Afrika Birliyi Komissiyasının sədri Musa Faki Məhəmməd İsrailin fələstinlilərə qarşı hücumlarını sərt şəkildə tənqid edib və bunun “dağıdıcı müharibə” olduğunu bildirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Məhəmməd 17-18 fevral tarixlərində Afrika Birliyi Sammitindən əvvəl Efiopiyanın paytaxtı Əddis-Əbəbədə keçirilən Xarici İşlər Nazirləri İcraiyyə Şurasının iclasında çıxış edib.
Məhəmməd çıxışında Fələstin xalqının başına gətirilən iztirablardan dərin narahatlığını ifadə edərək deyib ki, Fələstin xalqının iztirabları tarixdə adı olmayan məhvetmə müharibəsi ilə gözümüzün qabağında güclənir:
“Dünyanın demək olar ki, bütün böyük gücləri tərəfindən zorakılığı sükutla qəbul edilir. Bunun xüsusilə demokratik dəyərlərin və prinsiplərin müdafiə olunduğu bir mühitdə qəbul edilməsi “paradoks”dur”.
Məhəmməd Fələstində beynəlxalq hüquq əsasında iki dövlətli həllə çağırıb.
Sülhün yalnız ədalət və bütün tərəflərin əsas hüquqlarının tanınması ilə əldə edilə biləcəyini vurğulayan Məhəmməd bütün məhbus və girovların azad edilməsini də tələb edib.
Afrika liderləri qitənin mühüm problemlərini müzakirə etmək üçün bu həftə keçiriləcək 37-ci Afrika İttifaqı Sammitində bir araya gələcək.