İstanbulda səs verən azərbaycanlı tələbə: “Son dərəcə sevincliyəm”backend

İstanbulda səs verən azərbaycanlı tələbə: “Son dərəcə sevincliyəm”  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İstanbulda azərbaycanlı tələbələr arasında yüksək seçici fəallığı nümayiş olunub. 

Növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkiləri ilə əlaqədar ölkəmizin Türkiyənin İstanbul şəhərindəki Konsulluğunda yaradılan seçki məntəqələrində səsvermə davam edir. Qardaş ölkənin bu şəhərində yaşayan Azərbaycan vətəndaşları məntəqələrə axışaraq səs verirlər. Xüsusən İstanbuldakı təhsil müəssisələrində oxuyan azərbaycanlı tələbələr arasında yüksək seçici fəallığı nümayiş olunur. Bu şəhərdə təhsil alan azərbaycanlı tələbələrdən biri də Fatimə Abbasovadır.

O,İnterpress.az-a açıqlamasında ilk dəfə səsvermə hüququndan istifadə etdiyini bildirib.

Müsahibimiz deyir ki, əvvəlki seçkilərdə yaşının az olması ilə əlaqədar səsvermələrdə iştirak etməyib, amma səsvermə hüququna çatdıqdan sonra ilk dəfə səs vermək imkanı məhz bu seçkilərə təsadüf edib.

O, buna görə də özünü sevincli və xoşbəxt hiss etdiyini söyləyib:

“Son dərəcə qürurluyam. İlk dəfə səsvermə hüququmdan belə tarixi gündə – prezident seçkilərində istifadə edirəm”.

Hazırda Erasmus proqramı üzrə təhsilini İstanbulda davam etdirən Fatimə Abbasova İstanbuldakı Baş Konsulluğumuzda yaradılan məntəqələrdə seçkilərin yüksək səviyyədə təşkil edildiyini, insanların bayram ovqatında məntəqəyə gəldiyini deyib:

“Hamı məni təbrik edir. Bilirsiniz, bu, ayrı bir hissdir. Bu dəfə səsvermə ölkəmizin bütün ərazisində keçirilir. Torpaqlarımız azaddır! Mən əminəm ki, ən çox səslə Prezident seçiləcək namizəd dövlətimizin maraqlarını, ölkəmizin inkişafını, xalqın rifahını təmin edərək daha işıqlı gələcəyə aparacaq. Mən bu seçkini zəfər seçkisi adlandırıram”.

Qeyd edək ki, Türkiyədə Azərbaycan vətəndaşlarının sıx yaşadığı nəzərə alınaraq və seçki qanunvericiliyinə uyğun olaraq qardaş ölkədə 5 seçki məntəqəsi yaradılıb. Səfirliyimizin inzibati binasında 46 və 47 saylı seçki məntəqələri ilə yanaşı, İstanbuldakı baş konsulluqda 53 və 54, Qarsdakı baş konsulluqda isə 55 saylı seçki məntəqələri bu gün eyni vaxtda fəaliyyət göstərir.