Ermənilərin vurduğu bu ziyanı bərpa etmək mümkün olmayacaqbackend

Ermənilərin vurduğu bu ziyanı bərpa etmək mümkün olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1988-ci ilin noyabr ayından etibarən 30 ilə yaxın müddətdə Ermənistan Azərbaycana qarşı hərbi təcavüz, xüsusilə də, ekoloji təcavüz edib. Ermənilər Şuşanın nadir sərvətlərindən biri, qədim tarixə malik, əsl təbiət möcüzəsi olan Topxana meşəsini yandırmış, ölkəmizin ərazi bütövlüyünə, torpaqlarına qəsd edərək Azərbaycan ərazisində ekoloji soyqırımı – ekosid törətmişlər. Torpaqlarımız işğaldan azad edildikdən sonra biz bu təbii fəlakətlərin nəticəsini hazırda hiss edirik.

Məsələ ilə bağlı Yenisabah.az-la fikirlərini bölüşən Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti, ekoloq Telman Zeynalov bildirib ki, ilk növbədə işğaldan azad edilmiş ərazilərdə real, dəqiq və təmiz monitorinq aparmaq lazımdır:

“Doğrudan da, biz təbiətdə gedən porosesləri öyrənməliyik. Öncəliklə, Sovetin dövründə müharibədən əvvəl Qarabağda vəziyyət necə idi, indi vəziyyət necədir? Bunu öyrənəndən sonra orada tədbirlər planını həyata keçirmək olar. Bu birinci məsələ.

İkincisi isə orada işğal dövründə xarici şirkətlər bütün ərazini həddən artıq, darmadağın dağıtmışlar. Təbii sərvətləri qazıb aparmaqla, meşə fondunu dağıtmaqla bunu ediblər. Onlar bizim ən dəyərli meşələrimizi kəsib aparıblar. Bunu da musiqi alətləri düzəltmək, piano, gitara və s. mebel məhsulları hazırlamaq üçün ediblər”.

Ekoloq əlavə edib ki, bunun üçün dəqiq monitorinq apararaq, demək lazımdır ki, hansı ərazidə, hansı meşələrdə, hansı ağaclar bitirdi, onları kəsən təqsirkarlar kimdir?: “Bunu təkcə ermənini boynuna qoymaq da səhvdir, çünki erməni əraziləri satdı xaricilərə, xarici şirkətlər də gəlib oranı dağıdıb, çapıb-taladılar. Çünki nəzarətsiz idi o torpaqlar.

Hazırda ETSN-in qurumları orada monitorinq aparırlar. Monitorinq aparılandan sonra mən öz əlavələrimi onda edəcəm ki, görək vəziyyət necədir”.

Həmçinin bu barədə Yenisabah.az-a danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin və Təbii Sərvətlərin Tənzimlənməsi Şöbəsinin müdir müavini Raqub Mirzəyev qeyd edib ki, Ermənistan Azərbaycanın 30 ilə yaxın müddətdə işğal altında olan füsunkar təbiətə malik Şərqi Zəngəzur və Qarabağ bölgələrinin təbiətinə, bioloji müxtəliflikliyinə, bütövlükdə regionun ekoloji durumuna ciddi ziyan vurub:

“Bir çox hallarda bu, ətraf mühitin deqradasiyasına gətirib çıxarmış, eləcə də təbi sərvətlərin amansız istismarı nəticəsində ekoloji tarazlıq pozulmuşdur. Aparılmış ilkin monitorinq nəticələri meşələrin, xüsusi mühafizə olunan təbiət ərazilərinin, bir çox təbiət abidələrinin məhv edilməsi, mineral xammal ehtiyatlarımızın talan olması faktlarını bir daha təsdiqləyir”.

