Kolumbiyada hökumət bandalarla mübarizə çərçivəsində bütün ölkədəki həbsxanalarda “fövqəladə vəziyyət” elan etdiyini açıqlayıb.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
Ədliyyə naziri Nestor Osuna keçirdiyi mətbuat konfransında qərarın son həftələrdə həbsxana məmurlarına qarşı törədilmiş zorakılıq hadisələri səbəbindən verildiyini bildirib.
Təhlükəsizlik qüvvələrinin xüsusilə sıxlıq olan həbsxanalarda əməliyyatlar həyata keçirə biləcəyini ifadə edən Osuna deyib: “Milli Həbsxana İnstitutu INPEC ilə görüşümüzdən sonra ‘Fövqəladə vəziyyət elan etmək qərarına gəldik. Məqsədimiz həbsxanalardakı mühafizəçilərin təhlükəsizliyini təmin etməkdir”.
Osuna həbsxanalarda “sürpriz basqınlar və axtarışlar” həyata keçirilə biləcəyini, cinayət törətdikləri aşkarlananların başqa həbsxanalara köçürüləcəyini bildirib.
Fevralın 10-da Valle del Kauka inzibati bölgəsindəki Tulua şəhərində INPEC-in yüksək vəzifəli məmurlarından biri olan Xesus Kardenas iki silahlı şəxsin hücumuna məruz qalıb və ölüb.
Hücumun həbsxanalara bağlı dəstə üzvləri tərəfindən həyata keçirildiyi təxmin edilir.
Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat zamanı “La İnmaculada” adlı dəstə başçısı və “Nacho” ləqəbli Maurisio Marin Silva yaxalanıb.
Əməliyyatdan sonra dəstə üzvləri bir yol polisini öldürüb, 8 avtomobili yandırıblar.