Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB Moskvada qanvermə aksiyası keçiribbackend

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və RAGB Moskvada qanvermə aksiyası keçirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşəbbüsü, Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin dəstəyi ilə Moskvada “Qanın milliyyəti yoxdur” adlı ənənəvi qanvermə aksiyası keçirilib.

İnterpress.az xəbər verir ki, COVID-19 xəstələrinin müalicəsinə yönəlmiş aksiya 28 May – Respublika Gününə həsr olunub.

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin kilinik transfuziologiya və hematologiya kafedrasında baş tutan aksiyada koronavirus infeksiyasından sağalmış şəxslərdən plazma götürülüb. Həmin plazmadan COVID-19 xəstələrinin müalicəsi üçün istifadə ediləcək.

Birinci Moskva Dövlət Tibb Universitetinin Qan Mərkəzinin rəhbəri, tibbi elmləri doktoru, professor Əliheydər Rəhimov jurnalistlərə bildirib ki, Rusiya Azərbaycanlı Gənclər Birliyi və Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin təşkilatçılığı ilə hər il mərkəzdə qanvermə aksiyası keçirilir.

“Bu aksiya çox böyük fayda verir. Xəstələrin müalicəsi, bəzən isə onların həyatını xilas etmək üçün donor qanına böyük ehtiyac duyulur. Budəfəki aksiya isə çətin dövrə təsadüf edib. Moskva artıq iki aya yaxındır ki, özünütəcrid rejimində yaşayır. Buna görə də donorların sayı məhduddur. Bildiyiniz kimi, COVID-19 virusunu daşıyan xəstələrin müalicəsində qanın komponentlərindən olan plazma tələb edilir. Həmin xəstələr üçün plazmafares müalicəsi tətbiq olunur və koronavirusdan sağalmış xəstələrin qan plazmalarından istifadə edilir”, – deyə o bildirib.

Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin belə bir dönəmdə qanvermə aksiyası keçirməsini təqdirəlayiq hesab edən professor Ə.Rəhimov aksiyada iştirak edənlərə təşəkkürünü bildirib.

RAGB İdarə Heyətinin üzvü, tibb elmləri namizədi Samir Əliyev Moskvada “Qanın milliyyəti yoxdur” qanvermə aksiyasının ənənəvi təşkil olunduğunu qeyd edərək vurğulayıb ki, bu il həm koronavirus xəstələri, həm də digər xəstəliklərdən əziyyət çəkən pasiyentlər üçün qan verilib. RAGB-in üzvü olan gənclər aksiyada fəal iştirak ediblər.

Qeyd edək ki, Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi və Rusiya Azərbaycanlı Gənclər Birliyi tərəfindən artıq 11-ci ildir ki, qanvermə aksiyası keçirilir. “Qanın milliyyəti yoxdur” adı ilə keçirilən bu aksiya bu il koronavirus epidemiyasının yayıldığı dövrə təsadüf edib.

 

İnterpress.az