“Haribo” marmeladlarında kannabis (narkotik vasitə) tapılıb. Məlumata görə, Hollandiyada alıcılar kütləvi şəkildə halsızlıqdan şikayətləniblər və xəstəxanalarda onlara narkotik intoksikasiyası diaqnozu qoyulub. Müayinə kola ətirli saqqızlarda həqiqətən narkotik olduğunu təsdiqləyib.
Bəs ölkəmizdə satış yerlərində satılan bu məhsulun vəziyyəti nə yerdədir, istehlakçılar “Haribo”nu əminliklə ala bilərlərmi?
Mövzu ilə bağlı İnterpress.az-ın suallarını qida eksperti İlkin Şirinov cavablandırıb.
Ekspert bildirib ki, Azərbaycana gətirilə məhsullar AQTA tərəfindən diqqətlə yoxlanıldığı üçün alıcılar əminliklə “Haribo” marmeladlarını alıb yeyə bilər.
“Hansısa məhsul haqqında həmin ölkənin mediası və yaxud aidiyyəti qurumları məlumat paylaşırsa, bu o demək deyil ki, o məhsul haqqında paylaşılan məlumat bizdə də öz təsdiqini tapır. Bu qətiyyən belə deyil. Bu məsələnin birinci tərəfi.
İkinci bir tərəfdən, hansısa məhsul haqqında fikir söyləmək üçün birinci növbədə həmin məhsulun Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) laborator nəticələri önəmlidir. Həmin laborator nəticələr, müayinə nəticələri onun haqqında söylənilən fikirlər ilk öncə həmin nəticələrə bağlıdır. Bu məsələnin digər bir tərəfi.
Üçüncü bir tərəfdən, hansısa bir ölkənin, hansısa bir məhsulu haqqında fikir söyləyirsə və yaxud onun məhsulu haqqında hansısa bir qərar verirsə, mən inanmıram ki, bizim ölkəmizdə satılan məhsulla bir əlaqəsi olsun.
Çünki yenə deyirəm, bu günlər ölkəyə gətirilən bütün qida məhsulları AQTA nəzarətindən keçdikdən sonra satışa verilir. Həmçinin bütün nəticələr də Qida Təhlükəsizliyi Agentliyinin laboratoriyalarında yoxlandıqdan sonra haqqında qərar verilir – ya satışı davam etdirilir, ya da satışdan çıxarılır”, – ekspert fikrini tamamlayıb.
Xuraman Etibarlı
İnterpress.az