlamadım. Nə böyük bir nemət oldu çıxdı başımıza. Amma əslində olmazsa olmazlardandır bir tərəfdən də. Bir halda ki, ölkədə gündəmi facebook yaradır. Sağolsun, TV və saytların edə bilmədiyini edir. Amma bilməzdim ki, məscid və islamın şərtlərini də facebook üzərindən etmək olur. İnsanlar az qala namazını da facebookda qılacaq. Hələ imkanları olsa Azanı və fatihəsini də burda verəcək. Facebook bir tribunadır, bunu anladıq, amma şəhadətinizi də burda gətirməyin bari.
Anlayıram, bəzən içində olduğumuz ruh halı bizi ağıllı-ağılsız paylaşımlar etməyə məcbur edir. İçi mən qarışıq bəzən elə şeylər paylaşırıq ki, şəxsən öz adıma deyirəm, sonra baxanda “a, bunu nyə paylaşmışam axı?” deyə yenidən silirəm. Amma bu necə halət-i ruhiyyədir ki, insan şəhadətini facebookda gətirsin? Oruc, ibatət, şəhadət, namaz kimi mənəvi və Allahla qul arasında olan özəl münasibətləri, bağları hansı qafa sahibi olasan ki nümayişkəranə paylaşasan?! Bunu anlamış deyiləm… Nəyin qafası bu? Allah xətrinə bu nə göstərişdir?
Biz hər sahədə göstərişin ən alasına alışmışıq. Həyatımız göstəriş olub. Bari uhrəvi şeylərdən göstəriş vasitəsi kimi istifadə etməyək. Bir insan facebookda niyə şəhadət gətirsin ki? Bu sualla bərabər beynimdə bir çox suallar yaranır? Niyələr… Nədənlər… Nə demək istəyirlər əcaba?
Bəli, etiraf edirəm ki, Allahın ya da dinin tələblərinə uyğun bir bəndə deyiləm. Bəlkə mən namaz qılmıram, oruc tutmuram, həcc və müqəddəs məkanları ziyarət etmirəm, amma yetərincə içimdə ədalət, sevgi, mərhəmət hissi var və Allaha qarşı fərqli bir inamım, sevgim və bağım var. Haa, bütün bu saydığım imanın və islamın şərtlərini yerinə gətirən insanlar var hər birimizin ətrafında. Onlar da göz qabağındadır. Səmimiyyətlərinə qiymət vermək bizə düşməz, Allah var hər kəsin səmimiyyətini və riyakarlığına qiymət verəcək odur, buna da inanan biriyəm.
Bu paylaşımları edən adamlara qarşı qısqanclıqdan yaranan yazı deyil. Uzun zamandan bəri səbəbini axtarıb tapa bilmədiyimdən və marağımdan ortaya çıxan yazıdır. Allahı sadəcə özəl günlərdə xatırlayan biz niyə birinə acımasızca badalaq gələndə, arxasınca olmazın sözlər deyəndə, ayağının altını qazanda nə bilim daha ağlımıza gələ biləcək və gələ bilməyəcək hər çür pisliklər edəndə ağlımıza gəlmir? İçinizdəki Allah sevgisi facebookdamı ortaya çıxır? Kimə göstərirsiz?
Gerçək sevgilər hayqırılmaz, yaşanır deyə düşünənlərdənəm. “Məhrəmini paylaşanlar var, nəyi qoyub nəyi axtarırsan” deyəcəksiniz. Haqlısınız elə bunu da bu məsələyə qataraq deyirəm ki, facebook sevgi ölçən tərəzi deyil. Bərabər eyni torpaqlar üzərində yaşadığı, gözü ilə gördüyü, əli ilə toxuna bildiyi insanları sevməyən, sevə bilməyən, içindən fəsad, kin, irin bitməyən insan, görə bilmədiyi, əli ilə toxuna bilmədiyi fövqəltəbii varlığamı hörmət edəcək? Açıqcası inanmağım gəlmir. Insanların çörəyinə bais olub zövq alanlar var. Qanla, kinlə “bəslənən” birinin qurban bayramında təlaşla öküzlər, inəklər kəsməsi sevgisini göstərmiş olmur. Sizə görə deyil məncə bu sevgi. Bu sevgi sizi aşar. Boyunuza görə deyil. Üzərinizə bol gələr. Bu sevgi, ta başdan düymələri səhv bağlanmış köynəyə bənzəyər əyninizdə. Əyri qalar.
Anlaşılan odur ki, bu məsələdə içim çox doludur. Fürsətdən istifadə edib yazmaq istəyirəm. Madam ki, yazırıq bari tam yazaq. Məncə iki cür Allah var. Biri bizi yaradan gerçək Allah, Biri də özündən Allah yaradan, ya da özünə Allah yaradanların “Allahları” yəni Tanrılarlı. Bu yerdə Tanrı ilə Allahın fərqinə qiqqətinizi çəkirəm. İnsanlar təkallahlılığı qəbul edənə qədər özlərinə hər zaman tanrılar yaratdılar. Onlar üçün gözlə görülməyən varlığa inanmaq hər zaman çətin olduğu üçün, ona cavab belə verməsə də mütləq qarşısında əyilib onunla söhbət edəcək, ona toxuna biləcəyi, ətəyindən öpə biləcəyi tanrı daha vacib oldu.