Ekoloq qeyd edib ki, işğaldan öncə həmin ərazilərdə mövcud olan meşə ilə örtülü 229 min ha. sahədən 54 min hektarı, xüsusilə də, Şərqi Zəngəzur bölgəsində, Qubadlı və Zəngilan rayonları ərazisində meşələrin yarıdan çoxu məhv edilmişdir:

“Bu ərazilərdə daha çox rast gəlinən çınar, palıd, fıstıq, vələs, ağcaqayın, tozağac və s. kimi, qiymətli ağac növləri kəsilərək müxtəlif məqsədlər üçün istifadə edilmişdir. Meşələrin kütləvi şəkildə qırılması səhralaşmaya və torpaqların errozisyasına səbəb olmuşdur.

Regionda 2 mindən çox ali bitki növləri olmuşdur ki, bu da, Azərbaycan florasının 42%-ni təşkil etmişdir. Bu növlərdən 72-si nadir və nəsli kəsilmək təhlükəsi altında olan növlər kimi, “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na və dünyanın qırmızı siyahılarına salınmışdır.

Həmin bitki növlərindən 20-si Azərbaycan areallı endemik bitkiləridir. Bu bitkilərdən 10-a qədəri, yalnız Şərqi Zəngəzur və Qarabağ bölgəsində bitən endemilər olmaqla dünyanın heç bir yerində təbii halda rast gəlinməmişdir.  Çox təəssüflər olsun ki, bu bitkilərin də demək olar ki, çox hissəsi məhv edilmişdir”.

ETSN nümayəndəsi əlavə edib: “Eləcə də burada fauna növləri olmuşdur ki, bu fauna növlərindən 172-si “Azərbaycan Respublikasının Qırmızı Kitabı”na daxil edilmiş nadir və nəsli kəsilmə təhlükəsi altında olan növlərdir. İşğaldan azad edilmiş ərazilərdə 100 km-lərlə yol getsək də, həmin o fauna növlərinə rast gəlmək mümkün olmamışdır. Bu da, əlbəttə erməni vandalizminin bariz nümunəsidir ki, orada mütəmadi olaraq qanunsuz ov edilməsi və məqsədli şəkildə yanğınlar törətməklə fauna növləri də məhv edilmişdir”.

R. Mirzəyev onu da əlavə edib ki, işğaldan azad edilmiş ərazilərdə ümumilikdə sahəsi 43 min ha. olan 2 Dövlət Təbiət Qoruğu və 4 Təbiət Yasaqlığı vardır: “Bunlar Bəsitçay Dövlət Təbiət Qoruğu, Qaragöl Dövlət Təbiət Qoruğu və Laçın, Qubadlı, Arazboyu və Daşaltı Dövlət Təbiət Yasaqlıqlarıdır. Bu xüsusi mühafizə olunan təbiət ərazilərinin meşə ilə örtülü olan 6.800 hektarı da işğal dövründə məhv olmuşdur.

Bir faktı qeyd edim ki, Zəngilan rayonu ərazisində şərq çinarının azyaşlı təbii areallarından biri və ən böyüyü olan təbii şərq çinarı meşəliyi Bəsitçay qoruğunda yerləşir. Bu meşəlik 1974-cü ildə dövlət mühafizəsinə götürülmüş və bilavasitə Ümummilli Liderin tapşırığına əsasən, Bəsitçay Dövlət Təbiət Qoruğu yaradılmışdır. Bəsitçay Dövlət Təbiət Qoruğunun ümumi ərazisi 107 ha. olmuşdur. Lakin çox təəssüflə qeyd etmək lazımdır ki, işğal dövründə həmin qoruğun ərazisinin 50%-i məhv edilmiş və oradakı çoxillik şərq çinarı ağacları kəsilərək aparılmışdır.

Digər xüsusi mühafizə olunan Qaragöl Dövlət Təbiət Qoruğunun mühafizə zonası da acınacaqlı vəziyyətə salınmış, işğal dövründə ətraf ərazilərdə təsərrüfat və digər məqsədlər üçün istifadə olunması səbəbindən gölün  bioloji ehtiyatları da ciddi təsirlərə məruz qalmışdır”.

