Tənzilə Rüstəmxanlı Neftçalada vətəndaşlarla görüşüb.
İnterpress.az xəbər verir ki, Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlı sentyabrın 2-də Neftçala şəhərində rayon sakinləri ilə növbəti vətəndaş qəbulunu keçirib.
Qəbulda Neftçala şəhəri ilə yanaşı, Xolqarabucaq kəndi, Bankə, Həsənabad və Xıllı qəsəbələri, Aşağı Qaramanlı və Qoltuq kəndlərinin sakinləri iştirak ediblər.
Vətəndaşların müraciətləri əsasən müharibə veteranları təşkilatlarının fəaliyyəti və ofislərinin təmiri, mənzil məsələləri, pambıq tədarükünə görə ödənişlər, məktəblərdə atıcılıq təlimləri üçün texniki vəsaitlərin təmin olunması, məşğulluq və sosial yardımla bağlı olub.
Deputat sakinlərin müraciətlərini dinləyib, qaldırılan məsələlərlə bağlı izahat verib və onların həlli istiqamətində görüləcək tədbirlər barədə məlumatlandırıb.
Bildirilib ki, vətəndaşların müraciətləri aidiyyəti dövlət qurumları qarşısında qaldırılacaq və məsələlərin həlli nəticələri diqqətdə saxlanılacaq.






