Hikmət Hacıyev: Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndiririkbackend

Hikmət Hacıyev: Paşinyanın Londonda İlham Əliyevlə görüşdən imtinasını sülh gündəliyindən geri çəkilmək kimi qiymətləndiririk

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Böyük Britaniya tərəfindən Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında görüş təklif olunmuşdu, lakin Paşinyan bu görüşdən imtina edib.

İnterpress.az xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri, Azərbaycan Prezidentinin köməkçisi Hikmət Hacıyev “Report”un sualını cavablandırıb:

– Hikmət müəllim, Avropa Siyasi İcmasının Londonda keçirilən görüşü çərçivəsində Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi nəzərdə tutulurdu. Bu, baş tutacaqmı?

– Avropa Siyasi İcmasına ev sahibliyi edən Böyük Britaniya tərəfindən belə bir görüşün keçirilməsi təklifi ilə çıxış edilmişdir və bunun Münxen Təhlükəsizlik Konfransında Azərbaycan Respublikasının Prezidenti və Ermənistanın baş naziri arasında baş tutmuş görüş formatında olması təklif olunurdu. Belə ki, Münxen Təhlükəsizlik Konfransında da Almaniyanın kansleri Olaf Şolts görüşün əvvəlində iştirak etmiş və bundan sonra görüş ikitərəfli formatda Azərbaycan və Ermənistan arasında davam etmişdi. Böyük Britaniya tərəfindən ev sahibi olaraq eyni formatlı görüş təklif olunurdu.

Amma Ermənistan tərəfi bundan imtina etdi. Belə ki, görüşün əvvəlində Britaniya Baş nazirinin iştirakı, sonra isə görüşün Azərbaycan və Ermənistan arasında davam etməsi formasında olmalı idi. Ermənistanın bu görüşdən imtina etməsini biz onun dialoqdan və sülh gündəliyinin irəli aparılmasından geri çəkilmək niyyətinin bir təzahürü kimi qiymətləndiririk.

Müxtəlif platformalarda Ermənistan sülh haqqında danışdığı halda sülh gündəliyinin irəli aparılmasına xidmət edən görüşdən imtina etməsi heç bir halda başadüşülən deyildir və beynəlxalq ictimaiyyət özü bunu dəyərləndirməlidir ki, Ermənistan əslində dialoq imkanlarını qiymətləndirmək, irəli aparmaq əvəzinə bundan imtina edir. Biz Böyük Britaniyanın belə bir sülh təşəbbüslüyünü öz tərəfimizdən yüksək qiymətləndiririk.