Böyük Britaniya və ABŞ alimlərinin birgə araşdırması göstərib ki, El Nino səbəbiylə temperatur və yağış rejimlərindəki dəyişikliklər göz xəstəliklərinin yoluxuculuğunu artıra bilər.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Böyük Britaniyanın Kembric Universiteti və Birləşmiş Ştatların Miçiqan və Texas universitetlərinin alimləri El Nino hava hadisələrinin göz sağlamlığına mümkün təsirlərini araşdırdı.
“El Nino və göz sağlamlığı: İqlim dəyişikliyinin gözə təsirləri” başlıqlı araşdırmada Sakit Okeanda meydana gələn və dəniz suyunun istiliyini artıran El Nino-nun bir çox bölgədə yağış rejimlərində dəyişikliklərə səbəb olduğu xatırladılıb.
Araşdırmada El Nino hava hadisəsinin ABŞ-ın cənubunda, Orta Asiya və Cənubi Amerikada həddindən artıq yağışlara səbəb olduğu, Mərkəzi Amerika, Cənubi Asiya, İndoneziya və Avstraliyada isə şiddətli quraqlıqlara səbəb olduğu bildirilib. Araşdırmada bunun insan sağlamlığına da dolayı təsir etdiyi vurğulanmış və bu təsirlərdən birinin də göz sağlamlığı ilə əlaqəli olduğu müəyyən edilmişdir.
Tədqiqatçılar El Nino effekti ilə əlaqədar artan temperaturun bəzi bölgələrdə yağıntıların artmasına səbəb olduğunu, bunun da xəstəlik daşıyıcı ağcaqanadlar üçün əlverişli şərait yaratdığını və yoluxucu xəstəliklərin artdığını qeyd ediblər.