Ermənistan seçim QARŞISINDA: Revanşizm yoxsa dinc qonşuluq…backend

Ermənistan seçim QARŞISINDA: Revanşizm yoxsa dinc qonşuluq…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən Müharibəsi Azərbaycanın möhtəşəm qələbəsi ilə yekunlaşdı. Ordusu darmadağın edilən Ermənistanda isə artıq 4 aydan çoxdur ki, siyasi böhran, cəmiyyətdə ruh düşkünlüyü və iqtisadi ümidsizlik gündən-günə güclənir.

Bəs Qarabağla bağlı işğalçılıq planları uğursuzluğa düçar olan Ermənistanın gələcək siyasi-iqtisadi perspektivi nədən ibarətdir? Erməni xalqı revanşizm yoxsa mehriban qonşuluq siyasətinə üstünlük verəcək?

 

Mövzu ilə bağlı Modern.az-a danışan politoloq Zərdüşt Əlizadənin sözlərinə görə Ermənistanın bir dövlət kimi mövcudluğu Azərbaycan və Türkiyə ilə qonşuluq əlaqələrini bərpasından keçir.

“Əgər onlar qisasçılıq niyyətlərini davam etdirsələr,  Ermənistan dövlətinin, erməni xalqının gələcəyi olmayacaq. Bununla belə qənaətə gəlmək olar ki, iki yol var. Birinci yol mehriban qonşuluq, əməkdaşlıqdır. Bu zaman təhlükəsizlik də, inkişaf da olacaq. Digər yol isə qisasçılıqdır. Yəni Ermənistan hakimiyyəti xalqı yenidən səfərbər edib, ordu qurmağa başlayacaq. Bu halın davam etməsi erməniləri bir millət, dövlət kimi məhvə gətirib çıxaracaq”.

 

Jurnalist Asif Nərimanlı isə hərbçilərin müqavimətinə, müxalifətin revanşist çağırışlarına baxmayaraq, Paşinyan hökumətinin Azərbaycan Ordusunun yaratdığı mövcud reallığı qəbul etdiyini söyləyir.

“Azərbaycanın regionda yeni platforma təklif edir. Biz Ermənistanı da həmin platformada görürük. Şəhərlər açılır, iqtisadi imkanlar genişlənir. Bu Ermənistanın xalqının dövlətçiliyinin gələcəyi üçün müsbətdir. Azərbaycanın Qarabağ münaqişəsini həll etməsi Ermənistan üçün də yeni imkanlar yaratdı. Paşinyan hakimiyyəti bu proseslə razılaşır və başa düşür ki, Ermənistanın xilası bu əməkdaşlıqdadır”.

Ekspertin fikrincə, prosesin tam həyata keçməsinə Rusiya mane olur.

“Rusiya daimi olaraq qarşıdakı illərdə Azərbaycan və Ermənistan arasında müəyyən bir qarşıdurma, anlaşılmazlığın olmasında maraqlıdır. Belə görünür ki, bu yalnız indiki hakimiyyətdə yox, revanşistlərin qayıdacağı təqdirdə baş verə bilər. Paşinyan hakimiyyəti qalib gələrsə, bu Ermənistanın gələcəyi baxımından müsbətdir. Fikrimcə, Ermənistanda əhalinin əksəriyyəti də bunu istəyir. Paşinyanın keçirdiyi mitinqlərə baxdıqda siyasi müxalifətlə revanşistlərin tərəfində olan əslində isə hakimiyyətə gəlmək üçün bu tərəfi seçən siyasi müxalifətin çıxardığı elektoratla, Paşinyanın çıxardığı elektorat arasında böyük fərqlər var. Ermənistanda əhalinin münaqişədən bezdiyinin, buna görə çətin həyat yaşadıqlarının şahidi olarıq. Sülhpərvərlərin hakimiyyətdə qalması Ermənistanın gələcəyi, regionun inkişafının təmin edilməsi üçün böyük rol oynayır. Sülhpərvərlər hakimiyyətdə qalarlarsa, 9 noyabr razılaşmasının həyata keçiriləcəyini düşünürəm.

 

Asif Nərimanlının fikrincə, revanşistlərin qələbəsi Ermənistanın gələcəyi üçün təhlükəlidir.

“Revanşistlərin qalib gəlməsi Ermənistan və Paşinyan üçün müsbət nəticələnməyə bilər. Onların yolu həbsxanadan keçəcək. Çünki müharibənin məğlubiyyətini onların üzərinə yıxacaqlar. Ermənistanın gələcəyi ilə bağlı problemlər yaranacaq. Digər tərəfdən revanşistlərin qalib gəlməsi ilə Ermənistanın qərbdən uzaqlaşma hallarının şahidi olacağıq. Revanşistlər hakimiyyətdə qaldığı müddətdə Dağlıq Qarabağ faktoru üzərindən çıxış edib, müəyyən bir əhali üzərindən təsir imkanları qazana bilərlər. Fikrimcə revanşistlərin hakimiyyətdə qalması, qalib gəlməsi Ermənistan dövləti üçün ciddi təhlükə olacaq. Ən böyük zərbə Ermənistanın özünə dəyəcək. Burada erməni xalqının önündə iki seçim var. Ya normal yaşayacaqlar, ya da ki, əvvəlkindən daha pis vəziyyətə düşəcəklər. Hələ ki, bu qarşıdurma davam edir. Tezliklə bitəcəyini də düşünmürəm”.

 

İnterpress.az