Qafqaz müsəlman əhalisi arasında isə “bəylər” zəngin zadəgan təbəqəsinə mənsub olan insanlara deyərdilər. Sonralar bu təbəqəyə qatılan kamil təhsili olan, möhkəm əqidəli, xalqına, millətinə can yandıran, böyük şəxsiyyətlərə də hörmət əlaməti olaraq “bəy” – deyə müraciət olundu. Əslində belə insanlara bu cür müraciət forması daha uyğun səslənirdi.
Sovetlər dönəmində ağa, xan, kəndxuda, axund və s. titullar ləğv olunduğu kimi, “bəy” titulu da ləğv edildi və hamıya bərabərlik rəmzi kimi “yoldaş” – deyə müraciət forması seçildi. Əslində bu söz qədim türk sözü olaraq, daha münasib müraciət forması idi. İstiqlalımızın ikinci dönəmində isə “yoldaş” sözü bolşevik sözü olan “tovariş” sözünün tərcüməsi hesab edilərək, aradan götürüldü və bütün kişilərə “bəylik titulu” verildi və hamya “bəy” – deyə müraciət olundu. Əslində isə, yoldaş, arxadaş, qardaş, sirdaş sözləri türk sözləri kimi normal müraciət forması kimi qəbul oluna bilərdi.
Müasir dövrümüzdə bütün kişilərə və oğlanlara “bəy” – deyə müraciət edilməsi bir tərəfdən normal qəbul edilsə də, digər tərəfdən bu müraciətin hamıya şamil edilməsi, sözün özü ilə onun mahiyyəti – aidiyyəti arasında uyğunsuzluq yaradır. Bir tərəfdən də, nədənsə, hakim dairələr bu sözü bir təhqir, söyüş kimi qəbul edir, “bəy” – müraciət formasını lağa qoyurlar. Əslində isə hər adama bəy – deyə müraciət etmək düzgün deyildir; danışığının, sözünün, hərəkətinin, rəftarının və s. yerini bilməyən elementar mədəniyyətin nə olduğunu dərk etməyən, başa düşməyən hər adama “bəy” – deyə müraciət etmək günahdır. Bununla belə bəy müraciət formasına çox qısqanclıqla yanaşan, demək olar ki, bu müraciəti bir söyüş kimi qəbul edən adamlar, bu sözü eşidəndə, nəyə görə bu dərəcədə xoflandıqları məlum deyil. Hətta cəmiyyətdə belə bir məsəl də yaranıb; bir qudurğan məmuru gecə yarısı oyadıb desələr ki, Həsənqulu bəy, səni ölkə prezidenti axtarır, “bəy” sözünün xofundan ürəyi partlayıb ölə bilər.
“Xanım” sözünün müraciət forması kimi işlədilməsi də, türk dünyasının tarixi keçmişinə aiddir. Lakin bu söz qadınlara verilən titul olmamışdır və qadınlara “xanım” sözü ilə yanaşı, zövcə, övrət, arvad, bəyim kimi müraciət formaları da işlədilmişdir.
Rəvayətə görə, övrətinin məsləhətlərini eşidən Çingiz xan hər bir möhtəşəm qələbədən sonra xanları, əyanları saraya toplayarmış. Bir dəfə də, belə məqamda üzünü xanlara, əyanlara tutub deyir:
– Mən Xanlar Xanı Çingiz xan hamınızın Xanıyam, bu sağımda oturan zövcəm isə mən Xanımdır.
O zamandan etibarən bütün saray əhli Çingiz xanın övrətinə onun dili ilə “Xanım” deyə müraciət edirlər.
“Xanım” sözü qadın mənasını ifadə etsə də, qədim zamanlarda bu söz var-dövlət, şan-şöhrət sahiblərinin ailədə ikinci səlahiyyət sahibi olan bir qadına hörmət və itaət mənasını ifadə edən bir müraciət forması kimi işlədilmişdir. Bütün qadınlar xanım hesab edilməzdi.
İstiqlalımızın ikinci dönəmində bütün kişilərə “bəylik” verildiyi kimi, bütün qadınlara da “xanımlıq statusu” verildi və ağına-bozuna baxmayaraq bütün qadınlara “xanım” – deyə müraciət olundu. Bu isə çox böyük anlaşılmazlıqlara gətirib çıxarmışdır. İndiki dövrdə hər hansı bir qadına “xanım” deyə müraciət etdikdə, bu söz onun canına yağ kimi yayılır. Lakin bir çox qadınların ağır həyat tərzinə, maddi durumuna bələd olmadan, ona “xanım” deyə müraciət etdikdə o bu sözü təhqir kimi qəbul edir, hətta qarşı tərəfi təhqir etməkdən çəkinmirlər: – Get öz arvadına “xanım” de – deyə bərk əsəbiləşirlər.
Bununla belə, əri “Həsənqulu müəllim” rüşvətxorluq, talançılıq, oğurluq və s. yollarla əldə etdiyi var-dövlət hesabına firavan həyat tərzi keçirən, qudurğanlaşan bir sıra qadınlar özlərini “xanımın kubu” hesab edirlər; belə qadınların hikkəsi, oturuşu-duruşu insanlarda böyük ikrah hissi oyadır. Belə arvadlara “xanım” deyə müraciət etmək böyük qəbahətdir. Son zamanlar cəmiyyətimizdə “neoxanımlar” peyda olmuşdur. Bunlar ölkədə tanınmaq, hansı yolla olursa-olsun, dövlət və hökumətin siyasi dairələrinə soxularaq, özlərini Vətənin ən sədaqətli övladı kimi göstərmək üçün, iyrənc “xanım” cildinə girməyi bacarırlar. Belə qadınlara (arvadlara) qarşı ciddi mübarizə aparmaq lazımdır. Və ya özü-özünə “xanım” damğası vuraraq mənəviyyatı, əxlaqı, tərbiyəsi, mədəniyyəti və s. yerində olmayan, millətə əxlaq dərsi keçən “üzdəniraq xanımlar” ictimai qınaqdan kənarda qalmalıdır.
Bununla belə cəmiyyətimizdə biliyi, savadı, oturuşu-duruşu, geyim-kecimi, qanacaq-mərifəti, yüksək mədəniyyəti, təmiz mənəviyyatı və digər xüsusiyyətləri ilə seçilən qadınlarımız – əsl xanımlarımız yüz minlərlədir. Biz, kişilər belə xanımlarla fəxr edirik.
Mənə elə gəlir ki, “bəy” və “xanım” müraciəti işlədərkən qarşı tərəfin bu sözlərin mənasına layiq olub-olmaması nəzərə alınaraq işlədilməlidir. Digər tərəfdən, son zamanlar danışıq dilimizdə müraciət forması kimi işlədilən, əmi, dayı, bibi, xala, ay oğlan, ay qız, xalaoğlu, bibioğlu, bacıoğlu, əmioğlu və s. sözlər geniş yayılmaqdadır. Bu müraciət formaları çox gözəldir və səmimiyyət, mehribançılıq yaradan müraciət formalarıdır. Bu gün də tarixi düşmənlərimiz göstərdiyim müraciət sözlərinin axırına bizim “can” sözünü də əlavə edərək işlədirlər; Axber (qardaş) can, Haykanuş can, Siranuş can, Hasmik can və s.
Səməndər Çaxmaqlı