Həmsöhbətimiz onu da vurğulayıb ki, 1982-cü ildə yaşı 120 ildən 2 min ilədək olan 152 ədəd qədim ağac (şərq çinarı, dağdağan, palıd), 6 xüsusi qiymətli meşə sahəsi və 6 geoloji-paleontoloji obyekt təbiət abidəsi kimi qeydə alınaraq dövlət mühafizəsinə götürülmüşdür:

“Bu təbiət abidələri də uzun illər ekoloji terrora məruz qalmışdır. Həmin qədim ağaclardan, xüsusilə də, şərq çinarının, 131-i kəsilərək aparılmışdır. Hətta izlərinin itirilməsi məqsədilə kəsilmiş ağacların kök hissələri belə yandırılmışdır. Bununla yanaşı Zəngilan rayonu ərazisində olan xüsusi qiymətli Araz palıd meşəsinin  300 ha.-a yaxın hissəsi tamamilə məhv edilmişdir. Təəssüflə bildirmək istərdim ki, məhv edilmiş təbiət abidələrin bərpası, əlbəttə mümkün olmayacaqdır”.

“Bu təbiət abidələriylə yanaşı həmin regionda yerləşən çoxsaylı, çoxillik ağacların hamısı müxtəlif məqsədlər üçün kəsilərək istifadə olunmuşdur. Hətta Cəbrayıl, Zəngilan və Qubadlı ərazilərində vaxtilə, 60-cı illərdə baramaçılığın inkişafı məqsədilə salınmış tut bağları da kəsilərək məhv edilmiş və tut ağaclarından müxtəlif məqsədlər üçün, xüsusilə də, musiqi alətlərinin düzəldilməsi və şərab çəlləklərinin hazırlanması üçün istifadə edilmişdir.

İşğalın davam etdiyi dövrdə mineral xammal ehtiyatlarının istismarı ilə bağlı vəziyyət daha acınacaqlı olmuşdur. Bu bölgədə ötən əsrin 90-cı illərinədək 167 faydalı qazıntı yatağı kəşf edilərək ehtiyatları hesablanmış və dövlət balansında qeydiyyata alınmışdır. İşğal dövründə qızıl, gümüş, mis, civə, daş kömür, müxtəlif növ tikinti materialları, yeraltı şirin sular və termal-mineral su yataqları olmaqla 52 yataq istismar olunaraq talan edilmişdir”, – deyə o əlavə edib.

Müsahibimizinin sözlərinə görə, Şərqi Zəngəzur və Qarabağ ölkəmizin su ehtiyatları baxımından çox zəngin bölgəsidir:

“Həmin ərazilərdə 14 əsas çay, 9 su anbarı, ekoloji əhəmiyyətə malik 7 göl və təbii mineral bulaqları mövcuddur. Azərbaycan və Ermənistan arasında yerləşən 4 əsas transsərhəd çay – Araz, Bəsitçay, Bərgüşadçay və Oxçuçay ekoloji nəzarətdən kənar qalması nəticəsində uzun illər çay hövzəsinin çirklənməsi haqqında dəqiq məlumatların əldə edilməsi mümkün olmamışdır. Lakin ərazilərin azad olunmasından sonra həmin transsərhəd çaylar üzərində mütamadi olaraq analitik nəzarət həyata keçirilmiş, su və dib çöküntüsü nümunələri götürülərək üzərlərində üzvi-kimyəvi təhlillər aparılmışdır. Təhlillər zamanı müəyyən edilmişdir ki, bu çaylar xüsusilə də, Oxçuçay çayı Ermənistan ərazisində yerləşən “Qacaran mis molibden” və “Qafan mis saflaşdırma” kombinatlarının təmizlənməmiş istehsalat suları, eləcə də, Qafan və Qacaran şəhərlərində formalaşan məişət-çirkab suları ilə davamlı olaraq çirkləndirilir. Hazırda çayın yatağı ekoloji fəlakət zonasına çevrilmişdir. Hətta çayın suyu o qədər çirklidir ki, ondan təsərrüfat məqsədləri üçün də istifadə edilməsi məqsədə müvafiq hesab edilmir”.

