Almaniya Berlin CSD hücumundan sonra islamizmə qarşı tədbirləri sərtləşdirir.
İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Almaniyanın daxili işlər naziri Aleksandr Dobrindt və ədliyyə naziri Stefanie Hubiq islamçı terror təhlükəsinə qarşı 10 bənddən ibarət tədbirlər planı təqdim ediblər.
Plana əsasən, təhlükəli hesab edilən islamçıların elektron qolbaqlarla daha sıx nəzarətdə saxlanılması, federal və yerli qurumlar arasında məlumat mübadiləsinin genişləndirilməsi, həmçinin cinayət şübhəsi və ya təhlükəli vəziyyət olduqda telefon əlaqələri barədə məlumatların müvəqqəti saxlanılması nəzərdə tutulur.
Bundan əlavə, “İslam Dövləti” terror təşkilatının təbliğat materiallarının yayılmasına görə cəzaların sərtləşdirilməsi və terror təşkilatları üçün pul toplama ilə bağlı ayrıca cinayət maddəsinin yaradılması təklif edilir.
Bıçaq və digər təhlükəli alətlərlə törədilən, insan həyatı və ya sağlamlığı üçün ciddi təhlükə yaradan hücumlara görə isə ən azı 1 il həbs cəzasının tətbiqi planlaşdırılır.
Tədbirlər planının hazırlanmasına 25 iyulda Berlin CSD tədbiri zamanı baş verən və bir qadının ölümü, 30-dan çox şəxsin yaralanması ilə nəticələnən hücum səbəb olub.
Almaniya hakimiyyəti hadisəni islamçı terror aktı kimi qiymətləndirib.
Xuraman Etibarlı
İnterpress.az






