Bu gün görkəmli siyasi xadim, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür.
İnterpress.az xəbər verir ki, bu münasibətlə ölkə boyu bir çox müəssisələrdə tədbirlər keçirilməkdədir. Ölkənin önəmli istehsal müəssisələrindən biri olan “Fortis Group” MMC-də də Ulu Öndərin doğum gününə həsr olunmuş tədbir keçirilib.
Öncə Müşahidə Şurasının Sədri Cəmil Rüstəmxanlı başda olmaqla şirkətin rəhbər heyəti Ulu Öndərin müəssisə ərazisindəki büstü qarşısında əklil qoyaraq dahi lideri yad ediblər.
Daha sonra şirkətin akt zalında bu münasibətlə toplantı təşkil olunub.
Tədbirdə çıxış edən müəssisənin İdarə Heyətinin sədri Asif İbrahimov Heydər Əliyev şəxsiyyətinin Azərbaycan tarixində tutduğu yerdən danışaraq indi hər birimizin fəxrlə “Mən Azərbaycanlıyam!” deyə bilməsinin memarının məhz Ulu Öndər olduğunu vurğulayıb. O, çıxışını H.Əliyevin “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” frazası ilə yekunlaşdırıb.
Müəssisənin Baş Mühəndisi Mədət Rüstəmxanlı da söz alaraq dahi liderlə bağlı öz xatirələrini paylaşıb, H.Əliyevin zəhmətkeşlərə hər zaman xüsusi diqqətlə yanaşdığını vurğulayıb.. O, öz çıxışı boyunca fərqli zaman kəsimlərində Heydər Əliyevin Azərbaycan üçün etdiyi önəmli yatırımlardan bəhs edib. Onun təqdim etdiyi faktlar tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb.