Bakıda ABŞ-nin Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə ABŞ təhsil sərgisi baş tutub.
“İnterpress.az ” xəbər verir ki, tədbirdə ABŞ-nin 35-dən çox universiteti və təhsil proqramı təmsil olunub.
ABŞ universitetlərinin məzunları təhsillə bağlı təcrübə və təəssüratlarından danışıblar.
Sərginin açılış mərasimində ABŞ-nin Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Huqo Gevara da çıxış edib.
O qeyd edib ki, son illər ABŞ-də təhsil alan azərbaycanlıların sayı artıb: “Azərbaycanlı tələbələrin ABŞ-ni xaricdə təhsil almaq üçün əsas istiqamət kimi seçməkdə davam etmələri bizi sevindirir. Ötən il 900-dən çox azərbaycanlı tələbə ABŞ-nin ali təhsil müəssisələrində təhsil alıb. Bu, əvvəlki illə müqayisədə təxminən 25 faiz və COVID pandemiyasının bitməsindən bəri 60 faizdən çoxdur. Bu bizi çox ruhlandırır”.
H.Gevara qeyd edib ki, bunlar son onilliyin ən yüksək göstəriciləridir:
“Düşünürəm ki, bu, azərbaycanlıların ABŞ-də təhsil almağa olan marağından, eləcə də ölkəmizdə ala biləcəkləri təhsilin keyfiyyətindən xəbər verir”.