Eskpert çox təəssüflə bildirib ki, eyni zamanda Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonları ərazisində hidrometeoroloji müşahidələrin aparılması və erkən xəbərdarlıqların verilməsi məqsədilə fəaliyyət göstərmiş  48 hidrometeoroloji stansiya və məntəqədən ibarət şəbəkə də tamamilə dağıdılmışdır:

“Həmin ərazilərdə hidrometeoroloji müşahidələrin aparılmaması təkcə Azərbaycanda deyil, həmçinin regional səviyyədə hidrometeoroloji işarətin öyrənilməsində, xüsusən də, meteoroloji proqnozların tərtib edilməsində ciddi problemlər yaratmışdır.

Əlbəttə ərazilərin mina təhlükəsi baxımından monitorinqlərin tam başa çatdırılması mümkün olmamışdır. Ərazilər minalardan və partlamamış hərbi sursatllardan təmizləndikcə monitorinqlərin keçirilməsi və məhv edilmiş təbiət obyektlərinin qiymətləndirilməsi işləri davam etdiriləcəkdir”.

Ekolologiya üzrə mütəxəssis saytımıza olan açıqlamasında onu da vurğulayıb ki, Azərbaycan 20-dən çox beynəlxalq ekoloji konvensiya və protokollara qoşulmuş, həmçinin ekologiya sahəsində çoxsaylı beynəlxalq təşkilatlarla əməkdaşlıq edir:

“Şərqi Zəngəzur və Qarabağ ərazisində törədilən ekoloji terror faktları ilə bağlı həmin konvensiya təşkilatlar məlumatlandırılaraq, onlara çağırışlar edilmişdir. Təəssüf hissiylə qeyd etmək istərdim ki, 30 ilə yaxın müddətdə bütün müraciətlərimiz cavabsız qalmış və həmin ərazilərdə törədilmiş ekoloji terrorla bağlı hər hansı bir mövqe bildirilməmişdir. Ekoloji terror faktlarına qiymət verilməsi üçün səylərimizi davam etdirməklə yanaşı, işğaldan azad  olunmuş ərazilərdə ekoloji bərpa istiqamətində işlərə başlanılmışdır. Onu da qeyd edim ki, ilk günlərdən, yəni bu ilin əvvəlindən Zəngilan rayonu ərazisində meşə fondu torpağında 2 ha. meşə-bərpa işləri aparılmış, eləcə də Zəngilan, Qubadlı, Füzuli və Ağdam rayonlarında qeyri-meşə fondunda xeyli yaşıllıq sahələri salınmışdır.

Ümumiyyətlə, meşə bərpası məqsədilə hazırda “İşğaldan azad edilmiş ərazilərdə 2022-2026-cı illər üzrə meşə fondunun bərpası proqramı” hazırlanır və həmin proqram çərçivəsində 29 min ha. meşə fondunun bərpa edilməsi nəzərdə tutulur. Həmçinin digər sayda su hövzələrinin mühafizəsi ilə ilə əlaqədar hazırda 10 çay üzərində 11 hidroloji məntəqənin quraşdırılması işlərinə başlanılması nəzərdə tutulur və digər hidrometeoroloji stansiyaların bərpasının da növbəti illərdə həyata keçirilməsi aparılacaqdır”.

“Bir məsələni də qeyd edim ki, Şərqi Zəngəzur və Qarabağda müasir texnologiyaların tətbiqi ilə “Ağıllı şəhər”, “Ağıllı kənd” və “Yaşıl enerji zonası” konsepsiyalarının reallaşdırılması regionun unikal təbiətinin qorunulmasına, insan və təbiət arasında tarazlığın tənzimlənməsinə və sağlam həyat tərzinin təmin edilməsinə şərait yaradacaqdır.

Əlbəttə məhv edilmiş təbiət obyektlərinin  və bütövlükdə ekosistemin bərpası Ekolojiya və Təbii Sərvətlər Nazirliyinin prioritet fəaliyyət istiqamətlərindəndir. Bu istiqamətdə zəruri tədbirlər həyata keçirilməsi işləri davam etdirilir.”, – deyə ekoloq fikirlərini tamamlayıb.

Rafi MÜSLÜMOV

Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “ekologiya və ətraf mühitin mühafizəsi” istiqaməti üzrə hazırlanmışdır.