Gürcüstan polisi müxalif “Vahid Milli Hərəkat” Partiyasının Tbilisidəki mərkəzi ofisinə hücumla bağlı istintaqa başlayıb.
İnterpress.az “News Georgia”ya istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, cinayət işi əmlakın zədələnməsi və ya məhv edilməsi (Gürcüstan Cinayət Məcəlləsinin 187-ci maddəsi) maddəsi ilə açılıb. Şübhəlilərin həbsi barədə hələlik məlumat verilmir.
Müxalifət partiyası qaldırılan maddə ilə razılaşmır. Onlar hesab edirlər ki, istintaq sabit silahlı qrup yaratmaq və ya ona rəhbərlik etmə (12 ildən 20 ilədək azadlıqdan məhrumetmə cəzası) və ya qrup şəklində zorakılığın təşkili (7 ilədək həbs) maddəsi ilə davam etdirilməlidir.
Qeyd edək ki, bu gün səhər saatlarında Gürcüstanın “Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisinə hücum edilib. Hücumda 100-ə yaxın adam iştirak edib. Ofisin fasadı zədələnib, pəncərələri sındırılıb, avadanlıqlar ziyan görüb.