Hacı Şahinin yerinə təyin olunan imama sui-qəsd təşkil olunub – Məhkəməsi keçirilirbackend

Hacı Şahinin yerinə təyin olunan imama sui-qəsd təşkil olunub – Məhkəməsi keçirilir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Məşədi Dadaş” məscidinin imamına qarşı sui-qəsddə, iki və daha çox şəxsi öldürməyə cəhd etməkdə təqsirləndirilən Hüseynov Elşən Fəxrəddin oğlunun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

İnterpress.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.
Qeyd olunub ki, Elşən Hüseynov 1983-cü ildə Bakı şəhərində anadan olub, rəsmi heç yerdə işləməyib.

Məhkəmədə onun hüquq və vəzifələri izah edilib. Elşən Hüseynov dövlət hesabına vəkillə təmin edilib.

Prosesdə təqsirləndirilən şəxsin səhhəti ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Təcridxanasından Penitensiar Xidmətin Müalicə Müəssisəsinə köçürülməsi ilə bağlı müraciət olunub.

Proses avqustun 2-də davam etdiriləcək.

Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidmətində aparılan araşdırmalarla müəyyən olunub ki, 2023-cü ilin dekabrın 30-da Elşən Hüseynov Nəsimi rayonunda yerləşən “Məşədi Dadaş” məscidinə bıçaqla daxil olaraq oranın imamı olan və ictimai xadim sayılan Əli Şərbətovun xidməti fəaliyyətinə son qoymaq niyyəti ilə ona sui-qəsd etmək qərarına gəlib.

Elşən Hüseynov Əli Şərbətovun otağına daxil olmaq istəyərkən məscidin xidmətçisi Rəsul Həsənli onun qarşısını alıb. Bu zaman Elşən Hüseynov Rəsul Həsənlini qəsdən öldürmək məqsədilə ona çoxsaylı bıçaq xəsarətləri yetirib. Elşən Hüseynov Rəsul Həsənlinin müqaviməti səbəbindən Əli Şərbətovun xidməti otağına girə bilməyib. Bu səbəbdən o, Əli Şərbətova sui-qəsd istəyini reallaşdıra bilməyib.

Elşən Hüseynova Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən AR Cinayət Məcəlləsinin 29.120.2.3 (zərərçəkmiş şəxsin xidməti vəzifəsini yerinə yetirməsi ilə əlaqədar onun özünü öldürməyə cəhd), 29, 120.2.6 (başqa cinayəti gizlətmə məqsədi ilə adam öldürməyə cəhd) 29.120.2.7 (iki və ya daha çox şəxsi öldürməyə cəhd), 29.120.2.11 (Terrorçuluqla əlaqədar adam öldürməyə cəhd), 29.120.2.12 (dini ədavət niyyəti ilə adam öldürməyə cəhd) və 277-ci (Dövlət xadiminin və ya ictimai xadimin həyatına sui-qəsd etmə) maddələri ilə ittihan irəli sürülüb.