Belə hadisələrə görə Türkiyə və Azərbaycanın Ermənistana qarşı mövqeyi kəskinləşə bilər – ŞƏRHbackend

Belə hadisələrə görə Türkiyə və Azərbaycanın Ermənistana qarşı mövqeyi kəskinləşə bilər – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən Ermənistanda və ermənilərin çox olduğu bəzi ölkələrdə qondarma “erməni soyqırımı” qurbanlarının xatirəsinə həsr olunmuş məşəl yürüşü keçirilib. Yürüş zamanı Azərbaycan və Türkiyə bayraqları yandırılıb. Paşinyan da bayraqların yandırılmasını pisləyib və bunu təxribat adlandırıb.

Erməni vandallığının hədsizliyini İnterpress.az-a şərh edən politoloq Əlimusa İbrahimov bu hadisələrin Türkiyə və Azərbaycanın mövqeyinin Ermənistana qarşı kəskinləşə biləcəyini vurğulayıb.

“Ermənistanda və ondan kənarda yaşayan ermənilərin üstünlük təşkil etdiyi ölkələrdə qondarma “soyqırım” la bağlı keçirilən tədbirlər, bu tədbirlər zamanı Türkiyə və Azərbaycan əleyhinə şüarlar səsləndirilməsi və bu ölkələrin bayraqlarının yandırılması, əlbəttə, ermənilərin və xüsusən, Ermənistanın hazırkı iqtidarının əleyhinə yönəlmiş addımlardır.

Azərbaycan və Türkiyə üçün bu hadisələr yeni deyil və hər il eyni ssenari təkrar olunur. Amma Paşinyan hökuməti bu il əvvəlki illərdən fərqli mövqe tutduğuna görə, bu hadisələr hazırda məhz onun əleyhinə yönəldiyini birmənalı olaraq təsdiq etmək olar. Bunu başa düşən Paşinyan və onun komandası Daşnaksutyunun rəhbərliyi altında təşkil edilən hadisələri ilk pisləyənlər cərgəsindədir.

Erməni diasporu tərəfindən hər il təkrarlanan bu hadisələr Ermənistana qarşı Türkiyə və Azərbaycanın mövqeyinin daha da kəskinləşməsi ilə nəticələnə bilər. Dırnaqasi ” genosid” lə bağlı iddiaların erməni siyasətindən tamamilə çıxarılması məsələsi gündəliyə gələr ki, bu da danışıqlar prosesində Paşinyanın mövqeyini ciddi şəkildə zədələyə bilər.

Amma bütün bu hadisələrdən sonra Paşinyanın reaksiyası ciddi maraq doğuracaq. Ermənistanın baş naziri hələ qeyd olunan hadisələri Türkiyə və Azərbaycanın istədiyi səviyyədə qiymətləndirməyib.

Yəqin hadisələr bitəndən sonra Paşinyanın daha ciddi qiymətləndirmələrini eşidəcəyik. Türkiyə və Azərbaycan isə bundan sonra Ermənistanla münasibətlərin gələcək inkişafı barədə bəyanatlar səsləndirəcək”, – politoloq fikrini yekunlaşdırıb.

Xuraman Etibarlı

İnterpress.az