Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Konfrans Salonunda keçirilən Genişləndirilmiş Vilayət Sədrləri Toplantısında çıxış edib.
İnterpress.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, AK Partiyanın Konfrans Salonunda keçirilən Genişləndirilmiş Vilayət Sədrləri Toplantısında çıxış edib.
Ərdoğan çıxışında bildirib ki, “Türkiyə, insanlığın ortaq vicdanına səslənən Sumud Donanmasındakı bütün ümid sərnişinlərinin yanındadır.”
Prezident vurğulayıb ki, Qəzzada uşaqların aclıqdan həyatını itirdiyi vəhşiliyə diqqət çəkmək və fələstinli məzlumlara humanitar yardım çatdırmaq üçün yola çıxan “Küresel Sumud Donanması”na qarşı edilən hücum qəbuledilməzdir:
“İsrail hökumətinin beynəlxalq sularda mülki şəxslərə qarşı həyata keçirdiyi bu basqın, soyqırım rejiminin Qəzzadakı insanlıq cinayətlərini gizlətmək üçün necə bir dəhşət içində olduğunu bir daha sübut etdi. Soyqırımçı Netanyahu hökumətinin sülhün bərqərar edilməsinə deyil, hətta belə bir ehtimalın ortaya çıxmasına belə dözümsüz yanaşdığı açıq şəkildə göründü.”
Ərdoğanın sözlərinə görə, Sumud Donanmasının fəaliyyəti İsrailin qəddarlığını və işğalçı siyasətini bütün dünyaya göstərib:
“Türkiyə, insanlığın ortaq vicdanına tərcüman olan Sumud Donanmasındakı bütün ümid yolçularının yanındadır. Müvafiq qurumlarımız prosesləri sahədə anbaan izləyir, fəalların və vətəndaşlarımızın təhlükəsizliyi üçün bütün tədbirlər görülür.”
Prezident qeyd edib ki, dövlətin və millətin prioriteti Qəzzada qan tökülməsinin dayandırılması, humanitar yardımların maneəsiz şəkildə məzlumlara çatdırılmasıdır:
“Çox çətin şəraitdə həyat və ləyaqət mübarizəsi aparan fələstinli qardaşlarımızı heç vaxt sahibsiz qoymayacağıq. Atəşkəsin əldə olunması və bölgədə sülhün təmin edilməsi üçün bütün gücümüzlə fəaliyyətimizi davam etdirəcəyik.”