Tramplinlə tullanma üzrə dünya çempionu Robert Kranets sərxoş vəziyyətdə velosiped qəzası törədib və əlil arabasına məhkum olub.
İnterpress.az xəbər verir ki, bu barədə Sloveniya mətbuatı məlumat yayıb.
Tramplinlə tullanma üzrə sabiq dünya çempionu Robert Kranets aprelin ortalarında keçirdiyi ağır velosiped qəzasından sonra bərpa prosesi keçir.
44 yaşlı idmançı hazırda əlil arabasından istifadə edir və onu qarşıda aylarla davam edəcək reabilitasiya dövrü gözləyir.
“Ekipa” idman qəzetinin məlumatına görə, Kranets onurğasından ağır xəsarətlər alıb və əməliyyat olunub. İdmançının bədəninin aşağı hissəsində hissiyyat olsa da, ayaq pəncələrini hələlik tərpədə bilmir.
Həyat yoldaşı Şpela “Instagram” hesabında Kranetsin övladlığa götürdüyü qızı ilə birlikdə gülümsəyən fotosunu paylaşıb.
Sloveniya polisinin məlumatına görə, qəza zamanı Kranetsin qanında 2,5 promilli alkoqol aşkarlanıb. Hadisədən dərhal sonra vəziyyəti kritik qiymətləndirilən idmançının durumu sonradan stabilləşib.
Sloveniya Xizək İdmanı Federasiyası keçmiş çempionun reabilitasiyasının “uzun və çətin” olacağını, ona hazırda “sakitlik, bərpa üçün vaxt və çoxlu müsbət enerji” lazım olduğunu bəyan edib.
Robert Kranets karyerası ərzində tramplinlə tullanma üzrə bir çox beynəlxalq yarışlarda uğur qazanmış, Sloveniya idmanının ən tanınmış simalarından biri olmuşdur.
Xuraman Etibarlı
İnterpress.az






