Marneuli rayonunun Kəpənəkçi kəndində Aşıq Kamandar Əfəndiyevin ev muzeyinin təmirdən sonra təntənəli açılış mərasimi keçirilib. 24News.ge xəbər verir ki, mədəniyyət ocağının təmirini Türkiyənin Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) həyata keçirib. Mərasimdə Azərbaycanın mədəniyyət naziri Anar Kərimov, Gürcüstanın mədəniyyət, idman və gənclər nazirinin birinci müavini Kaxa Sixarulidze, Azərbaycan və Türkiyənin Gürcüstandakı səfirləri – Faiq Qulyev, Fatma Ceren Yazqan, TİKA nümayəndələri, Marneuli bələdiyyəsinin rəhbər şəxsləri, aşığın yaxınları və kənd sakinləri iştirak ediblər. K.Sixarulidze çıxışında deyib ki, Aşıq Kamandar sənəti Gürcüstanla yanaşı, ölkə hüdudlarından kənarda da tanınır:“Gürcüstan musiqisi zənginliyi ilə seçilir, ölkədə aşıq və folklor sənətinə böyük dəyər verilir”. Nazir müavini söz ustadının muzeyinin təmirinə göstərdiyi dəstəyə görə Türkiyə tərəfinə minnətdarlığını bildirib. Daha sonra çıxış edən A.Kərimov bugünkü günü tarixi gün adlandırıb: “Simvolikdir ki, qardaş Türkiyə ilə birgə Gürcüstanda Azərbaycan mədəniyyətinə aid ocağın açılışında iştirak edirik. Tarixin bütün dövrlərində azərbaycanlılar, türklər və gürcülər dostluq şəraitində yaşayıblar və bir-birinin mədəniyyətlərinə böyük hörmət bəsləyiblər”. Onun sözlərinə görə, Aşıq Kamandar fitri istedada sahib olub və əsərləri kamillik nümunəsidir: “Onun əsərlərinin hər bir sətrində fəlsəfi düşüncə var, ecazkar səsindən nümunələr həm Gürcüstan, həm qardaş Türkiyə, həm də Azərbaycanın qızıl fondlarına daxil edilmişdir”. Nazir muzeyin dövlət qeydiyyatına alınmasına görə Gürcüstan hökumətinə təşəkkürünü bildirib. Səfir Faiq Quliyev çıxışında muzeydə Azərbaycan aşıq sənətinin təbliğ olunacağına əminlik ifadə edib: “Muzey Gürcüstanda saz-söz sənətinin inkişafında böyük xidmət göstərəcək. Ümid edirəm ki, Gürcüstandakı Azərbaycan mədəni irsinə aid digər abidələr də bərpa olunaraq dövlət qeydiyyatına alınacaq”. Fatma Ceren Yazqan çıxışında Gürcüstanda aşıq sənətinin zəngin tarixi olduğunu deyib: “Muzeydə həm gürcü, həm də azərbaycanlı böyüklər və uşaqlar aşıq sənətini öyrənməli və yaşatmalıdırlar. Biz də Türkiyədən gələn qonaqları bu evlə böyük qürurla tanış edəcəyik”. Mərasimin rəsmi qonaqları aşıq sənətinin təbliğindəki xidmətlərinə görə “Aşıq Kamandar” medalı ilə təltif olunublar. Daha sonra yerli aşıqların ifasında nəğmələr təqdim olunub. Qeyd edək ki, sözügedən tədbirdən hazırlanan daha geniş reportajı axşam saat 20:30-da xəbər portalımızda yayımlanan “Xəbər Vaxtı” informasia buraxlışında izləyə bilərsiniz.