İtaliyada fermerlər bəzi şəhərlərdə traktorları ilə yollara çıxaraq Avropa İttifaqının (Aİ) kənd təsərrüfatı siyasətlərinə etirazlarını davam etdirirlər. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Kənd təsərrüfatı siyasətlərinin, xüsusilə Aİ-nin “Yaşıl Müqavilə” proqramının etiraz edildiyi ölkələr sırasına əlavə edilən İtaliyada fermerlər bu gün bəzi şəhər və yollarda traktorları ilə etiraz aksiyası keçiriblər.
Fermerlər traktorlarını ölkənin şimal-cənub arteriyası olan A1 şossesinin Milanın girişindəki Melegnano məntəqəsində yol kənarında saxlayıb və “Fermer yoxdur, yemək yoxdur” və “Biz hazırıq” yazılı plakatlar və İtaliya bayraqları asıblar.
Milan yaxınlığında keçirilən aksiyada 100-ə yaxın traktor iştirak edib.
İtaliya mətbuatında çıxan xəbərlərə görə, Milan yaxınlığındakı bu nümayişdən başqa, 250-yə yaxın traktorla fermerlər A1 magistralının Valdiçiana yerində etiraz ediblər.
Lodi, Qrosseto, Kalyari və Leççe şəhərlərində bir çox fermer öz traktorları ilə yollara çıxıb.
İtaliyada fermerlər Aİ-nin “Yaşıl sövdələşmə” proqramına və kənd təsərrüfatı sektoruna tətbiq edilən vergilərə etiraz edərək, sintetik qidalara daha sərt qaydalar qoyulmasını tələb edirlər.
Avropada fermerlər fəaliyyətdədir
Son zamanlar həyata keçirilən kənd təsərrüfatı siyasəti bir çox Aİ ölkələrində, xüsusilə Almaniya, Fransa, İspaniya, Hollandiya, Belçika, Polşa, İtaliya və Macarıstanda fermerləri qane etmir.
Əksər Avropa ölkələrində fermerlər qarşılaşdıqları problemlərə diqqət çəkmək üçün traktorları ilə aksiyalar təşkil edirlər.
Aİ-də fermerlər İttifaqın kənd təsərrüfatı siyasətini, təbiətin bərpası hədəflərini, subsidiyaların azaldılmasını, Rusiya-Ukrayna müharibəsi nəticəsində yaranan yüksək enerji, yanacaq və gübrə xərclərini, Ukraynadan ucuz taxıl məhsulları və suya qənaət tədbirlərini şiddətlə tənqid edirlər.
Fermerlər Aİ-ni “Yaşıl Sövdələşmə çərçivəsində karbon gübrələri və pestisidlərin istifadəsi ilə bağlı sərt qaydalar tətbiq etməklə kənd təsərrüfatı istehsalını çətinləşdirdiyinə” görə tənqid edirlər.