Əli müəllim bununla söyüşcül müxalifətçilərə normal mübarizə aparmağın qaydalarını öyrədir.
Son günlər Azərbaycan dövlətini, xalqını, millətini durmadan təhqir edən, söyüş dolu video-çıxışlar hazırlayaraq yayan bəzi ünsürlər öz əməllərindən əl çəkməməkdə israrlıdırlar. \”Söyüş müxalifəti\” adı altında çıxış edən bu ünsürlər özlərini hansısa yadelli düşmənlərin gözlərinə soxmaq üçün, himayədarlarının yanında müəyyən ehtirama nail olmaları üçün verilən tapşırıqları yerinə yetirirlər. Hiss olunur ki, həmin şəxslərə böyüyüb boya-başa çatdığı vətənlərini, həmyerlilərini, xalqı təhqir etməklə xüsusi mükafatların veriləcəyi vədi verilib. Çünki, ola bilməz ki, bir şəxs millətini, xalqını və dövlətini sevə, amma hər gün bu müqəddəs atributları təhqir etməkdən yorulmaya.
Azərbaycanda prezident ümumxalq səsvermə yolu ilə seçilir. Yəni, prezidenti xalq özü seçir. Xalq seçir ki, xarici dövlətlərdə ölkəmizi, dövlətimizi və bizi təmsil et. Deməli, prezident xalqın adından danışan, xalqı təmsil edən və ümumilikdə, bütov xalqdan ibarətdir. Buradan belə qənaətə gəlmək mümkündür ki, ölkə başçısını təhqir etmək xalqı, milləti və dövləti təhqir etmək deməkdir. Ən maraqlısı odur ki, bütün günü xalqı təhqir etməklə yorulmaq bilməyən vidadi və orduxan kimilər söydükləri xalqın yanında durduqlarını utanmazcasına bildirirlər.
Ümumiyyətlə, söyüş və təhqirdən istifadə etmək mübarizədə tutarlı arqumentin yoxluğundan meydana çıxan bir vasitədir. Eyni zamanda, söyüş və təhqir onların mədəni-əxlaqi keyfiyyətlərinin göstəricisidir. Bu keyfiyyət onlarda aşırı dərəcədə çoxluq təşkil edir. Demək olar ki, bu şəxslər müsbət hesab etdikləri bu keyfiyyətdən başqa heç bir keyfiyyətə sahib deyillər.
Həmin ünsürlərin söyüşü mübarizə üsuluna çevirmələri, təhqir üzərindən siyasi mübarizə aparmaları onların siyasəti və müxalifəti hansı günə qoymaq niyyətindən xəbər verir. Çünki, bu niyyətlərinin müqabilində onlara sponsorlarının qarşısında xüsusi imtiyaza sahib olacağı barədə vəd verilib. Şərəflərini, ləyaqətlərini hansısa qüvvələrin puluna satıblar. Məhz, bu mükafat müqabilində vidadi və orduxan kimilər fəslinə aid olan məxluqlar öz çirkin niyyətlərindən əl çəkmirlər. Onları bu xüsusiyyətlərinə görə, milçəyə də bənzətmək olar – harada zibillik varsa, ora qonurlar. Milçəklər də zibilliklərin fərqinə varmadan öz ruzilərini, həyat tərzlərini müəyyən edirlər.
Söyüşü mübarizə metoduna çevirmək isə, heç bir xalqların mədəniyyətlərinə xas olan hal deyil. Söyüş yuxarıda da dediyim kimi, tutarlı arqumentin olmaması səbəbindən irəli gələn qeyri-əxlaqi vasitədir. Həmin \”milçək\”lərin mübarizəsi şəxsi ədavət üzərindədir deyə, söyüş alınlarına deyil, dillərinə yazılıb.
Prezidentin köməkçisi Əli Həsənovun siyasi mübarizə üsulu kimi söyüşdən istifadə edənlər barədə qələmə aldığı yazını oxudum. Əli müəllim onları qeyri-əxlaqi, milli mentalitetə sığmayan tərzdə mübarizə aparmalarını sərt tənqid edir. Yenə deyirəm – tənqid edir. Bir dəfə də olsun, onlara qarşı qeyri-etik ifadə işlətmir. Əli müəllim bununla söyüşcül müxalifətçilərə normal mübarizə aparmağın qaydalarını öyrədir.
Əli Həsənovun onlara etdiyi tövsiyyəsinə onlar yenə təhqirlə cavab verdilər. Ə. Həsənovun onları normal siyasi mübarizəyə dəvət etdiyi halda, onlar söyüşlə yoğrulmuş mənəviyyatlarını açıb-ağartmağa başladılar. Heç olmasa, yaşadıqları dövlətə baxıb müsbət keyfiyyətlər əxz edə bilmədilər. Bunu bacarmadılar yox, onlar, sadəcə, çirkin niyyətlərini həyata keçirməyə can atırlar.
Əli Həsənovun təbirincə desək, söyüşlü mübarizə heç kimə şərəf gətirməyəcək qədər çirkin mübarizə metodudur. Müxalifətçi olmaq təhqirlə siyasi mübarizə aparmaq demək deyil. İstər müxalifət olsun, istərsə də iqtidar, hər ikisi dövlət və xalq üçün çalışmalıdır. Amma bu orduxan və vidadi kimilər fəslinə aid olan məxluqlar kimi Azərbaycanı, xalqı və milli mənəvi dəyərləri təhqir etmək artıq siyasi mübarizə müstəvisindən kənara çıxmaq, bütövlükdə, Azərbaycana qarşı qara kompaniyalar aparmaq deməkdir. Dövlətinin və millətinin, eyni zamanda, dövlət atributlarının əleyhinə xarici ölkərdə qeyri-əxlaqi formada \”tanıtım\” işləri aparmaqla bunlar öz ağalarına sadiq qaldıqlarını bəyan edirlər.