Bir zamanlar günəşi, ayı, atəşi, suyu və müxtəlif nemətləri özlərinə tanrı seçən insanlar kimi. Necə ki, kimiləri üçün Zevs, kimiləri üçün Yupiter tanrı olduğu kimi. Din adamları insanların dini duyğularını sömürmək üçün necə ki, Şumerlər zamanıda istədikləri tanrını yüksəldib, istədikləri tanrını aşağı salırdılar. Şumerlərin cənnət tanrısı “AN” kimi. Bir zamanlar AN-ı göylərə qaldıran bu insanlar vaxtı gəldi AN-in yerinə “Enlil” adlı tanrını gətirdilər. Zavallı AN-ın zamanı dolmuşdu. Endirildi taxt-tacından. Oysa bütün bu hadisələrə Allah baxırdı və zavallı insanlara tanrıları ilə birlikdə acıyırdı. Zavallı Tanrıcıqlar!!!
İndi də bu vəziyyətin bir başqa formasını görməkdəyəm. Biri pulu özünə tanrı seçir, biri müdirini, biri hansısa məmuru… Baki olan isə baxıb sadəcə acıyır bu
zavallıların halına.
Təbii ki, insanların inanclarını mühakimə edəcək adam mən deyiləm. Ona görə də bu barədə düşüncələrimi bir kənara qoyub, yenidən insanların nümayişkəranə göstərdiyi Allah sevgisinə qayıdıram. Bəlkə səhv düşünürəm, ola bilər. İnsanlıq halı, düşüncəm budur. Allahı sevən biri, onun yaratdıqlarınıdan başlamalıdır sevgiyə. İkincisi olmayanda birincisinə kim inanar? Bəzən Allaha olan sevgiyə qapdırırlar özlərini və inancları və düşüncələri onlar kimi olmayanlara qarşı qəddar davranırlar. “Cihad” elan edirlər. Bu necə Allah sevgisidir ki, Allah ədaləti, sevgini, haqqı əsas tutduğu halda sizin qəzəbiniz bütün bunları tapdalayıb keçir? Pislik etmə dediyi halda pisliklər edilir. Öldürmə dediyi halda başlar kəsilir. Həm də Allahın adıyla. Əmanətə xəyanətlər olur…
Bizi bir birimizdən fərqləndirən nədir görəsən? Sadəcə beynimizin içindəki heçkimin görmədiyi və səmimiliyini ölçə bilmədiyi inanç və imanmı? Oysa ki, bizi çılpaq soyundursalar, ya da eyni libas geyindirsələr fiziki quruluşumuzdan başqa hansı fərq ortaya çıxacaq? O zaman buraxın başqalarının iman hissərinə və Allah sevgisinə qarışmağı bir tərəfə. Allaha olan sevginizi içinizdə yaşayın və sevginizdən dolayı heçkimə hesab sormayın. Beyninizdə yaratdığınız fərqlərə görə bir-birinizə qəzəb, nifrəti bir kənara buraxın. Özünüzün belə əmin olmadığınız səmimiyyətə görə başqalarına cihad elan etməyi qoyun kənara. Heç kimin yaxasından yapışmayın ki, mən sevirəm sən niyə sevmirsən?! Cünki yaşadığınız bu hisslərin gerçəkliyini heç birimiz bilmirik.
Bir hind filmi izləmişdim. Orda bir dialoq çox xoşuma gəldi. Filmin qəhrəmanı, özünü din adamı elan etmiş, insanların dini duyğularını istismar edən şəxsə sual verir: “Hansı tanrıya inanaçağıq? Davamlı olaraq tək tanrı var deyirsiz. Amma məncə iki tanrı var. Bizi yaradan və sizin yaratdığınız tanrı. Bizi yaradan tanrı haqqında bir şey bilmirəm, amma sizin yaratdığınız sizin kimidir. Kiçik, yalançı, xəstəlikli, boş vəədlər verən… Zənginlərə üstünlük verən, kasıbları sırada gözlədən, tərif eşidəndə xoşbəxt olan, kiçik şeylərlə insanları qorxudan… doğru adres isə çox sadədir. Bizi yaradan həqiqi Allaha inanın, öz yaratdıqlarınızı isə sındırın” Bunun cavabında din adamı: “bizim bu vəziyyətə səssiz qalacağımızı düşünürsən? Biz tanrımızı qoruyacıyıq sənin kimilərdən!” deyir. Cavabında qəhrəman: “Sizmi qoruyacaqsınız? Bu dünya o qədər kiçikdir! Kənarda daha milyonlarca planet var. Siz bu kiçik planetdə, bu kiçik şəhərdə, bu kiçik otaqda bütün kainatı yaradan Allahımı qorumaq istəyirsiniz? O özünü qoruyar. Bu gün mənə kömək etmək istəyən bir dostum öldü. Ondan geriyə sadəcə bu ayaqqabı qaldı. Allahı qorumağı kəsin. Yoxsa dünyada ayaqqabıdan başqa heçnə qalmayacaq”
Əslində bu sözlərdə hərşey var. Daha da uzatmağa ehtiyac yoxdur. Allahı qorumaq istəyən din “qəhrəmanları” Allahı başqasından qorumağı bir tərəfə qoyub öz ayaqqabılarını düşünsünlər.