Bu il İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisəsinin işə düşməsi planlaşdırılır.
Bunu İqtisadiyyat Nazirliyinin tabeliyindəki İqtisadi Zonaların İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Seymur Adıgözəlov bu gün keçirilən mətbuat konfransında bildirib.
“Bu müəssisələrdə ümumilikdə təqribən 1 000 daimi iş yerinin yaradılması planlaşdırılır, – deyə o qeyd edib.
Hazırda Azərbaycanda 6 sənaye parkı (Sumqayıt Kimya, Pirallahı, Qaradağ, Ağdam, “Araz Vadisi İqtisadi Zonası” və Mingəçevir), 4 sənaye məhəlləsi (Hacıqabul, Masallı, Neftçala və Sabirabad) var.
Onun sözlərinə görə, yaradılacaq müəssisələrin 5-dən çoxu (divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillərin, havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatların və s istehsal müəssisələrinin) Ağdam Sənaye Parkında fəaliyyətə başlaması planlaşdırılır.
“Sənaye müəssisələrində istehsal olunacaq məhsullar ilk növbədə daxili tələbatın ödənilməsinə yönəldiləcək, sonrakı mərhələdə isə “Made In Azerbaijan” brendi ilə ixrac ediləcək”, – deyə o qeyd edib.
Agentliyin sədri əlavə edib ki, Ağdam Sənaye Parkında 20 sahibkarlıq subyektinə rezidentlik, 6 sahibkara isə qeyri-rezidentlik statusu verilib: “Bu rezidentlər Parka 190 milyon manatdan çox investisiya yatırmağı, 1 700-dən çox iş yeri yaratmağı planlaşdırır. Bu günə qədər rezidentlər 15 milyon manatdan çox investisiya yatırıb, 120-yə yaxın daimi iş yeri yaradıb”.
Xatırladaq ki, Ağdam Sənaye Parkı Prezident İlham Əliyevin 28 may 2021-ci il tarixli fərmanı ilə 190 hektar ərazidə yaradılıb.