Hindistan donanması Ərəb dənizində Somali quldurları tərəfindən qaçırılan gəmidə olan 19 pakistanlı ekipajı xilas edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Somali sahillərində dəniz quldurları ilə mübarizə və dəniz təhlükəsizliyini təmin etmək üçün təyin edilmiş “INS Sumitra” adlı döyüş gəmisinin uğurlu əməliyyat keçirdiyi bildirilib.
Somalinin şərq sahillərində dəniz quldurları tərəfindən qaçırılan “Əl Naeemi” balıqçı gəmisinin və 19 nəfərlik heyətinin 11 Somalili dəniz quldurunun əlindən xilas edildiyi bildirilib.
Hindistan Hərbi Dəniz Qüvvələrinin sözçüsü qeyd edib ki, INS Sumitra gəmini dayandırıb və bütün ekipaj quldurlardan təhlükəsiz şəkildə xilas edilib.
Digər tərəfdən, yanvarın 28-də dəniz quldurları tərəfindən qaçırılan İran bayraqlı “İman” balıqçı gəmisinin heyətini də “INS Sumitra”nın xilas etdiyi bildirilib.