Avstriyada fəallar nazirin üzərinə qan kimi görünən maye tökməyə çalışıblar.
İnterpress.az xəbər verir ki, bu barədə Avstriyanın OE24 telekanalı məlumat yayıb. Telekanal xəbər verir ki, fəallar Avstriyanın Avropa İttifaqı və Konstitusiya məsələləri üzrə naziri Karolin Edtştadlerin üzərinə qan kimi görünən maye tökməyə cəhd ediblər.
“Nazir qaçmağı bacardı və saxta qan ona təsir etmədi… O, şokdadır”, – deyə nazirin əməkdaşı telekanala şərh verib.
Hadisənin bazar ertəsi Vyanada, nazirin antisemitizmlə bağlı konfransda iştirak etmək üçün gəldiyi Elmlər Akademiyasının qarşısında baş verdiyi dəqiqləşdirilib.
Fəal Edtştadler və digər konfrans iştirakçılarının üzərinə qırmızı boya atmağa çalışıb. Telekanal izah edir ki, akademiyanın daş səthi qana bənzər maye ilə isladılıb.
Edtstadler özü Vyana polisinə “tez və peşəkar müdaxiləyə görə”, həmçinin tədbirdə iştirak edən və dərhal cavab verən zabitlərə təşəkkür edib.
“Avstriyada antisemitizmlə mübarizədə beynəlxalq əməkdaşlığa həsr olunmuş konfransın artıq polisin himayəsi olmadan keçirilə bilməməsi utancvericidir”, – deyə nazir bildirib.
O, ötən həftə yəhudi dükanlarının vandalizmə məruz qaldığını qeyd edib.
“Bu gün antisemitizm mövzusunda keçirilən konfransın iştirakçıları hücuma məruz qalıblar – Avstriyada yəhudi nifrəti günorta öz çirkin simasını göstərir. Amma arxayın olun, biz buna dözməyəcəyik”, – nazir deyib.
Xuraman Etibarlı
İnterpress.az