Yaponiya keçən ilin son rübündə zəif daxili tələb səbəbiylə gözlənilmədən tənəzzülə girdikdən sonra dünyanın üçüncü ən böyük iqtisadiyyatı mövqeyini Almaniyaya itirib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Yaponiya Nazirlər Kabinetinin məlumatlarına görə, 2023-cü ilin sentyabr-dekabr dövründə daxili tələbin zəif olması səbəbindən Ümumi Daxili Məhsul (ÜDM) əvvəlki rüblə müqayisədə 0,1 faiz, illik bazda isə 0,1 faiz azalıb.
Proqnozlar sözügedən dövrdə Yaponiya iqtisadiyyatının illik 1,4 faiz artacağı idi.
Yaponiyanın ÜDM-i 2023-cü ilin iyul-sentyabr dövründə illik əsasda yenidən baxıldıqdan sonra 3,3 faiz azalıb. Belə ki, Yaponiya iqtisadiyyatı texniki cəhətdən tənəzzülə girərkən, Yaponiya Bankının (BOJ) on il ərzində həyata keçirdiyi ultra-boş pul siyasətindən çıxacağına dair şübhələr də artıb.
Yaponiya iqtisadiyyatı tənəzzülə girərkən, Almaniyanın Yaponiyanı geridə qoyaraq dünyanın üçüncü ən böyük iqtisadiyyatı olması diqqət çəkir.
Yaponiyanın 2023-cü ildə nominal ÜDM dollar ifadəsində 4,2 trilyon dollar olduğu halda, Almaniyanınki 4,5 trilyon dollar olaraq qeyd edilib.
Bu o deməkdir ki, Yaponiya dünya iqtisadiyyatında Almaniyadan sonra dördüncü yerdədir.
Analitiklər buna həm də yenanın kəskin ucuzlaşmasının səbəb olduğunu bildiriblər.
Yapon yenisi son iki ildə dollara nisbətdə yüzdə 18-dən çox dəyər itirdiyi halda, BOJ-nin mənfi faiz dərəcələrini saxlaması səbəbindən keçən il sözügedən itki yüzdə 7 olub.
Yaponiyanın iqtisadi istehsalının yarısından çoxunu təşkil edən özəl istehlak son rübdə 0,2 faiz azalaraq, ardıcıl üçüncü rübün azalmasına işarə edib.
Sürətli yaşlanma ilə bağlı narahatlıqların olduğu ada ölkəsindəki ev təsərrüfatları artan yaşayış xərcləri və real maaşların azalması ilə mübarizə aparır, korporativ xərclər isə son rübdə 0,1 faiz azalaraq zəif qalır.
Digər tərəfdən, ABŞ və Çin dünyanın ən böyük iqtisadiyyatları siyahısında ilk iki yerdədir.