Cənubi Sudanda otlaq məsələsinə görə çobanlarla fermerlər arasında dava düşüb. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. İlkin hesablamalara görə, qarşıdurmalarda 39 nəfər həyatını itirib. Polis sözçüsü Elijah Mabor Makuach mətbuata verdiyi açıqlamada ölkənin Warrap və Lakes bölgələrində torpaq mübahisəsi zəminində çobanlarla fermerlər arasında qarşıdurma yaşandığına dair məlumatı paylaşıb.
Makuaç qarşıdurmalarda 39 nəfərin həyatını itirdiyini, 52 nəfərin isə yaralandığını bildirib.
Bölgəyə təhlükəsizlik qüvvələrinin göndərildiyini deyən Makuaç qarşıdurmaların çobanlara məxsus sürülərin kənd təsərrüfatı ərazilərinə daxil olması səbəbindən baş verdiyini qeyd edib.
Cənubi Sudanda otlaq problemlərinə görə qəbilələr arasında tez-tez münaqişələr olur.
2011-ci ildə Sudandan müstəqilliyini elan edən Cənubi Sudan, prezident Salva Kiir Mayarditin 2013-cü il dekabrın 16-da müavini Riek Macarı “çevriliş cəhdi” iddiası ilə vəzifəsindən azad etməsindən sonra vətəndaş müharibəsinə sürükləndi.
Tərəflər uzun illər davam edən müharibədən sonra 2018-ci ildə sülh imzalasa da, ictimai asayişin və təhlükəsizliyin təmin oluna bilmədiyi ölkədə müxtəlif tayfa və qruplar arasında zorakılıq davam edir.