İlin sonuna qədər operativ yaddaş (RAM) qiymətləri iki dəfədən çox bahalaşacaq.
İnterpress.az xəbər verir ki, bu barədə “Tom’s Hardware” nəşri məlumat yayıb.
Texnologiya istehsalçıları artıq qiymətləri sabit saxlaya bilmədiklərini bəyan ediblər.
Hazırda bazarda qiymətlərin bir qədər yüksəlməsinə baxmayaraq, pərakəndə satıcılar hələ də əvvəlki anbar ehtiyatlarını satdıqları üçün bu, hələ son hədd deyil.
Ekspertlərin fikrincə, hər növbəti ayla qiymətlər daha da sürətlə artacaq.
Bu kəskin artımın əsas səbəbi “Samsung”, “SK Hynix” və “Micron” kimi qlobal mikrosxem istehsalçılarının süni intellekt (AI) üçün lazım olan xüsusi yaddaş növlərinin istehsalına üstünlük verməsidir.
Böyük texnologiya şirkətlərinin bu sahəyə milyardlarla dollar xərcləməsi adi kompüter istifadəçiləri üçün nəzərdə tutulan standart operativ yaddaşların istehsal həcminin azalmasına gətirib çıxarıb.
Analitiklər ilin sonunadək operativ yaddaş (RAM) və sürətli yaddaş disklərinin (SSD) qiymətində 130 faizə qədər artım gözləyirlər.
Yaddaş qurğularının bahalaşması zəncirvari reaksiya ilə masaüstü kompüterlərin, noutbukların və smartfonların da qiymətlərini kəskin şəkildə yuxarı qaldıracaq.
Mütəxəssislər kompüter və digər cihazlarını yeniləmək istəyənlərə bunu indidən etməyi tövsiyə edirlər, çünki yaxın aylarda bazarda böyük qiymət artımı qaçılmaz olacaq.
Xuraman Etibarlı
İnterpress.az






